Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 19:18

Gürcüstan Konstitusiya Məhkəməsində prezidentin impiçmenti dinləmələrinə başlanıb


Kollaj: Prezidnet Salome Zurabişvili və Konstitusiya Məhkəməsi
Kollaj: Prezidnet Salome Zurabişvili və Konstitusiya Məhkəməsi

Gürcüstanın Konstitusiya Məhkəməsində prezident Salome Zurabişvilinin impiçmenti üzrə dinləmələrə başlanıb.

Prezidentin Konstitusiyanı pozmasına dair iddianı hakim “Gürcü arzusu” partiyasından olan deputatlar qaldırıblar.

İqtidar deputatları hesab edirlər ki, Zurabişvili xaricə səfər etməklə Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub.

Həmin maddəyə görə prezident ölkənin xarici siyasətini təmsil edən səfərlərini hökumətin razılığı ilə həyata keçirməlidir.

İddia ərizəsini məhkəməyə “Gürcü arzusu” partiyasından deputatlar İrakli Kobaxidze, Anri Oxanişvili, Giorgi KaxianiTengiz Şarmanaşvili təqdim ediblər.

Məhkəmədə prezidentin maraqlarını Konstitusiya Məhkəməsinin keçmiş hakimi, deputat Mayya Kopaleyşvili təmsil edir.

Hər iki tərəf bu işə ictimaiyyət üçün açıq şəkildə baxılmasını istəyib.

“Nə olacaqsa, o olacaq...”

Prezidentin özü Batumidə yerləşən Konstitusiya Məhkəməsinə getməyib.

Salome Zurabişvili bu barədə jurnalistlərin suallarına cavab verərkən deyib:

“Nə olacaqsa, o olacaq, hər şey yaxşı olacaq”.

Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib ki, Zurabişvili dinləməyə dəvət oluna bilər.

Bu, Gürcüstanın tarixində prezidentin impiçmentinə dair ilk dinləmədir.

Prezidentə impiçment elan olunması üçün 100 deputatın razılığı tələb olunur.

150 mandatlıq parlamentdə bugün fəaliyyətdə olan 140 deputat var. Parlament çoxluğuna 84, parlament müxalifətinə isə 56 deputat daxildir.

Salome Zurabişvili kimdir?

Salome Zurabişvili 2018-ci ildən Gürcüstan prezidentdir. O Fransada siyasi mühacir ailəsində doğulub və 30 il müddətində Fransa XİN-də diplomatik fəaliyyət göstərib.

O Gürcüstana 2003-cü ildə gəlib. Əvvəlcə Fransanın Tbilisidəki səfiri olub, 2004-cü ildə isə Saakaşvili hökumətinin xarici işlər naziri təyin edilib.

Elə o vaxt Gürcüstan vətəndaşlığı alan Zuravbişvili Fransa vətəndaşlığından da imtina etməyib. Məhz bu səbəbdən 2013-cü ildə keçirilən prezident seçkisində onun namizədliyi qeydə alınmayıb.

2018-ci ildə Fransa vətəndaşlığından imtina edən Zurabişvili həmin il prezident seçilib.

Zurabişvili 2005-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra müxalifətə keçmişdi. Amma o 2018-ci il seçkisində müstəqil namizəd kimi iştirak etmişdi. Buna baxmayaraq hakim Gürcü arzusu partiyası bu namizədliyi dəstəkləmişdi.

Zurabişvili 2023-cü ilin martında antihökumət etirazlarını dəstəkləməklə hakim partiya və onun hökuməti ilə qarşıdurmaya keçib.

XS
SM
MD
LG