Əfqanıstan paytaxtı Kabulun ətrafındakı Baqram aerodromu yaxınlığında maşınlarına edilmiş hücum nəticəsində NATO qüvvəsindəki Gürcüstan kontingentinin üç hərbçisi yaralanıb.
Əfqanıstandakı NATO Resolute Support missiyasının sözçüsü deyib ki, 23 noyabr hücumu nəticəsində alınmış xəsarətlər həyat üçün təhlükəli deyil.
Kapitan Tom Gresback deyib ki, hərbçilərin patrul keşiyi çəkdikləri maşının yaxınlığında motosikletə bağlanmış bomba partladılıb.
Gürcüstanın Müdafiə Nazirliyi bu xəbəri təsdiq edib və bildirib ki, əsgərlər 3-cü Piyada Briqadasının 31-ci batalyonunda xidmət edirlər.
Əfqanıstanda xidmət edən 880 hərbçisi ilə Gürcüstan 13500 əsgərlik NATO qüvvəsində ABŞ, İtaliya və Almaniyadan sonra ən aparıcı kontingent ölkəsi sayılır.
Avqust ayında elə 23 noyabr hücumunun baş verdiyi yerdə törədilmiş basqın nəticəsində bir Gürcüstan əsgəri öldürülmüş, daha 6 NATO hərbçisi yaralanmışdı.