Gürcüstanda çoxları, o cümlədən ölkə hökuməti Rusiya ilə 2008-ci il müharibəsinin anım gününü avqustun 8-də keçirir. Müxalifət nümayəndələri və beynəlxalq ictimaiyyətsə bu günü avqustun 7-də qeyd edir.
Bu haçalanma Gürcüstanda 2008-ci il müharibəsi ətrafındakı diskursun önəmli bölümü sayılan bu sualla bağlıdır: Savaşı kim başlayıb?
Tammiqyaslı müharibə Güney Osetiya və Abxaziyada günlərlə sürən gərkinlikdən qaynaqlanıb.
Beş gün sürən müharibədə 200-dən çox əsgər, 300 mülki vətəndaş həyatını itirib, minlərlə insan yer-yurdundan didərgin düşüb. Müharibədən sonra Rusiya Abxaziya və Güney Osetiyanı rəsmən tanıyıb və hər iki ərazidə özünün hərbi kontingentini ciddi ölçüdə artırıb.
Müharibəni kimin başladığı barədə nə düşünməyiniz daha çox tarixin hansı nöqtəsinə söykənmənizdən asılıdır.
2008-ci il avqustun 8-i başlar-başlamaz, Gürcüstan ordusu Güney Osetiyanın paytaxtı Tsxinvalini ağır artilleriya atəşinə tutub. Bölücü Güney Osetiyanın güvənli təminatçısı olan Rusiya bir neçə gün içində Gürcüstan ordusunu Güney Osetiyadan çıxarmaq bir yana, hətta Gürcüstanın əsas ərazisinə hücum çəkib onu vurmağa başladı.
Bir çox adam müharibənin məhz belə başladığını düşünür. Avropa Birliyinin bir il sonra hazırladığı hesabatda deyilir ki, Tsxinvalinin atəşə tutulması Gürcüstanda genişmiqyaslı müharibənin başlanğıc bölümüdür. Ancaq hesabatda savaşöncəsi təxribatçı hərəkətlərinə görə Rusiya da qınanılır.
Di gəl, bəzi gürcülər münaqişənin, əslində, Rusiya qoşunlarının Roki tunelindən Güney Osetiyaya genişmiqyaslı hərəkətindən başlandığını deyirlər. Onlar Gürcüstana hücumun uzun zamandan bəri planlaşdırıldığını söyləyirlər.
Olaysonrası bəhanə?
Rusiya qoşunlarının sözügedən hərəkəti heç vaxt sübuta yetirilməyib.
Sülh fəalı və keçmiş Barışıq və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili deyir ki, 7 avqust arqumenti ozamankı prezident Mixeil Saakaşvilinin "ex post facto" (olaysonrası) bəhanəsi idi.
"[Müharibədən sonrakı] bir il boyunca bütövlükdə heç kim avqustun 7-dən söz açmırdı. Savaşın avqustun 7-də başlaması ideyası absurddur. Bu, Saakaşvilinin öz siyasi məqsədləri üçün icad etdiyi bir ideya idi", - Zakareişvili AzadlıqRadiosuna belə deyib.
2011-ci ildə milyarder işadamı Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" partiyası Saakaşvili və onun Birləşmiş Milli Hərəkat Partiyasından qurtulmaq üçün mübarizəyə başladı. Onun apardığı kampaniyanın narrativi bu idi ki, Saakaşvili qəddarcasına müharibəyə başlayıb və Rusiyanın dağıdıcı hücumuna yol açıb.
İvanişvili 2011-ci ildə parlament seçkiləri ərəfəsində keçirdiyi mətbuat konfransında AB-nin hesabatını sübut kimi göstərərək müharibəni Gürcüstanın başladığını iddia edib.
Müharibənin başlanma tarixi ilə bağlı fikir haçalanması da bundan az sonra başlayıb. 2012-ci ildə "Gürcü arzusu" partiyasının hakimiyyətə gəlməsindən sonra baş nazir olan İvanişvili həmin il müharibənin avqustun 8-də, o zaman hələ prezident olan Saakaşvili isə 7-də başlandığını vurğulamışdı.
10 il öncə Gürcüstanda 8 avqust tarixi rəsmiləşdi
2013-cü ilin noyabrında Saakaşvili prezidentliyi də itirir və müharibənin anım günü avqustun 8-də qeyd olunmağa başlayır. "Gürcü arzusu" partiyasının siyasi narrativinə görə, müharibəni Gürcüstanın əvvəlki rəhbərliyi başlayıb və onların ("Gürcü arzusu") özü belə etməzdi.
Ancaq "Gürcü arzusu"na müxalif olanlar (onların da çoxu Saakaşvilinin siyasi müttəfiqləridir) bu tarixə dirəniş göstərməyə başladılar.
ABŞ-da daha öncə anım bəyanatları avqustun 8-də dərc edilirdisə, 2020-ci ildən bəri Vaşinqton bu tarixi avqustun 7-nə dəyişdirib. ABŞ-ın Tbilisidəki səfirliyinin sözçüsü bu dəyişikliyin səbəbi ilə bağlı sualı belə cavablayıb: "Səfirlik, Gürcüstan xalqı və beynəlxalq ictimaiyyət avqustun 7-ni Rusiyanın Gürcüstana qarşı tammiqyaslı təcavüzünün başlanğıcı kimi tanıyır".
Avropa Birliyi isə illərlə 7 avqust tarixini əsas götürüb.
Tbilisidə yaşayan kinorejissor və sülh fəalı Anna Dziapşipanın fikrincə, müharibəni kimin başlaması ətrafında çəkişmələr, əslində, nə baş verdiyi və separatçı ərazilər barədə necə düşünməli olduğumuza dair gerçək dartışmalara az yer qoyur: "Tarixlərlə bağlı bu dayaz mövzu …bizim problem barədə necə və nə danışdığımıza təsir edir. Çərçivə və səbəblər haqda düşünməyə və onları anlamağa imkan vermir. Nəticədə müharibədən çox cılız xatirə qalıb".
Düşüncələr qütbləşib
Gürcüstanda siyasət çox qütbləşib. Hətta Avropa Birliyi Gürcüstanın bu qurum üzvlüyünə namizəd olması üçün ölkə rəhbərliyinin partiyalararası əməkdaşlığa getməli olduğunu deyir.
"[2008-ci il] müharibəsi bu qütbləşmə və suçlama oyununun əsas sütunlarından birinə çevrilib", - Tbilisidə fəaliyyət göstərən "Qafqaz evi" QHT-sinin Sülh proqramının rəhbəri, təhlilçi Vano Abramaşvilinin sözləridir.
Ötən il Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlaması Gürcüstanda 2008-ci illə bağlı düşüncələri daha da qütbləşdirib. Müxalifət və "Gürcü arzusu" partiyasına qarşı olan digər qurumlar Gürcüstan müharibəsini Rusiya təcavüzü fenomeninin bir hissəsi kimi göstərməyə çalışır. Bu fenomen eyni zamanda Ukraynaya qarşı müharibəni də ehtiva edir.