Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:53

Gürcüstan aviaşirkətinə Rusiyaya uçuşlar üçün icazə verildi


Georgian Airways aviasiya şirkətinin təyyarəsi (Arxiv fotosu)
Georgian Airways aviasiya şirkətinin təyyarəsi (Arxiv fotosu)

Gürcüstanın əsas aviaşirkəti olan Georgian Airways şirkətinə Rusiyaya uçuşlar üçün icazə verilib.

Bu barədə məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.

Məlumatda deyilir ki, şirkət Rusiyaya müntəzəm uçuşları mayın 20-dən bərpa edəcək. Tbilisidən Moskvaya həftədə 7 reys nəzərdə tutulub.

Bundan bir gün əvvəl Gürcüstan hökuməti Rusiyanın Azimut aviasiya şirkətinə Gürcüstana müntəzəm uçuşlar etmək icazəsi verib.

Moskvadan Tbilisiyə ilk təyyarə mayın 19-da uçmalıdır.

Gürcüstan hökuməti bildirir ki, Gürcüstanla müntəzəm sərnişin reysləri üçün Rusiyanın daha üç aviasiya şirkəti müraciət edib.

Rusiya prezidenti Vladimir Putin mayın 10-da Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları üzərindən qadağanı qaldırıb və mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Rusiya Nəqliyyat Nazirliyi bildirir ki, Rusiya aviaşirkətləri Tbilisiyə və geriyə həftədə 7 reys edəcəklər.

Reyslərin Rusiya istehsalı təyyarələrlə icra olunacağı bildirilir.

Prezident Zurabişvili narazı olsa da...

Gürcüstan prezidenti Salome Zurabışvili Rusiyadan Gürcüstana birbaşa uçuşlara icazə verilməsini və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı.

O bildirmişdi ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkədən belə “hədiyyələri” qəbul etmək yolverilməzdir.

Lakin prezidentdən fərqli olaraq Gürcüstan hökuməti Rusiyanın qərarını alqışlayıb.

Hökumət bildirib ki, Moskva və Tbilisi arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü əziyyət çəkir”.

Hakim “Gürcü arzusu” partiyası bunu da bəyan edib ki, Gürcüstan öz iqtisadiyyatına ziyan vurmamaq üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək.

Aİ üzvlüyünə can atan Gürcüstan...

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına qarşı habelə Gürcüstan müxalifəti, Avropa İttifaqı və ABŞ çıxış edib.

Avropa İttifaqı bildirib ki, blokun üzvü olmağa can atan Gürcüstan Rusiyaya qarşı Ukraynaya təcavüzə görə qoyulmuş sanksiyaları pozmamalıdır.

ABŞ bildirib ki, Rusiya və Gürcüstan arasında birbaşa reyslərin açılmasına görə Tbilisi üzərinə sanksiyalar qoyula bilər.

Bu da xəbər verilir ki, Brüsseldə Gürcüstanın xarici siyasəti və onun təhlükəsizlik sahəsində atdığı addımlardan narazılıq ifadə olunub.

Brüssel bildirir ki, Tbilisinin siyasəti Avropa İttifaqının siyasəti ilə ziddiyyət təşkil edir.

Aİ Xarici Fəaliyyət Xidmətinin sözçüsü Peter Stano Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasından narahatlıq ifadə edib.

Stano vurğulayıb ki, Gürcüstan Aİ ilə imzaladığı assosiasiya sazişinə görə öz xarici siyasətini blokun xarici siyasəti ilə uyğunlaşdırmalıdır.

XS
SM
MD
LG