Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

Gürcüstanda yeniyetmə qızın faciəvi ölümünün doğurduğu suallar


Gürcüstanın Xaşuri şəhərində 15 yaşlı Teklanın yaşadığı mənzilin bloku. Onun cəsədi bu ayın əvvəlində binanın qarşısında tapılıb və səlahiyyətlilər ölümün intihar ola biləcəyini araşdırır.
Gürcüstanın Xaşuri şəhərində 15 yaşlı Teklanın yaşadığı mənzilin bloku. Onun cəsədi bu ayın əvvəlində binanın qarşısında tapılıb və səlahiyyətlilər ölümün intihar ola biləcəyini araşdırır.

15 yaşlı Teklanın ölümü Gürcüstan paytaxtı Tbilisidən 100 km qərbdə yerləşən Taqvetti kəndində ailəsini və dostlarını sarsıdıb. Onun cansız bədəni oktyabrın 15-də anası və iki bacısı ilə birlikdə yaşadığı qonşu Xaşuridə, səkkizmərtəbəli beton binanın qarşısında aşkarlanıb. Hazırda polis Teklanın ölümünü mümkün intihar kimi araşdırır.

2022-ci ilin yanvarında Teklanın adı ölkə miqyasında tanındı. Onun cinsi istismarında suçlanan ata babası televiziyaya müsahibə verib. Babanın əsassız ittihamları efirdə səslənib, o iddia edib ki, nəvəsini müalicə edən psixoloqlar onun belə bir əhvalat uydurmasına kömək göstəriblər. Baba doqquz ay sonra cinayətdə təqsirli bilinərək 16 illik həbsə məhkum edilib.

Ölkə mediasının babanın dediklərini həvəslə yayması Gürcüstanın mühafizəkar xarakterini göstərir. Əsasən pravoslav xristian ölkəsi Gürcüstanda seksual cinayətlər, özəlliklə ailə üzvləri tərəfindən törədilirsə, ört-basdır olunur. Teklanın ailəsi sosial xidmətlərin də yeniyetməyə böyük yardımı dəymədiyini deyir.

"Ailə üzvü tərəfindən zorakılıqdan söhbət gedəndə insidentə görə adətən uşaqları suçlayırlar, onların nəsə uydurduğunu, şişirtdiyini deyirlər", – "İnsan haqları üzrə tərəfdaşlıq" qeyri-hökumət təşkilatının hüquqşünası Ana Tavxelidze deyir. Bu qurum uşaqların cinsi istismarı qurbanları ilə işləyir.

Teklanın yaşadığı mənzil
Teklanın yaşadığı mənzil

Gənclərin psixoloji durumu

Gürcüstanda gənclər zehni sağlamlıq baxımından ən zəif qruplardan biridir. 18-24 yaşlıların üçdə biri həyatlarında azı bir dəfə intihar haqda düşünüblər. Bunu UNICEF bu ilin əvvəlində açıqlanmış bir araşdırmada bildirib.

Teklanın ailəsinin qaldığı səkkizinci mərtəbədəki qonşu onu sakit, daha çox anasının yanından ayrılmayan uşaq kimi xatırlayır. Teklanın əkizi və özündən kiçik bacısı var.

Onun ölümündən sonra yaranan suallar cinsi istismar qurbanına gərəkən tibbi qayğı və məsləhəti alıb-almaması ilə bağlıdır. Dövlət Rifah Agentliyi AzadlıqRadiosunun gürcü xidmətinin bu sualına qısa cavab verib: "Dövlət Rifah Agentliyi azyaşlıya qarşı zorakılıq işi ilə məşğul olub. Agentlik bütün müvafiq xidmətləri göstərib".

Zorakılığın Uşaq Qurbanlarına Psixoloji və Sosial Xidmətlər Mərkəzinin əməkdaşı AzadlıqRadiosuna deyib ki, Teklaya iki reabilitasiya kursu keçilib, mərkəzi sabit vəziyyətdə tərk edib.

Məktəb direktoru nə deyir

Teklanın vaxtilə təhsil aldığı məktəbin direktoru Moris Dandurişvili deyir ki, o, bir il öncə, direktorun və yeniyetməni müalicə edən psixoloqun tövsiyəsindən sonra dərslərə gəlməyə başlayıb. O vaxtadək isə dərslərə onlayn qatılıb.

Xaşuridə Teklanın ölümündən əvvəl oxuduğu məktəb
Xaşuridə Teklanın ölümündən əvvəl oxuduğu məktəb

"Bilirsiz onda anası mənə də dedi? Dedi ki, o halda dərslərə qayıda bilər ki, girişdə jurnalist izdihamı ilə qarşılaşmasın, məktəbdə çətinlik görməsin. Ona dedim ki, ən vacibi uşağı məktəbə qaytarmaqdır və onun burada təhlükəsizliyinə məsuliyyət daşıyacağıq. Vədimizə əməl etdik. Anası bircə dəfə də bizə demədi ki, burada hər hansı problemləri olub", – direktor söyləyir.

Dandurişvili deyir ki, Tekla ölümündən iki gün öncə əkiz bacısı ilə birlikdə məktəb seçkilərinə qatılıb. O zaman Teklanın anası şikayətlənirmiş ki, məhkum olunmuş babanın vəkili ailəyə təzyiq göstərir.

2022-ci ilin yanvarında Gürcüstanın özəl "TV Pireli" televiziyası iddia edib ki, cinsi istismar ittihamı ilə bağlı yeni detallar üzə çıxıb və babanın təqsirsiz olması sübuta yetirilə bilər.

Teklanın anası Gürcüstan Jurnalistika Etikası Xartiyasına üz tutub. Qurum hüquqi qüvvəsi olmayan qətnamədə bildirib ki, televiziya təkcə Teklanın hüquqlarını pozmayıb, iddiaları faktlar kimi təqdim etməklə zəif jurnalistika sərgiləyib.

Zurab Todua
Zurab Todua

Atanın mövqeyi

Babanın vəkili Zurab Todua isə Teklanın ailəsinə təzyiq göstərməklə bağlı deyilənləri təkzib edib.

Teklanın anasından boşanmış atası öz atasının günahsız olmasından əmindir. Toduanın AzadlıqRadiosuna dediyinə görə, Teklanın atasının onun psixoloqunun peşəkarlıq səviyyəsi ilə bağlı narahatlığı olub.

Ailəni tanıyan bir neçə nəfərin radioya dediyinə görə, Teklanın anası övladları ilə birlikdə xaricdə yaşamaq istəyib, keçmiş əri buna qarşı çıxıb. Todua da müvəkkilinin keçmiş arvadına övladlarını xarici aparmağa icazə vermədiyini təsdiqləyir.

İnsan haqları müdafiəçiləri və vəkillər hakimiyyəti Teklanı bada verməkdə suçlayırlar. Vəkil Tavxelidze deyir ki, polis yeniyetməni qorumaq üçün yetərincə iş görməyib. O, dövlətin cinsi istismar qurbanlarına da yetərincə yardım göstərmədiyini söyləyir.

Yazını AzadlıqRadiosunun gürcü xidmətinin müxbiri Nino Tarxnişvilinin məlumatları əsasında Toni Vesolovski qələmə alıb.

XS
SM
MD
LG