Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Gürcüstandakı rusiyalılar Rusiya prezident seçkisində səs verə bilməyəcəklər


İşğal olunmuş Donetskdə seçki məntəqəsi
İşğal olunmuş Donetskdə seçki məntəqəsi

Gürcüstan ərazisində 17 mart Rusiya prezident seçkisi üçün səsvermə məntəqələri açılmayacaq.

Bu məlumatı AzadlıqRadiosuna Gürcüstan Mərkəzi Seçki Komissiyasından veriblər.

MSK nümayəndəsinin sözlərinə görə bu qərar Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin olmaması ilə əlaqədar qəbul olunub.

Nümayəndə əlavə edib ki, bu məsələ MSK-nın səlahiyyətlərinə daxil deyil və qərarı ehtimal ki, Gürcüstan XİN-də qəbul ediblər.

İki ölkə arasında diplomatik münasibətlər Cənubi Osetiya məsələsi ilə bağlı başlanmış Rusiya-Gürcüstan müharibəsinin dərhal ardınca ovaxtkı prezident Mixeil Saakaşvilinin qərarı ilə dayandırılıb.

O vaxtdan bəri Moskvanın Tbilisidəki maraqlarını İsveçrə səfirliyinin “maraqlar şöbəsi” təmsil edir.

Həmin diplomatik missiyanın məlumatına görə Rusiya seçkisinin səsvermə məntəqələri Gürcüstanın nisbətən yaxınlığında olan Ermənistanda (Yerevan və Gümrüdə) və Türkiyədə açılacaq.

Ölkədəki rusiyalıların sayı niyə bilinmir?

Xəbərdə deyilir ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra qeyri-rəsmi rəqəmlərə görə Gürcüstana 60 mindən 100 minədək rusiyalı gəlib.

Bu barədə dəqiq məlumat yoxdur, çünki Gürcüstan qanunvericiliyinə görə rusiyalılar Gürcüstanda məskun kimi qeydiyyatdan keçməmək hüququna malikdirlər.

Onlar faktiki olaraq Gürcüstanda turist kimi qeyri-müəyyən müddətdə yaşaya bilərlər.

Gürcüstan hökuməti bildirirdi ki, rusiyalıların ölkəyə axını Gürcüstan iqtisadiyyatına milyonlarla dollar gəlir gətirir.

Rusiyadan gələn pullar kəskin azalıb, amma...

Amma indi Rusiyadan pul köçürmələrinin kardinal şəkildə azalmasına baxmayaraq ölkədə daimi əsasda 100 minədək rusiyalı turist kimi yaşamaqda davam edir.

Gürcüstanın Milli Turizm Agentliyi bildirirdi ki, 2023-cü ildə ölkəyə milyon nəfərdən çox rusiyalı gəlib.

Tbilisi və Moskva arasında birbaşa təyyarə reyslərinin açılmasından sonra bu rəqəm artmaqda davam edir.

Buna baxmayaraq Gürcüstanın keçmiş barışıq və vətəndaş bərabərliyi naziri, konfliktoloq Paata Zakareyşvili AzadlıqRadiosuna deyib ki, 2024-cü ildə Gürcüstanda Rusiya prezidenti seçkisinin keçirilməməsində heç bir qəribəlik yoxdur.

Onun sözlərinə görə əslində 2008-ci ilin beşgünlük müharibəsindən sonra Gürcüstanda heç bir Rusiya seçkisi keçirilməyib:

"Qəribə o olardı ki, hakim “Gürcü arzusu” partiyası seçkinin keçirilməsinə indi, müxalifət tərəfindən rusiyayönlülükdə ittiham olunduğu bir vaxtda razılaşaydı”.

XS
SM
MD
LG