Səhər saatlarında 77 saylı Astara seçki dairəsinin bir neçə seçki məntəqəsində olduq. Bu məntəqələrdə seçici fəallığının o qədər də yüksək olmadığını gördük.
Məntəqələrdə idarə müdirləri, icra hakimiyyəti aparatının işçiləri də gözə dəyirdi. Bildirildi ki, onlar həmin məntəqələrə təhkim olunublar.
6 saylı seçki məntəqəsinin önündə bir saata yaxın müşahidə apardıq.
Bu müddət ərzində məntəqəyə 4-5 seçici gəldi. Məntəqə seçki komissiyasının sədrindən saat 10:00-a olan məlumatı soruşduq. Bildirdilər ki, seçkinin başladığı 2 saat ərzində 163 nəfər səs verib.
Müstəqil müşahidəçi Zabir Ağayevin deməsinə görə, 2 saylı seçki məntəqəsində qutuya topa bülletenlər atıblar: «Mən müşahidəçiyəm, gözümün qarşısında topa bülletenlər atırlar. Deyirlər ki, ailə üzvlərimizdir. Seçki məntəqəsinin sədrinə iradımı bildirdim. Dedi ki, sənlik deyil. Mən də məntəqədən getdim...».
Bu dairənin 32 saylı məntəqəsində də eyni vəziyyətlə rastlaşdıq. Çox az sayda adamların məntəqəyə gəldiyini gördük. Məntəqə seçki komissiyasının sədri bizə bildirdi ki, saat 10-a kimi 121 nəfər səs verib.
Muğam oxuyan komissiya üzvü
2015-ci il parlament seçkilərində bu dairənin bir məntəqəsində müəyyən narazılıq yaşanmışdı. Məntəqə seçki komissiyasının katibinin muğam oxuya-oxuya seçki qutusuna topa bülletenlər atdığı bildirilən videogörüntülər yayılmışdı. Həmin şəxsi yenə 32 saylı məntəqənin komissiyasında gördük.
Həmin şəxs-Allahverən Əsədullayev 4 il əvvəl parlament seçkiləri günü yayilmiş video ilə bağlı AzadlıqRadiosuna da danışmışdı. Onun dediyinə görə, yaşlı seçicinin yaddan çıxardıb getdiyi bülleteni qutuya salıb, bunu kömək məqsədilə edib. Üstəlik, deməsinə görə, muğamı səsvermənin başa çatdığı son dəqiqələrdə oxuyub: «Video isə montaj olunub».
Amma indi onunla danışmaq mümkün olmadı.
Komissiya sədri təkzib edir
77 saylı Astara seçki dairəsi komissiyasının sədri Hikmət Əkbərov isə qanun pozuntuları ilə bağlı deyilən fikirlərlə razılaşmır: «Bizdə ola bilməz ki, icra aparatı adam göndərsin məntəqədə, qalsın. Onlar məntəqə üzvləridir, müşahidəçilərdir. Müşahidəçidən başqa adam orada qala bilməz. Bizdə 9 məntəqədə kamera var, seçici gəlib səs verir, çıxıb gedir. Səsvermə normal gedir, şikayət yoxdur. Davamiyyət də pis deyil».