Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

'Gəncə işi'ndə ömürlük həbs tələbi. Məhkəməyə təcili yardım çağrıldı


'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)

Gəncə hadisələriylə bağlı daha bir qrupun işi üzrə məhkəmə yekunlaşdı. Avqustun 15-də prokuror təqsirləndirilən şəxslərə 4 ildən ömürlük həbsə qədər ağır cəzalar kəsilməsini istəyib.

Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, hakim önünə çıxarılanlar 7 nəfərdir. Daha bir nəfər – Gəncədə ötən il iyulun 10-da polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev hadisədən bir gün sonra öldürülüb.

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Xaqani Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxır. Avqustun 15-də məhkəmə iclası o qədər gərgin keçib ki, məhkəməyə təcili tibbi yardım çağrılıb.

Öncə gərginlik prokurorun vəsatəti və hakim X.Səmədovun da onu müdafiə etməsindən başlayıb. Prokuror məhkəmə istintaqının yekunlaşması barədə vəsatət qaldırıb, vəkillər etiraz edib. Müdafiəçilər deyib ki, araşdırılası xeyli məsələlər qalıb, onlar bu barədə vəsatətlər qaldıracaqlar. Bu zaman hakimin vəkillərin sözünü kəsməsi, onlara fikirlərini başa çatdırmağa imkan verməməsi gərginlik yaradıb. Fasiləyə çıxıb-qayıdan hakimlər vəkillərə vəsatətlərini verməyə imkan yaradıblar.

Vəkillər təkrar ekspertizanın keçirilməsi, əvvəlki rəyi vermiş ekspertin, təqsirləndirilən şəxslər həbsdən sonra Kürdəxanıdakı Bakı istintaq təcridxanasına gətirilərkən orada onları müayinə etmiş həkimin məhkəmədə dindirilməsi və başqa vəsatətlər veriblər.

Vəkillərdən şikayət olunub

Təqsirləndirilən şəxslər məhkəmədə dəfələrlə işgəncəyə məruz qalmaları barədə ifadələr verəndən sonra hakimlər onların ekspertizadan keçirilməsi barədə qərar vermişdi. Ekspert də rəy vermişdi ki, onların üzərində xəsarət izləri var, ancaq onlar təxminən il yarım öncəyə aid ola bilər. Yəni həbs olunmamışdan əvvələ...

Eyni zamanda, iş materiallarında Bakı İstintaq Təcridxanasının həkiminin rəyi var. Orada göstərilib ki, bu şəxslər istintaq təcridxanasına qəbul ediləndə müayinə olunublar, üzərilərində heç bir xəsarət aşkarlanmayıb.

«Lap tutaq ki, xəsarətlər həbs dövrünə yox, ondan əvvələ aiddir. Əgər bu adamların üzərində əvvəldən xəsarət vardısa, istintaq təcridxanasının həkimi müayinədə mütləq onu görməli idi. Nəzərə almaq lazımdır ki, o zaman daha az vaxt keçmişdi, nəinki ekspertiza keçirilən dövr. Ziddiyyət var. Ona görə də bu adamlar dindirilməlidir», – vəkillər belə deyib.

Hakimlər vəsatətlərin heç birini təmin etməyiblər. Nəticədə təqsirləndirilən şəxslər, onların məhkəmə zalında olan yaxınları hakimlərə etirazlarını bildiriblər.

Növbəti fasilədən sonra isə vəkillər X.Səmədovun sədrlik etdiyi hakimlər kollegiyasının bu işə baxmasına yazılı etiraz verib. Vəkillər etirazlarını hakimlərin qərəzli olması, ittiham tərəfin mövqeyindən çıxış etməsi, müdafiəçilərlə kobud davranışı, müxtəlif vasitələrlə təzyiq göstərməsi, müdafiə hüququnu pozması ilə əsaslandırıblar. Etiraz əsaslandırılarkən o da məlum olub ki, fasilə vaxtı məhkəmə Vəkillər Kollegiyasına zəng edərək, vəkillərdən şikayət edib.

«Biz sizdən prosessual qanunvericiliyin tələblərinə əməl etməyinizi istəyirik. Siz hansı qanuna əsasən müdafiəçi kimi üzərimizə düşən vəzifəni yerinə yetirdiyimizə görə bizdən Vəkillər Kollegiyasına şikayət edirsiniz? Bu, birbaşa təzyiqdir», – vəkillər bildirib.

Məhkəmə tərkibinə etiraz baxılmamış saxlanılıb.

Prokuror ittihamların sübuta yetirildiyini deyir

Ardından prokuror Fuad Musayev çıxış edib. O iddia edib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar (qəsdən adam öldürmə, qanunsuz silah saxlama, narkotik, terrorçuluq, quldurluq və s.) məhkəmədə sübuta yetirilib.

Təqsirləndirilən yeddi nəfərdən ikisi – Hüseyn Bayramov Rauf Bayramov ata-oğuldur. Prokuror R.Bayramova qarşı ittihamlardan imtina edərək, onun əməlinin CM-in 307.3 (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif olunmasını, ona 4 il həbs cəzası kəsilməsini istəyib. Atasının isə 10 il azadlıqdan məhrum edilməsini təklif edib.

Digər təqsirləndirilən şəxslərdən Oqtay Hüseynzadəyə ömürlük, Ürfan Məmmədova 20 il cəza istəyib. Eşqin Quliyev, Abbas Abbasov, Elşən Məmmədova da 10 ildən 19 ilə qədər cəzalar istənilib.

Prokurorun çıxışı vaxtı, özəlliklə cəza tələbində məhkəmədə yenidən gərginlik yaranıb. Təqsirləndirilən şəxslər və onların yaxınları etirazlarını bildiriblər.

O.Hüseynzadə deyib ki, əgər ona cəza kəsilsə, elə məhkəmə zalında intihar edəcək.

Bir neçə dəqiqə davam edən gərginlik nəticəsində təqsirləndirilən şəxslərin məhkəmə zalında olan yaxınlarının səhhəti pisləşib, qadınlar arasında huşunu itirib yıxılanlar olub. Məhkəməyə Təcili Tibbi Yardım çağrılıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG