Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:54

Vəkillər Gəncə işinin protokollarını niyə ala bilmirlər?


Gəncədə keçmiş icra başçısı Elmar Vəliyev güllələnəndən bir həftə sonra keçirilən etiraz aksiyasında həbs olunub, 15 ilə qədər cəza almış 8 nəfərlik daha bir qrup bəraət istəyir.

Ona görə də müttəhimlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin onların haqqında çıxardığı hökmdən apellyasiya şikayəti veriblər. İndi onların şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri, yalnız Bakıda baxır.

Dekabrın 13-də keçirilən məhkəmə iclasında Gəncə məhbuslarının vəkilləri onların ev dustaqlığına buraxılmasını istəyiblər.

Elmar Vəliyev (Arxiv fotosu)
Elmar Vəliyev (Arxiv fotosu)

Təqsirləndirilən 8 nəfərdən 5-nə şərti cəza, qalan 4-nə isə 5 ildən 15 ilə qədər həbs verilib. Həbsdə olanların vəkilləri deyirlər ki, onların haqqındakı hökm hələ qüvvəyə minməyib. Çünki hökmdən şikayət verilib və apellyasiya məhkəməsinin yekun qərarı yoxdur. Bu səbəbdən onlar hələ təqsirli hesab oluna bilməzlər. Vəkillər yekun qərar çıxarılana qədər onların ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar. Müdafiəçilər onların ailə vəziyyətinin ağırlığını, ilk dəfə məhkum olunmalarını, sağlamlıqlarındakı problemləri diqqətə çatdırıblar.

5 il həbsə məhkum edilmiş Asif Cavadovun vəkili müvəkkilinin əlil olmasının nəzərə alınmasını istəyib.

“Niyə Gəncəyə getməliyik?”

Məhbusların özləri də ev dustaqlığına buraxılmaq istəklərini dilə gətiriblər.

Amma hakimlər bu məsələdə vəkillərə “yox” deyiblər – ev məhbusluğu ilə bağlı vəsatətlər təmin olunmayıb.

Müdafiəçilər apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, şahidlərin dindirilməsi və s.) baxılmasını istəyiblər. Onlar deyiblər ki, birinci instansiya məhkəməsində bir çox məsələlər araşdırılmamış qalıb. Orada məhkəmə istintaqı obyektiv, ədalətli olmayıb.

Bu məsələdə də onların vəsatətləri təmin edilməyib.

Vəkil Şəhla Hümbətova şikayətlənib ki, artıq apellyasiya məhkəməsində işə baxılır, amma onlar hələ də birinci instansiya məhkəməsində yazılmış iclas protokollarıyla tanış ola bilməyiblər.

Müdafiəçinin sözlərinə görə, bundan ötrü Gəncə Ağır Cinayətlər Məhkəməsinə rəsmi şəkildə ərizə də yazıblar, amma əhəmiyyət verilməyib. Onun dediklərini həmkarları da təsdiqləyib.

Hakim cavabında deyib ki, vəkillər Gəncəyə gəlib, protokollarla tanış ola bilərlər.

“Əgər məhkəmə Bakıda keçirilirsə, iş materialları buradadırsa, biz niyə Gəncəyə getməliyik? Bu, müdafiə hüququnun pozuntusudur”, – vəkil belə deyib.

Qanuna görə, vəkillərlə yanaşı, təqsirləndirilən şəxslərin də protokollarla tanış olmaq, məhkəmədə olanların ora düzgün yazılıb-yazılmadığını dəqiqləşdirmək hüququ var. Amma təqsirləndirilən şəxslər də protokollarla tanış olmadıqlarını söyləyirlər.

Məhkəmə prosesi dekabrın 29-da davam edəcək. Təqsirləndirilən şəxslər çıxış edəcəklər.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG