Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Hüquqşünas: 'Yoxsa məhkəmələrdə biabırçılıq idi,...'


Ə.Həsənov
Ə.Həsənov

«Prezident İlham Əliyevin aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Sərəncamı bütünlükdə müsbət sənəddir. Amma hüquq sahəsindəki problemləri tam əhatə etmir».

Bunu hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas hesab edir ki, bu sənəddə ən mühüm cəhət məhkəmə proseslərinin audio-yazısının aparılmasının əksini tapmasıdır: «Əlbəttə, videoçəkiliş də əksini tapsaydı sənəddə, daha yaxşı olardı. Amma indiki halda audio da işə yarayır. Yoxsa məhkəmələrdə biabırçılıq idi, tərəflərin dediklərini necə istəyirdilər, elə də yazırdılar. Sən də sübut edə bilmirdin ki, mən bunu belə yox, belə demişəm. Hesab edirəm ki, bundan sonra, sərəncamın tətbiqi başladıqda bu sahədə biabırçılıqlara son qoyula bilər».

Ə.Həsənovun fikrincə, sərəncamın ikinci müsbət cəhəti orada məhkəmə qərarlarının mütləq dərc olunması ilə bağlı məsələyə yer verilməsidir: «Düzdür, bununla bağlı keçən ilin sonlarında da sərəncam verilmişdi. Amma 4 ay keçsə də, hələ də məhkəmə sistemi buna əməl etmir, amma indiki sərəncamda bu mütləqləşdirilir».

Ə.Həsənov deyir ki, hakimlərin təminatının yaxşılaşdırılması və başqa məsələlərə də önəm verilməsini müsbət saymaq olar: «Amma hələ sərəncamdan irəli gələn müddəaların tətbiqi üçün aktlar qəbul edilməli, məhkəmə qanunvericiliyi özü də sərəncamın müddəalarına uyğunlaşdırılmalıdır».

Amma Ə.Həsənova görə, sərəncamda hüquq təhsili ilə bağlı müddəa yer almayıb. Ekspert hesab edir ki, Azərbaycan 28 ildir müstəqil dövlət olsa da, ölkədə yetərli hüquqi təhsil verilmir. Hüquqşünas hesab edir ki, bu sahəyə xarici ekspertlər cəlb olunmalıdır.

XS
SM
MD
LG