Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:28

Hüseyn Abdullayev Almaniya hökumətinə səsləndi: 'Diktator məni öldürəcək...'


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

6 il həbs kəsilmiş keçmiş deputat Hüseyn Abdullayev və onunla birlikdə mühakimə olunub cərimə cəzası almış anası Zeynəb Abdullayeva bu hökmdən şikayət veriblər.

Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Anaya çıxış imkanı verildi, oğula yox

Yanvarın 7-də hakimlər 70 yaşlı Zeynəb Abdullayevaya çıxış etmək imkanı yaratsalar da, o, imtina edib. Deyib ki, çıxışa hazır deyil, vaxt istəyir.

Amma oğlu Hüseyn Abdullayev çıxış etmək istəyib. Ona icazə verilməyib. Deyilib ki, bundan əvvəlkiməhkəmə iclaslarında ətraflı danışıb, sözünü deyib.

“Diktator məni öldürəcək…”

Hakim məhkəmənin yanvarın 14-nə təxirə salındığını elan edəndə, Hüseyn Abdullayev ağlaya-ağlaya saxlandığı şüşə kabinədən qışqırıb. Sabiq deputat Almaniya hökumətindən kömək istəyib:

“Mənim hüquqlarım pozulur. Xahiş edirəm, mənə kömək edin. Həyatım təhlükədədir. Diktator məni öldürəcək...”

Məhkəmə zalında olanlar çıxarılıb. Zeynəb Abdullayeva məhkəmə binasının qarşısında oğluna qarşı baş verənlərə etiraz edib. O, Hüseyn Abdullayevin azadlığa buraxılmasını tələb edib.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

O ittihamları rədd edir və onların qondarma olduğunu bildirir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Zeynəb Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov və Xalid Əliyevə şərti cəza verilib.

Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlananda ev dustaqlığına buraxılıblar.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus “Araz-İnşaat” ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.

Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmış, daha sonra həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

XS
SM
MD
LG