Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Həbsdəki inanclı fəalın anası: 'Ağrıdan qovrulur, ona dərman verilmir'


E.Muradov
E.Muradov

«Müsəlman Birliyi Hərəkatı»nın həbsdə olan üzvü Elvin Muradovun səhhətində kəskin problemlər olduğu, amma tibbi yardım ala bilmədiyi iddia olunur. Bu barədə AzadlıqRadiosuna onun anası Güllü Muradova danışıb.

Anası deyir ki, 32-yaşlı E.Muradov həm mədə xorasından, həm də boyun və bel nahiyəsində yırtıqdan əziyyət çəkir. Həbsdən öncə də oğlunun daim dərman qəbul etdiyini söyləyən G.Muradovanın sözlərinə görə, oğlu şiddətli ağrılardan əziyyət çəkir: «Bu gün (martın 24-də-red.) səhər Elvin evə zəng eləyəndə dedi ki, ağrıdan dayana bilmir. Ancaq dərman verilmir. Daim qəbul elədiyi dərmanları ona çatdıra bilmirik».

Anası deyir ki, E.Muradov martın 16-da Bakı İstintaq Təcridxanasına köçürülüb: «Elvin təcridxanaya köçürüləndən sonra gətirib dərman verdik ki, çatdırsınlar. Çünki dərmansız o ağrılara dözmək olmur. Səhər deyir ki, ağrıdan qovrulur, ona dərman verilməyib».

«Heç bir problem yoxdur»

Martın 6-dan koronavirusla mübarizə tədbirləri çərçivəsində Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdəki şəxslərin ailə üzvləriylə görüşünə və sovqat qəbuluna qadağa qoyulub.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə dərmanların çatdırılmasında heç bir problem yoxdur: «Bizim özümüzdə də yetərincə dərmanlar var. Amma həkim göstərişiylə şəxsə hansısa dərman təyin edilirsə, ailə üzvlərinin həmin dərmanları ona çatdırmasında da heç bir problem yoxdur».

E.Muradova gəlincə, İ.Qurbanov deyir ki, onun ailə üzvləri martın 23-də gətirib dərmanları təcridxanaya veriblər: «Dərmanlar qəbul edilib, təcridxananın tibb-sanitar hissəsinə təhvil verilib. Oradan da həkim göstərişiylə şəxsin özünə veriləcək».

E.Muradovu martın 13-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. O, CM-in 228.1 (qanunsuz silah saxlama) maddəsiylə ittiham olunur.

E.Muradovun vəkili Nazim Musayev AzadlıqRadiosuna bildirib ki, müvəkkili özünü təqsirli bilmir. İnanclı fəal üstündən silah tapılması haqda ittihamı da rədd edir.

Xatırlatma

Rusiyada işləyən E.Muradov həm də «Elvin Mürvətoğlu» imzasıyla şeirlər yazırdı. Bu il fevralın 6-da Moskvadan qayıdarkən onun Bakıda hava limanında saxlanılıb, polis maşınında naməlum istiqamətə aparılması barədə xəbər yayılmışdı. O zaman yaxınları E.Muradovun saxlanmasını həmin ərəfədə sosial şəbəkələrdə yayılan «Azadə qardaş» mahnısıyla əlaqələndirirdilər.

«Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Taleh Bağırova həsr olunmuş həmin mahnının sözlərini də, musiqisini də E.Muradov yazıb. Mahnını da özü ifa edir.

Fevralın 6-da axşam saatlarında E.Muradovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən sərbəst buraxıldığı bildirildi.

«Müsəlman Birliyi Hərəkatı» E.Muradovun həbsinin hərəkata qarşı repressiyaların davamı olduğunu bəyan edib.

«Müsəlman Birliyi Hərəkatı»nın sədri T.Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özəlliklə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.

XS
SM
MD
LG