Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:45

Prezident icra başçısını məscidə görə cəzalandırdı (Video)


Hacı Cavid məscidi
Hacı Cavid məscidi

Yasamal rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Sovetski”dəki Hacı Cavad məscidinin sökülməsinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlama verib.

O, Hacı Cavad məscidinin sökülməsi ilə bağlı İlham Əliyevin münasibətini Azərtac-a açıqlayıb.

“Hələ apreldə prezident “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdi ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunmuşdu. Komissiyanın qənaətinə uyğun olaraq, prezident yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi”, - Ə.Həsənov qeyd edib.

Əli Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanılıb.

“Lakin bəzi vəzifəli şəxslər prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul edib. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib. Bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib”, - deyə ölkə başçısının köməkçisi qeyd edib.

---

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrindən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini və eləcə də Hacı Cavad məscidinin dini icmasının rəhbəri məscidin sökülərək başqa yerdə inşasına dəstək veriblər.

QMİ sədrinin müavini, adıçəklən məscidlə bağlı müvafiq komissiyanın üzvü Hacı Fuad Nurullayev də Komitə sədri Mübariz Qurbanlı kimi məscidin sökülməsinə etiraz edənləri “müəyyən qüvvələr”lə bağlayıb, “bu məsələni fürsət bilib, ara qızışdırmaq, dini sabitliyi pozmaq” istədiklərini söyləyib. Amma o da konkret ünvan göstərməyib:

“Biz bunun haradan və kimlər tərəfindən təşkil olunduğunu bilirik. Buna uyub, kor olan gözlər varsa gedib, Cocuq Mərcanlıda tikilmiş məscidə, yeni ünvandakı Hacı Cavad məscidinə bir baxsınlar, bəlkə gözləri açılar. Məscidin köhnə ünvandakı yeri olduqca əlverişsiz, ibadət üçün münasib deyildi. Ətraf söküntü, məscid özü tamamilə yararsız vəziyyətdə idi. İndi o insanlar ki, sakitliyi pozmaq, aranı qarışdırmaq istəyirlər, onlar üçün bəhanə lazımdır. Amma onlar buna nail ola bilməyəcəklər”.

O APA-ya açıqlamasında yeni ünvanda tikilən məscidə görə Azərbaycan prezidentə təşəkkür də edib.

Hacı Cavad dini icmasının sədri Kənan Əzizov da ölkə başçısına təşəkkürünü bildirməklə yanaşı APA-ya məscidin istifadə üçün yararsız olduğunu deyib.

“Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi”.

O bildirib ki, Hacı Cavad məscidinin inşa olunacağı yeni ərazinin sahəsi 14 sotdur: “Biz artıq ərazi ilə tanış olmuşuq. Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq”.

İyunun 30-da inanclı insanlar məscidin sökülməsinə etiraz ediblər. Buna bxmayaraq məscid gecə saatlarında sökülüb.

---

“Bəzi qüvvələr var ki, “Hacı Cavad” məscidi məsələsini başqa məcraya yönəltmək istəyirlər”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Hacı Cavad” məscidinin sökülməsi haqda danışarkən APA-ya belə deyib.

“Bu cür qaragüruha demək istəyirik ki, dinimiz cənab prezident İlham Əliyevin himayəsi altında qorunur və bu gün Azərbaycanda 2246 məscid var”, - Komitə sədri əlavə edib.

O bildirib ki, adıçəkilən məscidin icması üçün Bakıda, Yasamal rayonu Abbas Mirzə Şərifzadə 1 ünvanında yeni məscid tikilir: “Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Məscidin yeni ünvana köçürülməsi ilə əlaqədar Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi və s. qurumlar məsciddə ibadət edən mömin insanlarla görüş keçiriblər, geniş söhbətlər aparılıb”.

M.Qurbanlı deyib ki, Baş nazirin müavini Yaqub Eyyubovla birgə yeni ünvanda əhali ilə bir də görüş keçirilib, layihə təqdim olunub, hazırda tikinti gedir və heç bir problem, narazılıq yoxdur: “Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər. İnanmıram ki, cəmiyyət bu cür adamlara normal münasibət bəsləsin”.

XATIRLATMA

Bakının “Sovetski” məhəlləsində söküntü və yenidənqurma işləri başlanan zaman “Hacı Cavad” məscidinin sökülməsi məsələsi gündəmə gəlib. Yerli sakinlərin narazılığna baxmayaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə məscid sökülüb.

İlk dəfə məscidin sökülməsinə aprelin 12-də cəhd edilmişdi.

Həmin vaxt əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlmişdi. Ancaq məscidə toplanan insanlar söküntüyə imkan verməmişdilər.

Prezident İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirilirdi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi.

Yerli camaatın bildirdiyinə görə, həmin bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

---

Iyulun 1-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidinin sökülməsi başa çatdırılıb.

Әraziyə xeyli sayda polis qüvvələri cəlb olunub, söküntü onların nəzarəti altında baş verib.

Bir qrup dindar məscidin ətrafına toplaşaraq buna etiraz ediblər.

Yasamal-Dindarlar Hacı Cavad məscidinin sökülməsinə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Məsciddə ibadət edənlərin bəziləri bundan narazıdırlar.

"Bakını “İslam paytaxtı” ona görə elan eləmişdilər ki, bu cür tarixi, gözəl məscidləri söksünlər? Biz bu cür məscidlərdə imana gəlmişik. Atamız, babamız əlimizdən tutub bizi bu məscidlərə gətiriblər. Yenisini tikirlər çox gözəl, amma biz bu məscidləri istəyirik", - deyə məsciddə ibadət edən vətəndaş deyib.

İyunun 30-da axşam saatlarında xeyli sayda polisin müşayiətiylə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ərazidə olub. İcra başçısı İbrahim Mehdiyev jurnalistlərin suallarına cavab verməyib. Məscidin içindəki əşyalar çıxarılaraq daşıtdırılıb.

Buna da bax:​ Hacı Cavad məscidinin əvəzinə yenisi tikiləcək

Hacı Cavad məscidi sökülür
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

“İlk dəfə aprel ayında sökməyə gəlmişdilər. Həmin vaxt burda ibadət eləyənlər narazılıq elədi, hökumət də söküntüyə ara verdi. Sonradan məscidin nümayəndələrini icra hakimiyyətində də qəbul etdilər. Bizə söz verdilər ki, sizin üçün təzə məscid tikiləcək. Yalnız təzə məscid tikiləndən sonra söküntü işlərinə başlanacağını bildirdilər. İndi də belə...”, - sakinlərdən Əfqan Həzrətov deyib.

Hacı Cavad məscidi söküntüdən əvvəl
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Əraziyə polis qüvvələri də gətirilib
Əraziyə polis qüvvələri də gətirilib

Məsciddə ibadətə gələn digər vətəndaşlar da narazılıqlarını bildiriblər.

“Ötən illərdə Bakını “İslam paytaxtı” elan eləmişdilər. Bakını “İslam paytaxtı” ona görə elan eləmişdilər ki, bu cür tarixi, gözəl məscidlər söksünlər”, – başqa bir vətəndaş sual edib.

İbadətə gələnlər deyir ki, günorta namaza toplaşıblar. Hər hansı xəbərdarlıq-filan olmayıb. Günortadan sonra xəbər gəlib ki, artıq məscidi boşaldırlar.

Buna da bax: Əli Həsənov: "Dövlət “gecəqondu memarlığı”nı vətəndaşlarına rəva görmür'

“İndi də biri deyir, təmir ediləcək, digəri deyir, sökürük. Bir dənə rəsmi şəxs yoxdur ki, çıxıb camaatın qarşısına desin, nə məsələdir. Həm də axı, niyə bu cür məscid sökülməlidir, başqa yerdə tikilməlidir? Hazır var da burda...”, – əraziyə toplaşanlardan biri söyləyib.

Günortadan sonra xəbər gəlib ki, artıq məscidi boşaldırlar.
Günortadan sonra xəbər gəlib ki, artıq məscidi boşaldırlar.

Hazırda Hacı Cavad məscidinin ətrafına 100-dən artıq inanclı vətəndaş toplaşıb. Əraziyə polis qüvvələri də gətirilib.

Bu ayın əvvəlində Hacı Cavad məscidinin söküləcəyi açıqlanmışdı. Məscidin icması bildirmişdi ki, başqa ünvanda yeni məscid inşa olunacaq.

“Artıq, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı razılaşma əldə olunub”, – məscidin icmasından bildirmişdilər.

Buna da bax:​ Hacı Cavad məscidinə görə aksiya keçirənlər dağılışıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə açıqlamışdı ki, yeni məscid Yasamal rayonu ərazisində inşa olunacaq.

XS
SM
MD
LG