Prezidenti İlham Əliyev Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.
AZƏRTAC-ın xəbərinə görə, bunu prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: «Dövlət başçısı inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib».
Ə.Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və vicdan azadlığının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Ə.Həsənov deyib ki, SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 min 166-ya çatıb. 306 məscidi dövlət tarixi abidə kimi qoruyur.
XATIRLATMA
Dünən, aprelin 12-si yerli sakinlərin bildirməsinə görə, Hacı Cavad məscidini sökməyə cəhd edilib. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.
Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.