Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Xaçmazın Hacıisaoba kəndində susuzluq


Susuzluqdan əkinlərin inkişafı dayanıb.
Susuzluqdan əkinlərin inkişafı dayanıb.

Bu il su olmadığından Xaçmazın Hacıisaoba kəndinin sakinləri pay torpaqlarından məhsul götürə bilməyiblər. Bu ərazidə yetişdirilən çoxillik meyvə ağacları da qurumaqdadır. Üstəlik, onlar uşaqlarını məktəbə, vəfat edən yaxınlarını isə son mənzilə yola salmaqda çətinlik çəkirlər.

«BİZDƏ SU MƏSƏLƏSİ ÇOX QƏLİZDİR»

«Kəndimizin kənarından «Xan arxı» keçir, amma burada əkinlərimiz yanır». Bu sözləri Xaçmazın Hacıisaoba kəndinin sakini Lətif Şükürov pay torpağını bizə göstərib deyir. Onun bildirməsinə görə, bu il 1.65 ha sahədən bircə dəfə 45 bağlama ot götürüb, su olmadığına görə əkdiyi bitkilər yanıb: «70 sot sahədə buğda səpini aparmışdım, yanıb kül oldu. Başqalarının əkdiyi lobya artıq yetişib, amma mən əkənlərin heç bir qarış boyu da yoxdur. Bizdə su məsələsi çox qəlizdir».

Lətif Şükürov
Lətif Şükürov

Kəndin başqa bir sakini Əhliman Həbibovun da meyvə ağacları qurumaqdadır: «Mən orada-burada işləməklə əldə etdiyim qazancı, anamın pensiyasını bu bağa sərf etmişəm. Gözümüzün qabağında meyvə ağacları quruyur. Bir neçə dəfə maşınla bura su gətirmişəm, ağacların dibinə qabla su tökmüşəm. Baxın, yazıq ağaclar susuzluqdan necə büzüşüb, quruyub».

Sakinlər deyir ki, gecə vaxtı qonşu Mirzəmməd kəndindəki arxdan su gətirməyə cəhd edirlər. Amma məsafə uzaq olduğundan həmin kəndin adamları bundan xəbər tutur və suyun axımını dayandırırlar. Bu, bəzi hallarda mübahisə, dava-dalaşla nəticələnir.

Hacıisaoba kəndinin sakinləri problemin çox sadə həll yolu olduğunu deyirlər: «30-40 hektarlıq bu sahələrə su çıxarmaq üçün «Xan kanalı»na şlüz qoyulmalı, kiçikdiametrli boru atılmalıdır. Bu işi bir neçə saatın içərisində görmək olar. Yerli icra, bələdiyyə orqanlarına, Suvarma Sistemləri İdarəsinə dəfələrlə müraciət etmişik, amma tədbir görən yoxdur».

Mahir Əhədov
Mahir Əhədov

QONŞU KƏNDLƏRİ BİRLƏŞDİRƏN YOL ŞAFTALI AĞACLARININ CƏRGƏLƏRİ ARASINDAN KEÇİR...

Kənd sakinlərinin üzləşdiyi digər problem isə yolla, daha doğrusu, yolsuzluqla əlaqədardır. Kənd qəbiristanlığına, eləcə də qonşu kəndlərə gedən avtomobil yolu bağlanıb.

Kənd sakini Mahir Əhədov deyir ki, avtomobillərin hərəkəti məhdudlaşandan bəri qəbirüstü işlər görmək çətinləşib: «Qəbiristanlığa cənazəni çiyində gətirmək olur. Amma qəbirüstünü götürənlər əziyyət çəkir- baş daşını da, tikinti materiallarını da əllə daşımalı olurlar».

Sakin bildirir ki, qonşu kəndə bağ içindən piyada gedə bilirlər. Amma maşınla getmək üçün gərək 7-8 kilometr dolama yoldan istifadə edəsən: «İcra nümayəndəliyinin, bələdiyyənin inzibati binası, xəstəxana Qımılqışlaq kəndindədir. Avtomobil yolu olmadığından 2 kilometrdən artıq yolu piyada getməli oluruq. Bu yolun üstündə də bağ salınıb».

Kənddə ibtidai məktəb fəaliyyət göstərir. 4-cü sinfi bitirən uşaqlar təhsillərini qonşu kənddəki məktəbdə davam etdirirlər. Onların gediş-gəliş yolu da bu bağdan, şaftalı ağaclarının cərgələri arasından keçir.

«Xan kanalı»
«Xan kanalı»

Sakin Süleyman Şükürov bildirir ki, yağıntılı günlərdə burada dizəcən palçıq olur: «Məktəblilər qışda iki ayaqqabıdan istifadə edir. Evdən köhnə çəkmə ilə çıxır, bağın qurtaracağında onu çıxarıb ağacların koğuşunda gizlədir, başqa bir ayaqqabı geyinirlər. Evə qayıdanda yenidən köhnə çəkməni geyinirlər. Yol sıx ağacların arasından keçdiyindən yuxarı sinif şagirdi olan qız uşaqlarını məktəbə göndərə bilmirik. Qızlarımızı bu bağa, meşəyə necə buraxaq?».

«MƏSƏLƏ YUXARI SƏVİYYƏDƏ HƏLL OLUNMALIDIR»

Xaçmaz rayonu üzrə Sudan İstifadəçilər Birliyinin əraziyə məsul işçisi Ədalət Əhmədov problemin mövcudluğunu təsdiqləsə də, onun həllinin yuxarı qurumlardan asılı olmadığını deyir: «Mənim də marağım var ki, «Xan arxı»ndan Hacıisaobadakı o kiçik sahəyə su verilsin. Çünki rüsumu toplamaqda çətinlik çəkirəm. Camaat deyir, su olsun, pul verim. Su idarəsi də, rayon icra hakimiyyəti də məsələdən məlumatlıdır. Amma kanala özbaşına müdaxilə etmək olmaz. Bu məsələ yuxarı səviyyədə həll olunmalıdır».

«YOLLARINI ÖZLƏRİ BAĞLAYIBLAR»

AzadlıqRadiosunun sorğusunu cavablandıran Qımılqışlaq bələdiyyəsinin sədri Ceyhun Mustafayev isə bildirir ki, yol məsələsində problemi sakinlər özləri yaradıblar:

Məktəb yolu
Məktəb yolu

«Hacıisaoba ilə Mirzəmməd qışlaq kəndlərini birləşdirən yol pay torpağının içərisindən düşüb. Əslində, həmin yer əvvəlcədən yol kimi nəzərdə tutulmayıb. İki kəndin sakinləri, xüsusilə məktəblilər üçün məsafə yaxın olsun deyə, bir torpaq mülkiyyətçisi öz bağının içərisindən gediş-gəliş üçün cığır verib. Uşaqların rahatlığı üçün biz o yerə çınqıl tökmək istəmişik. Amma bağ içindəki «dəhliz» o qədər dardır ki, ora «Kamaz» girə bilmir. Əslində, gediş-gəliş yolu başqa yerdən ayrılıb. Bu, torpaq ayırma xəritəsində də öz əksini tapıb. Həmin yolun ərazisini isə elə Hacıisaoba kəndinin sakinləri zəbt edərək orada ağac əkiblər. Normal yolun olmağı üçün həmin ağaclar çıxarılmalı, yer hamarlanmalı və çınqıl verilməlidir. Bu məsələdə razılaşma olmadığından məhkəmədə iddia qaldırılacaq».

Bələdiyyə sədri qəbiristanlıq yolunun da başqa yerdən olduğunu deyir: «Qəbiristanlığa 6 metr enində yol var, dövlət meşə fondunun ərazisinə düşür. O yol açıqdır, heç bir hüquqi və ya fiziki şəxs zəbt etməyib. Bu adamlar tamam başqa yerdən yol kimi istifadə etmək istəyirlər».

XS
SM
MD
LG