Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 12:14

Hafiz Hacıyev: 'Hafiz artistlik də etsə, xalqını bu zülmdən azad edəcək'


Prezidentliyə namizəd Hafiz Hacıyev AzadlıqRadiosunun suallarını cavablandırıb. Amma suallardan öncə Meydan TV-ni və AzadlıqRadiosu-nu onun Sumqayıtdakı görüşündə “təxribat yaratmaqda”, bura gələnlərin kim olması ilə maraqlanmaqda suçlayıb.

Görüşə gələnlərdən soruşurlar ki, “hardan gəlmisiz?”

Yeri gəlmişkən, görüşə gələnlərdən kimdən soruşurdular, özlərini JEK – Mənzil İstismar İdarəsinin işçisi kimi təqdim edirdi. Sizcə, bu, niyə ancaq MİS işçisinin ora gəlməsi barədə sual yaratmırmı?

Sizcə, JEK işçisinin səsvermədə iştirak etməyə səlahiyyəti yoxdur? O adam deyil?

Sual doğuran odur ki, necə olur görüşə gələnlərin, az qala, hamısı JEK işçisidir?

Mən televizorla müraciət edirəm. Özünüz də bilirsiniz JEK-də işləyirlər, işsizlik çoxdur, o var, bu var. Müəllimdir, ona da görüş olduğunu deyirlər... Bu, partiya iclası deyil. Bu, Azərbaycan xalqının seçiciləridir. Biz onlara müraciət edəndə JEK-dən də gələcək, süpürgəçi də gələcək, həkim də gələcək, müəllim də, vəzifədə olan da gələcək. Gəlib hər kəsin platformasını dinləyəcək, sonra da seçimini edəcək. AzadlıqRadiosu ciddi radiodur, həmişə ona hörmətimiz var. Belə provokasiyalara getməyə dəyməz. Bu, yaxşı gələcək vəd etmir. Biz insanları ağlara, qaralara bölə bilmərik.

Deyirsiniz ki, sizinlə görüşə həkim də, müəllim də, vəzifəli şəxs də gələ bilər. Amma o videoda həkimə, müəllimə ya da vəzifəli şəxsə rast gəlinmədi nədənsə.

Müəllim də vardı. Dedi ki, maaşı azdır... Neyləyim ki, siz harda savadsız adam var gedib onun yaxasından yapışırsınız. Xəstə var idi, məsələsini operativ şəkildə həll etdik, Səhiyyə Nazirliyindən xahiş etdik. Biz insanların ümidini qıra bilmərik. Orda hər cür insan var idi. Obyektiv olmalıyıq. Biz ora Amerikadan, kosmosdan adam gətirəsi deyildik ki.

Hafiz bəy, bu, dördüncü seçkidir qatılırsınız...

Bəli. Allah qoysa, prezident seçilməsəm beşinciyə də qatılacam.

İstədiyiniz nəticəni əldə edə bilmirsinizsə...

Partiyanin işi nədir? Onun işi təbliğat, təşviqatdır. Hər seçkidə bizi minlərlə, on minlərlə insan dinləyirsə, bunun özü böyük işdir. Biz o meydan uşaqlarından deyilik. Necə olur (rusiyalı siyasətçi Vladimir) Jirinovski dörd dəfə seçkilərə qatıla bilir, Hafiz Hacıyev yox? Mən bu dəfə prezident seçilə biləcəm. Seçilməsəm də koalisyon hökumətdə təmsil olunacam. Burda nə qəbahət var ki? Bu, partiyanın qərarıdır. Partiya da bir tək Hafiz Hacıyevdən ibarət deyil. Bu, baş qaxıncı zad deyil ki, Hafiz Hacıyev dördüncü dəfədir seçkiyə qatılır. Hafiz Hacıyev bu dünyada var ki, nüfuzu var ki, Azərbaycan xalqı... Milyonlarla insan bizə müraciət edir. Hafiz Hacıyev kimi həqiqəti deyən ikinci adam varmı? Hakimiyyəti vururam, xalq söyür, xalqı vururam, hakimiyyət söyür. Bəs mən neyləyim?

Sualımız başqaydı. Siyasətdə belə bir təcrübə, ənənə var. Bir siyasətçi iki-üç dəfə seçkilərə qatılıb qələbə qazana bilmirsə siyasətlə vidalaşır. Hafiz Hacıyev belə bir addım ata bilərmi?

Hafiz Hacıyev nə qədər ki, prezident seçilməyib, o seçkilərə hər dəfə qatılacaq. Hafiz Hacıyev inciyən, küsəyən siyasətçilərdən deyil. Hafiz Hacıyev cırmaqlaya-cırmaqlaya nəyəsə nail olacaq. Mən uduzsam “növbəti dəfə seçkilərə qatılmayacağam” deməyim yalan olar. Mübarizə aparırıq. Hafiz Hacıyev prezident seçilə bilər, amma bir il sonra istefa da verə bilər, yeni hökumət qurmağa çağırış edə bilər. Hafiz Hacıyev ikinci yeri tutaraq baş nazir ola bilər.

Prezident seçilməkdən, hətta ikinci yeri tutub baş nazir olmaqdan danışırsınız, ancaq adətən, seçkilərdə cüzi səs toplaya bilmisiniz, rəsmi rəqəmlərə görə, rəqibiniz sizi böyük səs çoxluğu ilə geridə qoyub.

İlham Əliyevi xalq daha çox sevir, neyləyə bilərik. Seçicinin əlindən tutub adımızı yazdıra bilmərik. Zaman gələr, seçicilər qorxmadan-çəkinmədən gedib səs verərlər, o işləri görərlər. Hər şeyi açıq deyə bilmərəm ki. Hər halda xalq İlham Əliyevi sevib, seçib.

“Zaman gələr, seçicilər qorxmadan-çəkinmədən gedib səs verərlər” deyərkən nəyi nəzərdə tutursunuz? Demək istəyirsiniz ki, xalq qorxaraq Əliyevə səs verib?

Niyə qorxur ki? Bizim buynuzumuz zad yoxdur ki. Qapalı səsvermədir. Günah bizdədir, xalqı maarifləndirə bilməmişiksə... Səsvermə qapalıdır, heç kim gedib onun kimə səs verdiyini yoxlamır. Axı, belə şey yoxdur Azərbaycanda. Azərbaycan dövlətinin əleyhinə işləyən qüvvələr çalışırlar ki, hər şeyi qara təqdim etsinlər, onun qazını-neftini alsınlar. Azərbaycan dövləti güclü dövlətdir, əyilən deyil. Biz də dövlətimizi, xalqımızı sevirik.

Hafiz bəy, siz çıxışlarınızda daha çox seçkiləri boykot edən Milli Şuranın lideri Cəmil Həsənlini və AXCP sədri Əli Kərimlini hədəf seçirsiniz. Onları təhdid, təhqir edirsiniz. Niyə konkret rəqibinizi, siyasi hakimiyyəti, onun başında olan, seçkilərə qatılaraq növbəti dəfə prezident olmaq istəyən şəxsi deyil, müxalifət liderlərini hədəfə götürürsünüz?

Mənim çıxışlarıma baxırsınızsa, mən dünən (aprelin 3-də - A.R.) İctimai Televiziyadakı çıxışımda Maliyyə Nəzarət Palatasının sədrini... Nə etdimsə xahiş edirəm ona baxın, görəcəksiniz. Əli Kərimli nə vaxtdan lider olub? Siz bilmirsiniz o, xalqa necə xəyanət edir. Mən niyə təhqir edirəm onu? Söyməmişəm ki onu. Necə olur ki, biz namizədliyimizi verəndə pis kişi oluruq, Cəmil Həsənli verəndə yaxşı olur? Kimi təhqir etmişəm, kimi təhdid etmişəm?

Televiziya çıxışlarınızda onları asmaqla, öldürməklə təhdid edirsiniz.

Təhdid edirəmsə versin məhkəməyə. Biz deyirik ki, Milli Şuranı Rusiyadakı milyarderlər ərsəyə gətirib, Cəmil Həsənlini də bu məqsədlə ortaya atıblar, onun əliylə bizə təzyiq edirlər. Biz buna dözə bilmərik, axı... Necə olur ki, Əli Kərimli Əbülfəz Elçibəyə - öz liderinə zəhər verib öldürür?

Siz ötən seçkilərdə də eyni ittihamlarla çıxış etdiniz, Əli Kərimlinin Elçibəyi zəhərlədiyini iddia etdiniz. Hətta hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparsalar da, bir yerə vara bilmədilər. Sizin bu dəfə dediklərinizə niyə inanmaq lazımdır?

Mən rəsmi sənədlərlə çıxış etdim, onları təqdim etdim. Təsdiq olunmayacaq da, olunmayacaq. Elçibəyin öldürülməsi ilə bağlı məsələ qaldırdıq, nə qədər adam dindilirildi. Neyləyək ki, Respublika Prokurorluğunda xəyanətkar mövqe tutanlar var. Prokurorluq orqanları bu gün Əli Kərimlinin cinayətlərini gizlədir.

Prokurorluqda “xəyanətkar qüvvələr”in olduğunu iddia edirsiniz. Belədirsə, bunun günahkarı kimdir? Niyə həmin şəxslər birinci şəxs tərəfindən üzə çıxarılmır, cəzalandıırlmır?

Cəzalandırılacaqlar.

Nə zaman? Təxminən 10 ildir bu haqda danışırsınız...

İndi mən neyləyim ki, bu hakimiyyətdə vicdanını itirmiş insanlar var, hərəsi birinə himayədarlıq edir. Çalışırlar ki, dövlət başçısına təzyiq göstərisnlər.

Siz televiziya çıxışınızda dediniz ki, hakimiyyətə gəlsəniz “ermənilərin başına bomba yağdıracaqsınız”. Axı, Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Siz namizəd olaraq vətəndaşı təhdid etmirsinizmi? Dövlət başçısı, hər bir vətəndaşın təhlükəsizliyinin qarantı olmalıdır. Amma siz prezident olmağa iddialı şəxs kimi amansız danışırsınız.

Mənim xalqım 25 ildir zülm çəkir, nə qədər insan qaçqın düşüb. Amma ermənilər burda yaşayır, bizim vətəndaşlarımızı da ora qoymurlar. Bu, nə təəssübkeşlikdir? Qoy məni Avropada diktator adlandırsınlar. Avropa da mənə yalvarsın “dəymə ermənilərə” deyə, Amerika da. Biz torpaqlarımızı geri qaytaracağıq. Qoy bunu hamı bilsin.

Növbəti sualımızı sizin ötən il “Kulis.az”a verdiyiniz bir fikrinizə söykənərək veririk. Siz indi artistlikmi edirsiniz?

Necə, necə?

Müsahibədə demisiniz: “Siyasət nədir? Artistlikdir, roldur. Ağır işdir, murdar tərəfləri də var. Mən söz almaqdan ötrü yüz oyuna girməliyəm...” Siz indi də, bu çıxışınızla artistlik edirsiniz?

Biz artist deyilik. Artistlər başqa yerdədir. Mənim o yaşım deyil ki, artistlik edəm. Azərbaycanda Hafiz Hacıyevin kimliyini hamı gözəl bilir. Amma neyləyək ki, Qərb dövlətlərinin agenti olmadığımıza görə, onlar, maliyyələşdirdikləri AzadlıqRadiosu qədrimizi bilmir. Hafiz artistlik də etsə, nə də etsə xalqını bu zülmdən, Dağlıq Qarabağı işğaldan azad edəcək. Avropanın müdafiə etdiyi ermənilərin biri də orda qalmayacaq. Ona görə də Hafiz Hacıyev artist olacaq, aktyor olacaq, ya dirijor olacaq, onu zaman göstərəcək. Hər halda, görəcəksiniz.

XS
SM
MD
LG