Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:04

Hakerlər İŞİD-ə “müharibə” elan etdilər


Anonymous adlı hakerlər qrupunun yaydığı videoda deyilir ki, onlar Paris hücumlarına görə İslam Dövləti adlanan təşkilatın “ovuna” başlayırlar.

Britaniya mediasının yaydığı xəbərdə deyilir ki, Anonymous adlı hakerlər qrupu Paris hücumlarına görə İslam Dövləti adlanan təşkilatın “ovuna” başladığını elan edib.

Anonymous qrupu bütün dünyada ziddiyyətli təşkilat və fərdlərə qarşı həyata keçirdiyi kiberhücumları ilə tanınır.

Sözü gedən videoda qrupun ənənəvi Guy Fawkes maskasını taxmış şəxs deyir: “Yadınızda saxlayın ki, biz sizi hər yerdə tapacağıq və əldən buraxmayacağıq. Biz sizə qarşı bu vaxtadək görünməmiş ən böyük kiberhücum edəcəyik. Böyük hücumu gözləyin. Sizə müharibə elan etdik. Hazır olun”.

Bəyanatda deyilir ki, fransız xalqı bu sınaqdan daha güclü olaraq çıxacaq.

Anonymous: Biz sizə qarşı bu vaxtadək görünməmiş ən böyük kiberhücum edəcəyik. Böyük hücumu gözləyin. Sizə müharibə elan etdik. Hazır olun

Lakin qəribədir ki, bu videomüraciət qrupun ənənəvi YouTube kanalına yüklənməyib.

Bir-biri ilə birbaşa əlaqəsi olmayan könüllülərdən, şifrəçi və fəallardan ibarət qrup, İŞİD üzərinə ilk hücumunu ötən yanvarda, Parisdə Charlie Hebdo jurnalına qanlı basqından sonra etmişdi.

Foreign Policy məcmuəsinin dərin təhqiqatına görə qrup bugünədək İslam Dövləti adlanan təşkilata aid 149 sayta hücum edib, 101 min Tvitter hesabını açıb və 5900 təbliğat videosunu internetdən silib.

Tvitter cəbhəsində

Müxbirlər yazırlar ki, bu vaxtadək qeyri-siyasi qruplaşma sayılan Anonymous, son dövrlərdə internetdə ifadə azadlığının müdafiəçisinə çevrilib.

Bundan başqa onlar ağdərili irqçi Ku Klux Klan təşkilatına kiberhücum ediblər və Honq Konq demokratiya tərəfdarlarını dəstəkləyiblər.

Anonymous həmçinin Ərəb baharına dəstəyi ilə tanınır.

Amerikanın aqrokimya Monsanto korporasiyası da hücuma məruz qalıb.

Brooking İnstitutunun 2015-ci ilin martında verdiyi məlumata görə, 2014-cü ilin sentyabrı ilə dekabrı arasında İŞİD tərəfdarı olduğu güman edilən 46 min - 70 min arası Tvitter hesabı olub.

Bu məlumatda həmçinin deyilir ki, Tvitter şirkəti 2014-cü ilin sentyabrınadək İŞİD-ə aid olduğu güman edilən 1000-dək hesabı bağlayıb. Bu ilin aprelində, bir gün ərzində İŞİD şübhəlisi olan 10 min hesab bağlanıb.

XS
SM
MD
LG