BMT martın 20-ni Beynəlxalq Xoşbəxtlik günü elan edib. Çoxumuz uzun, uğurlu və xoşbəxt həyatın sirlərini tapmaq arzusundayıq.
«Bədəninizin qayğısına qalmaq vacibdir, ancaq münasibətlərinizə fikir verməyiniz də özünə qulluğun bir formasıdır. Məncə bu, yenilikdir», – Harvard Tibb Məktəbinin professoru, psixiatr Robert Waldinger ötən il universitetin «The Harvard Gazette» nəşrinə deyib.
Waldinger 2015-ci ildə internetdə çox paylaşılan «TED çıxışında» bildirmişdi ki, «yaxşı münasibətlər bizi xoşbəxt və sağlam saxlayır».
724 nəfərin həyatını izləyiblər
Hazırda davam edən tədqiqatsa dünyada böyüklərin həyatına həsr olunmuş ən uzun araşdırmadır. Tədqiqat 1938-ci ildə, Böyük Depressiya zamanı başlayıb.
Araşdırmanın məqsədi insanların həyatlarının ilk çağlarındakı psixi-sosial göstəricilər və bioloji proseslərin 80 və 90 yaşlarında onların səhhətinə, rifahına necə təsir etdiyini ortaya çıxarmaqdır.
Son 79 ildə tədqiqatçılar 724 kişinin həyatını izləyiblər. Onların hər biri ilə hər il görüşüb işləri, evdəki həyatları və səhhətləri ilə maraqlanıblar. Waldinger-in sözlərinə görə, bu insanlara təkcə sorğu kağızları verilməyib, onlarla evlərində müsahibə aparılıb, həkimlərindən tibbi qeydləri alınıb, qan analizləri götürülüb, beyinləri MRI-dan keçirilib və hətta uşaqları ilə söhbət edilib.
Waldinger öz çıxışında deyir ki, iştirakçılar iki qrupa bölünüb. Birinci qrup tədqiqat yeni başlayanda Harvard kollecində bakalavr təhsilinə yenicə başlamış, kolleci İkinci Dünya müharibəsi dövründə bitirmiş, çoxu təhsilini bitirdikdən sonra müharibəyə, hərbi xidmətə getmiş adamlardır. İkinci qrupsa 1930-cu illərdə Bostonun (eyni şəhərdir) yoxsul məhəllələrində böyüyən oğlanlardan ibarətdir. Alimlər onları məhz problemli, yoxsul ailələrdə böyüdüklərinə görə seçiblər.
Alimin sözlərinə görə, bu insanlar haqda on minlərlə səhifəlik tədqiqat məlumatı toplanandan sonra gəlinən aydın mesaj bundan ibarətdir: «Yaxşı münasibətlər bizi daha xoşbəxt və daha sağlam edir».
Kim daha sağlamdır?
Waldinger-ə görə, bu araşdırmadan münasibətlər haqda üç nəticə çıxarmaq olar: Sosial əlaqələr bizim üçün çox faydalıdır və tənhalıq insanı öldürür: «Belə çıxır ki, ailəsinə, dostlarına, icmasına daha bağlı insanlar daha sağlamdır. Onlar daha az sosial əlaqələri olan insanlardan daha çox yaşayır».
Əksinə, tənha qalmağa çalışmaq insana toksik təsir edir. Waldinger insanın hətta böyük bir kütlənin içində və ya evlilikdə belə tənha ola biləcəyini də vurğulayıb.
«Başqa insanlardan daha çox təcrid olunan insanlar daha az xoşbəxtdir, onların səhhəti daha tez korlanır, beyinlərinin funksiyası daha tez zəifləməyə başlayır. Onlar tənha olmayan insanlardan daha qısa ömür sürürlər», – Waldinger deyir.
Waldinger deyir ki, valideynləriniz və müəllimlərinizin sizə dediyi kimi, məsələ dostlara gələndə, iş onların sayında yox, yaxın münasibətlərin keyfiyyətindədir. O həmçinin, bu münasibətlərin sağlam olmasının vacibliyini vurğulayıb.
Münaqişəli evliliyin ziyanı
«Bəlli olur ki, münaqişənin ortasında yaşamaq sağlamlığınıza ziyandır. Çox münaqişəli, bağlılığın olmadığı evliliklər sağlamlığımıza çox, bəlkə boşanmadan da artıq ziyan vurur», – o deyir.
Xoşbəxt evlilik yaşayan 80-yaşlı kişilər və qadınlar daha çox fiziki ağrı duyduqları günlərdə əhvallarının yüksək qaldığını bildiriblər. Xoşbəxt münasibətlərdə olmayan adamlarda isə, əksinə, emosional ağrı fiziki ağrını daha da gücləndirib.
Waldinger yaxşı münasibətlərin beyinə, zehin açıqlığına, yaddaşın itiliyinə də təsir etdiyini deyib. Ehtiyac olduqda partnyorlarına güvənə bildiklərini hiss edən insanlar daha kəskin yaddaşa malikdirlər və hər şeyi daha uzun müddət yadda saxlayırlar. Əksinə, partnyorlarına güvənə bilməyəcəklərini düşünənlərinsə yaddaşı daha erkən yaşlarda zəifləyib.
Waldinger güclü, keyfiyyətli münasibətlər qurmaq istəyən adamlara ekran qarşısında keçirdikləri vaxtı insanlarla keçirməyi, birlikdə yeni işlər görməklə münasibətləri təravətləndirməyi, məsələn, uzun gəzintilərə, romantik görüşlərə çıxmağı, yaxud da illərlə əlaqə saxlamadığınız qohumunuza zəng vurmağı tövsiyə edir.