Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:28

Pirsaatın bəndlərini vaxtında bərkitsəydilər...


Qubalı kəndini su basıb.
Qubalı kəndini su basıb.

«Sel gəldi, bir inəyimi apardı, xeyli toyuq cücəmi... Evlərimiz hələ də suyun içində qalıb. Özümüz motor qoşub suyu çəkirik. Nə Fövqəladə Hallar Nazirliyinin vecinədir, nə də icra hakimiyyətinin...».

Bunu AzadlıqRadiosuna Hacıqabulun Qubalı kənd sakini Bəhruz Tağıyev deyir.

«PALÇIQLI SU DİZDƏNDİR»

Mayın 17-də səhər saatlarında Pirsaat çayının daşması nəticəsində Qubalı, Udulu, Tava, Paşalı, Tağılı və Cəngən kəndlərini su basıb. Bəhruz Tağıyevin sözlərinə görə, evlər və kənd təsərrüfatları suyun altında qalsa da, dövlət qurumları insanlara kömək etmir:

«Həyətlərimizdə palçıqlı su dizdəndir. Təkcə Qubalı kəndində azı yüz ev var. Çökəkdə olan evlərin hamısını su basıb. Özümüz həyətlərimizin suyunu motorla bacardığımız qədər çəkmişik. Adamların evləri ilə bərabər təsərrüfatı da zərər çəkib. Həyətlərdə toyuq, cücə qalmayıb. Bostanlar, əkinlər məhv olub».

Tava kəndinin sakini Saleh Quliyev deyir, evlərə yox, daha çox kənd təsərrüfatına zərər dəyib:

«Çayın daşması bu il də bizi ağlar qoydu. Əkin sahələrimizi su basdı. Bu il də məhsulsuz qaldıq».

«ELƏ BİL, BU ÖLKƏNİN VƏTƏNDAŞI DEYİLİK»

Kəndlilər indiyədək dövlət qurumlarının hadisəyə reaksiya verməməsindən narazıdırlar. Qubalı kənd sakini Qənirə Bəkirovanın sözlərinə görə, icra hakimiyyətinə etdikləri müraciətlər cavabsız qalıb:

«Elə bil, su altında qalan bu ölkənin vətəndaşı deyil. Biz evlərimizi sulardan xilas etmək üçün hansı ölkənin dövlət qurumlarına müraciət edək ki, əncam çəksinlər?.. Pirsaatın bəndini vaxtında bərkitsəydilər, ev-eşiyimiz, təsərrüfatlarımız əldən getməzdi».

Hacıqabul rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qurumun nümayəndələri kənddədirlər:

«Fövqəladə Hallar Komissiyası ilə nümayəndələrimiz hadisənin nəticələrini aradan qaldırmaq üçün ərazidədirlər».

Lakin sakinlər dövlət qurumlarının nümayəndələrinin ərazidə görünmədiyini deyirlər.

XS
SM
MD
LG