Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Həbsdəki alimin anası: ‘Ölüm ayağındadır balam...’


Tahirə Qasımova
Tahirə Qasımova

İstanbul Universitetinin doktorantı, ötən ilin avqustundan həbsdə olan Fazil Qasımov 121 gündür aclığını davam etdirdiyini deyir. O bu barədə oktyabrın 10-da öz məhkəməsində danışıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Aclığın fəsadları onun zahiri görkəmindən də bilinir. F. Qasımovun kəskin çəki itirdiyi açıq-aşkar görünür. Yaxınlarının dediyinə görə, 2023-cü ilin avqustunda həbs edilərkən, təxminən 70 kiloqram olan alimin çəkisi hazırda 33 kiloqrama enib.

F.Qasımov artıq sərbəst şəkildə gəzə bilmir. O, oktyabrın 10-da məhkəmə zalına gələrkən də qoltuq ağaclarından yararlanıb.

Təqsirləndirilən alim məhkəmədə Penitensiar Xidmətin əməkdaşlarından şikayətlənərək son vaxtlar onların sistemli şəkildə zorakılığıyla üzləşdiyini söyləyib:

“Sanki mənə qarşı zorakılıq, qeyri-insani davranış məsələsində yarışa giriblər. Keçən məhkəmə iclasından sonra qolumu elə burdular ki, az qaldı qırılsın, qışqırdım. Kameralar çəkə-çəkə zorakılıq edirlər, tədbir də görülmür”.

F.Qasımov məhkəmədə toplam 16 vəsatət qaldırıb. Vəsatətlərdən birində ona qarşı zorakılıqlarla bağlı araşdırma aparılmasını istəyib.

“Məhkəmə iclaslarının kamera görüntüləri də alınsın”

Təqsirləndirilən alim onu istintaqda dindirmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) müstəntiqi Yusif Yusifovun psixiatrik ekspertizadan keçirilməsini tələb edib. Bu barədə vəsatət qaldıran F.Qasımov deyir ki, onun ev dustaqlığına buraxılması, yaxud həbs qətimkan tədbirinin uzadılmasıyla bağlı qapalı məhkəmə iclaslarına qatılan müstəntiq Y.Yusifov, heç bir aidiyyəti olmadığı halda, Milli Şuranın sədri Cəmil Həsənlinin qızından, nəvəsindən söz açıb:

“Sübut kimi həmin məhkəmə iclaslarının kamera görüntüləri də alınsın. Obyektiv istintaq aparmaq üçün, ilk növbədə, bu insanın özü sağlam düşüncəli olmalı, başqasının şəxsi həyatına müdaxilə etməməlidir”.

F. Qasımov daha bir vəsatətində Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun məhkəmədə şahid qismində dindirilməsini istəyib. Bu vəsatətini əsaslandırarkən, oktyabrın 6-da yalan ifadəni təsdiqləməsindən ötrü məhz E.İsmayılovun ona hədə-qorxu gəldiyinə, nalayiq hərəkətlərlə şantaj etdiyinə diqqət çəkib.

F.Qasımovun məhkəmədə dindirilməsini istədiyi şahidlər arasında Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR-in) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu, onun vəkilləri Zibeydə Sadıqova, Şəhla Hümbətova da var.

Təqsirləndirilən alim cinayət işinin materiallarıyla tanış olmasına şərait yaradılmasını da məhkəmədən xahiş edib, bu haqda da vəsatət qaldırıb.

Bütövlükdə onun 16 vəsatətindən yalnız birinə - materiallarla tanışlıq məsələsinə müsbət cavab verilib. Qalanlarının heç biri təmin edilməyib.

Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.

Ölüm ayağındadır balam”

F. Qasımovun anası Tahirə Qasımova oğlunun həyatının təhlükə altında olduğunu söyləyir. Fazil Qasımovun heç bir cinayət törətmədiyini və günahsız olduğunu vurğulayan ana övladının həbsdən buraxılması üçün prezidentə müraciət edib:

“121 gündür acdır balam. Prezidentdən çox xahiş edirəm, balamı azadlığa buraxsın. Ölüm ayağındadır balam... Heç bir günahı yoxdur onun”.

F.Qasımovun Penitensiar Xidmətin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı dediklərinə bu qurumdan şərh almaq mümkün olmayıb.

Xatırlatma

Fazil Qasımovun 34 yaşı var. Ona Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldəetmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham verilib. O bu ittihamların heç birini qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

F.Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq, Bakıya gətirilib. İqtisadçı Qubad İbadoğlu ondan 15 gün öncə - iyulun 23-də saxta pul ittihamı ilə saxlanmışdı. İstintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verilmişdi.

Q.İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

F.Qasımov və Q.İbadoğluya ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG