Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Tramp Azərbaycanda siyasi məhbus sayılanları buraxdıra bilərmi...


İlham Əliyev ABŞ prezidenti Donald Trampın adından təşkil olunmuş qəbulda. 2017
İlham Əliyev ABŞ prezidenti Donald Trampın adından təşkil olunmuş qəbulda. 2017

Bu həftə ABŞ-da Donald Trampın yenidən prezident seçilməsinin Azərbaycanda insan haqlarının durumuna necə təsir edəcəyindən, COP29 iqlim konfransı öncəsi beynəlxalq təşkilatların həbsdə olanları azadlığa buraxmaq çağırışlarından danışırıq.

Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi dünyadakı proseslərə siyasi, iqtisadi, demokratik azadlıqlar baxımından hansı təsiri göstərəcək? Bu həftə dünyada ən çox danışılan mövzu məhz budur.

Azərbaycan prezidenti İlham Əliyev bu yay deyirdi ki, respublikaçılar administrasiyası ilə əlaqələri daha uğurlu və nəticəyönlü olub, Trampın prezidentliyi dövründə səmərəli əməkdaşlıq ediblər. Əliyev Trampa təbrik məktubunda ABŞ ilə tərəfdaşlığı bütün sahələrdə genişləndirmək əzmində olduğunu vurğulayıb.

AzadlıqRadiosuna danışan siyasətçilər Tramp administrasiyası dövründə Azərbaycanla münasibətlərdə xüsusi dəyişiklik olmayacağını deyiblər.

"Əslində" proqramı isə D.Trampın seçki kampaniyası dövründə verdiyi mesajları necə yerinə yetirəcəyi ilə bağlı təhlilçilərin fikirlərini öyrənib. Belə bir yanaşma var ki, Tramp dünya siyasətində Çin, Ukrayna, Yaxın Şərq və İranla məşğul olduqca, bunun təsirləri digər ölkələrdə, o cümlədən Azərbaycanda hiss ediləcək.

Tramp dövründə əslində dünyanı nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:07:10 0:00

"2013-cü ildə hakimiyyətdə demokratlar idi"

Vaşinqtonla Bakı arasında son bir ildə bəzi gərginliklər yaşanıb, ABŞ institutlarına şifahi hücumlar, birbaşa Bayden administrasiyasına qarşı açıq tənqidlər səslənib. Prezident Əliyev bir qrup konqresmenin dövlət katibi Antoni Blinkenə məktubuna sərt reaksiya vermiş, onun elə departamentdə yazıldığını demişdi. Konqresmenlər Blinkeni Azərbaycan hakimiyyətinə insan haqlarının müdafiəsi üçün təzyiq göstərməyə çağırmışdı.

Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində hansı dəyişikliyi gözləmək olar?

Umud Şokri
Umud Şokri

ABŞ-dakı Corc Meyson Universitetinə dəvət olunmuş aparıcı elmi işçi Umud Şokri AzadlıqRadiosuna deyir ki, Trampın qələbəsi ABŞ ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasına səbəb ola bilər. Bunun təməli isə onun öncəki administrasiyası dövründə qoyulub. Belə ki, Tramp Avropanın enerji təhlükəsizliyində Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə rolunu vurğulayıb. Təhlilçinin fikrincə, Trampın Ağ evə qayıdışı ilə Azərbaycanla strateji və iqtisadi tərəfdaşlıq önə çəkilə, demokratiya və insan haqlarına daha az diqqət ayrıla bilər: "Tramp administrasiyası… enerji layihələri və investisiyalara dəstəyi artıra bilər. Tramp həmçinin insan haqları məsələlərinə daha az əhəmiyyət verməklə iqtisadi əlaqələrdə potensial ziddiyyətləri azalda, Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional infrastruktur layihələrini dəstəkləyə bilər. Bu isə ABŞ investisiyalarına imkanlar açar".

Siyasi şərhçi Şahin Cəfərli AzadlıqRadiosuna deyir ki, demokratlar ritorikada insan haqları, demokratiya məsələlərini qaldırsalar da, praktikada bu məsələlər son sıralarda yer alıb. O, Azərbaycanda son həbslərin elə demokratların administrasiyası dövründə baş verdiyini qeyd edir: "ABŞ Azərbaycanı bir neçə dəfə siyasi məhbusları azad etməyə çağırdı, amma bunun bir nəticəsi olmadı. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların baş verdiyi 2013-cü ildə də demokratlar hakimiyyətdə idi. Prezident Obama idi. O zaman hansı reaksiya verildi, bu məsələləri qaldırdılarmı? Bu baxımdan, demokrat və respublikaçı administrasiyaların siyasətində kəskin fərq görmürəm".

Beynəlxalq çağırışlar davam edir. Nəticə olacaqmı?

Bu həftə 17 beynəlxalq insan haqları təşkilatı Aİ liderlərinə müraciət etdi ki, Bakıda COP29 iqlim konfransı zamanı siyasi ittihamlarla saxlananların məsələsini Azərbaycan hakimiyyəti qarşısında birbaşa qaldırsınlar, onların azadlığa buraxılmasına çalışsınlar. İnsan haqları qurumları bildirirlər ki, Azərbaycan hökuməti tənqidçilərini siyasi motivli həbslər, saxta kriminal ittihamlarla hədəfə alır.

Hakimiyyət adətən belə tənqidləri rədd edir, ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) hakimiyyəti iqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni dərhal azad etməyə çağırdı. F.Mehralızadə valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdədir. Özü ittihamları qurama sayır.

COP29 öncəsi Azərbaycana insan haqları, demokratiya ilə bağlı çağırışlar tez-tez eşidilir. Hakimiyyətin bu çağırışlara müsbət reaksiya verəcəyini gözləmək olarmı?

Şahin Cəfərli
Şahin Cəfərli

Şahin Cəfərli deyir ki, Azərbaycan hakimiyyəti "Qərblə münasibətlər" deyəndə daha çox ABŞ-ın mövqeyinə əhəmiyyət verir. Bayden administrasiyasının hakimiyyətdən gedə biləcəyini düşünən rəsmi Bakı onlara etinasız yanaşırdısa, respublikaçıların çağırışlarını daha ciddiyə ala bilər: "Hətta Tramp administrasiyası bu məsələni qaldırmasa belə, Konqresdəki respublikaçılar buna diqqət yetirirlər. Senatorlar bu məsələdə Trampa çağırış etsələr, ona müəyyən təzyiq göstərsələr, ABŞ hökuməti də Azərbaycanla ikitərəfli dialoqunda siyasi məhbus problemini qaldıra bilər və həlli ehtimalının da çox yüksək olduğunu düşünürəm".

Sülh sazişi və ABŞ-ın regiondakı rolu

Bu həftə Azərbaycanla Ermənistan sülh sazişi layihəsinə dair bir-birlərinə növbəti təklifləri çatdırdı.

ABŞ administrasiyası tərəfləri bu ilin sonunadək sülh sazişini imzalamağa çağırmış, özünün bundan ötrü "cəsarətli" təşəbbüslərə hazır olduğunu bildirmişdi.

Ş.Cəfərli deyir ki, Bayden administrasiyasının regionda prioriteti Azərbaycanla Ermənistanın tezliklə sülh sazişini imzalaması idi, Trampın mesajlarında da bu məsələ xüsusi yer tutub: "İndi fərq o ola bilər ki, Tramp administrasiyası Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırarsa, bunu qulaqardına vurmaq mümkün olmayacaq. Hər iki tərəf Trampın mövqeyini ciddiyə almağa məcbur qalacaq".

Təhlilçi burda əsas məsələnin Rusiya ilə ABŞ-ın maraqlarının toqquşmasında görür. Yəni, Rusiya özünün vasitəçilik etmədiyi sülh sazişinin imzalanmasına qarşı çıxarsa, Azərbaycan bu zaman çətin seçim qarşısında qala bilər.

Ancaq Umud Şokri Tramp administrasiyasının ABŞ-ın Cənubi Qafqazdakı rolunu azalda biləcəyini ehtimal edir: "Bu dəyişiklik regional oyunçulara fərqli təsir göstərə bilər: Trampın enerji siyasəti Azərbaycanın neft-qaz maraqlarına uyğun gəldiyindən Azərbaycan ABŞ ilə gücləndirilmiş əlaqələrdən faydalana bilər. Qərbin dəstəyinə çox arxalanan Gürcüstana bunun daha çox təsiri olar. Qərbpərəst baş nazir Nikol Paşinyanın idarə etdiyi Ermənistan isə ABŞ-dan daha az diqqət görər".

U.Şokrinin fikrincə, Trampın siyasətinin daha çox iqtisadi imkanlara, enerjiyə fokuslanması Azərbaycandan ötrü ABŞ sərmayəsinin perspektivini artırar. Ancaq eyni zamanda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçiliyini azaltması güc vakuumu yaradar ki, bu da digər regional güclərin, o cümlədən Rusiyanın təsirini artırmasına yol açar: "Demokratiya və insan haqlarına diqqətin azalması isə bu ölkələrdə daxili dinamikanı dəyişə bilər".

Bu məqamda ABŞ-ın hər iki partiyasının təmsil olunduğu Helsinki Komissiyasının sentyabrın 30-da yaydığı hesabatı yada salaq. Komissiya xəbərdarlıq edirdi ki, Birləşmiş Ştatlar Rusiya ilə "uzunmüddətli" qarşıdurmaya hazır olmalıdır. Hesabatda deyilirdi ki, Cənubi Qafqaz tarixinin "ən həlledici" anını yaşayır və Birləşmiş Ştatlar bu regiona yanaşmasını yenidən dəyərləndirməlidir.

Lobbi şirkətinə xərclənən pullar

Bu arada hakimiyyətin COP29 öncəsi öz imicini yaxşılaşdırmaq üçün xərclədiyi pullar dünya mediasına çıxdı. "Democracy for Sale" (Satılan Demokratiya) təşkilatı yazdı ki, britaniyalı siyasətçilərə yaxın "Teneo" lobbi şirkəti COP29 iqlim sammiti öncəsi Azərbaycanın imicini yaxşılaşdırmaq üçün 4.7 milyon dollar pul alıb. Britaniyalı məsləhətçilərə yarım iş günü çalışmaq qarşılığında ayda 25-50 min dollaradək bonuslar ödəniləcəyi iddia olunub. Teneo şirkəti və Azərbaycan hökuməti bu məlumatı şərh etməyib.

Hakimiyyətyönlü media yaxın vaxtlarda Azərbaycanın COP29-a sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğasının başladılacağını iddia edib. "Report"un məlumatına görə, bu təbliğatın əsas iştirakçıları ölkəyə qarşı "ifşaedici" nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı "Global Witness" və Britaniya BBC-dir.

Elə Teneo şirkəti ilə bağlı araşdırmada da "Global Witness"in adı keçirdi. Qrupun aparıcı araşdırmaçısı Lela Stenli deyirdi ki, "Azərbaycan kimi neft ölkələrinə kömək edən şirkətlər... ətraf mühit imicinin təmizlənməsində əlbirdirlər".

Gələn həftə – noyabrın 11-də Bakıda BMT-nin COP29 iqlim sammiti başlanır. AzadlıqRadiosu bu tədbiri geniş işıqlandıracaq, sizə özəl COP29 gündəliyi təqdim edəcək.

XS
SM
MD
LG