«Həkim səhvi ətraf mühitdən, cəmiyyətdən qismən təcrid olunmağıma, böyük psixoloji sarsıntı keçirməyimə səbəb oldu. Aydındır ki, həkimin mənə vurduğu zərəri heç nə ilə ödəməsi mümkün deyil. Lakin belə qeyri-peşəkar həkimlərin başqalarının da həyatını mənimki kimi məhv etməmələri, həkimin və klinikanın qismən də olsa, qanun qarşısında cavab verməsi üçün məhkəməyə müraciət qərarı verdim», – əməliyyatdan sonra əlil olmuş, adının açıqlanmasını istəməyən V.B. AzadlıqRadiosuna belə deyir.
O, əməliyyat olunduğu «Baku Medical Plaza»nı və əməliyyatı həyata keçirmiş həkim Ruslan Yusifovu məhkəməyə verib. Həkimin geri dönüşü olmayan səhvə yol verdiyini söyləyən iddiaçının sözlərinə görə, ona vurulmuş ziyanın tam müalicəsi yoxdur: «Fəsadı cəmi 30 faiz aradan qaldırmaq mümkündür, o da ciddi risklərlə, xarici ölkələrdə böyük vəsaitlər hesabına və həm də düzəlməmək ehtimalı ilə...».
Əməliyyatda sfinkterin (sfinkter – daxili və xarici büzüşmüş əzələlər anal dəliyin açılması və qapanmasına nəzarət edir) ciddi zədələnməsi səbəbindən V.B.-da düz bağırsağın qapayıcı aparatının çatışmazlığı (II-III dərəcə anal sfinkter çatışmazlığı) yaranıb.
***Buna da bax-'Azərbaycan tibb sahəsində 100 il geri qalıb' [video]
33 yaşlı V.B. danışır ki, anus ətrafı nahiyədən qanlı-irinli axıntı şikayətilə Milli Onkologiya Mərkəzinə müraciət edib. Orada müayinədən sonra ona cərrah-proktoloqa müraciət etməyi məsləhət görüblər. O da Mərkəzi Neftçilər Xəstəxanasının proktologiya şöbəsinin həkimi Ruslan Yusifova üz tutub: «Ruslan Yusifov həmin şöbədə çalışan Seymur həkimi də dəvət etdi. Yaramı əllə müayinə edib dedi ki, mütləq əməliyyat lazımdır. Əlavə etdi ki, çox sadə əməliyyatdır, dəfələrlə bu cür əməliyyatlar edib. Həkim olan bacım Məlahət Ruslan Yusifovdan soruşdu ki, diaqnoz üçün MRT müayinəsi edək? Cavab verdi ki, ehtiyac yoxdur, sadə növ fistuldur. Bacım yenə soruşdu ki, fistuloqrafiya edəcəksiz? Həkim dedi ki, çox sadə olduğu üçün əməliyyat zamanı edəcək. Məsləhət gördü ki, daha yaxşı avadanlıqlara görə əməliyyatı onun çalışdığı digər tibb müəssisəsində – «Baku Medical Plaza»da eləyək».
«Nə normal işləyə bilirəm, nə uzaq yol gedə bilirəm...»
Xəstənin üzərində fistulotomiya əməliyyatı aparılıb, yaxınlarına da deyilib ki, əməliyyat uğurlu keçdi. Amma əməliyyatdan sonra uzun müddət yara bitişməyib, xəstənin durumu əvvəlkindən də ağırlaşıb. Səhhətində yeni problemlər əmələ gəlib, nəcis və qazları saxlamaq mümkünsüzləşib. Bir müddət sonra başqa həkimə müraciət edən V.B. aldığı cavabdan şoka düşdüyünü söyləyir: «Həkim Emin Cavadov müayinədən sonra dedi ki, əməliyyatda sfinkter böyük zədələnib, ona görə düz bağırsağın qapayıcı aparatının II-III dərəcə çatışmazlığı yaranıb. Həkim təəccübləndi ki, sfinkterin bu şəkildə kəsilməsinə hələ rast gəlməyib».
***Buna da bax-Azərbaycan vətəndaşları niyə vaxtında həkimə getmir? [video]
V.B. daha sonra Moskvada A.N.Rıjik adına Koloproktologiya Elmi Mərkəzinə müraciət edib, orada da eyni diaqnoz qoyulub: «Professor Kuzminov əməliyyatda həkimin bu kobud səhvə yol verdiyini dedi. Məlum oldu ki, səhhətimdə baş vermiş dəyişikliyi aradan qaldırmaq üçün ağır kosmetoloji əməliyyata ehtiyac var. Əməliyyat zamanı bağırsağın aylarla bədəndən kənara çıxarılmış vəziyyətdə qalması gənc insan üçün psixoloji baxımdan çətin idi. Mən həkim səhvi nəticəsində üçüncü qrup əlil oldum. Sfinkterin 2/3-nin kəsilməsi insan həyatının məhv edilməsidir. Mən nə normal işləyə bilirəm, nə uzaq yol gedə bilirəm, nə də arzu etdiyimdə dostlarımla görüşə bilirəm…».
Azərbaycandakı həkim səhvi Avropa Məhkəməsinə doğru...
Xətai Rayon Məhkəməsində hakim İlahə Abbasova həkimə və klinikaya qarşı iddianı təmin etməyib. Hərçənd, məhkəmə-tibbi ekspertizasının da ortada həkim səhvini təsdiqləyən ekspert rəyi var. Hakim prosesin gedişində iddiaçının etirazına baxmayaraq, təkrar ekspertiza təyin edib. Yeni rəy həkimin xeyrinə olub. Hakim də ona əsaslanaraq iddianı rədd edib.
Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılıb. İddiaçı tərəf prosesə Səhiyyə Nazirliyinin də cavabdeh kimi cəlb olunmasını istəyib.
***Buna da bax-Rəsmən 180, faktiki 7-8 min manat maaş alan həkimlər...
«Səhiyyə Nazirliyinin də xəbəri olsun ki, klinikalarda nələr baş verir», – iddiaçının vəkili Aqil Layıcov bildirib.
Vəkilin daha bir vəsatəti yenidən ekspertiza keçirilməsi barədə olub: «Ortada iki bir-birinə zidd rəy var. Məhkəmə niyə onlardan birinə əsaslanıb? Bəs o birisi? Məntiq də deyir ki, əgər iki sübut arasında ziddiyyət varsa, onun hansı birinin doğru olduğunu mütləq müəyyənləşdirmək lazımdır. Bunun da yolu daha bir ekspertiza təyin etməkdir».
Cavabdeh həkim R.Yusifov və klinikanın nümayəndəsi hər iki vəsatətə etiraz edib.
Hakimlər də nə vəsatətləri təmin edib, nə də apellyasiya şikayətini. Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Həkim R.Yusifov səhvə yol verməsi barədə ittihamlarla razılaşmır. O, AzadlıqRadiosuna deyir ki, mütləq müayinə metodlarının hamısından istifadə edib: «Hər bir cərrahiyyə əməliyyatı üçün göstərişlər və əks göstərişlər var. Qərarın qəbulu həm də əməliyyatın gedişindən asılıdır».
Onun sözlərinə görə, əməliyyatda bəzən elə hallar baş verir ki, onu saxlayıb, xəstənin yaxınlarının rəyini almaq mümkün olmur.
V.B. qərardan Ali Məhkəməyə şikayət verib, kassasiya şikayəti də təmin olunmasa, bu işi Avropa Məhkəməsinə çıxarmaq niyyətindədir.