Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

45 ilin cərrahı 5-yaşlı uşağın ölümündə suçlanır: vaxtında əməliyyat etməyib


Həkim. Foto illüstrasiya
Həkim. Foto illüstrasiya

5-yaşlı Gülüm Abidovanın valideynləri onun ölümünə görə Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimini günahlandırır. Elə prokurorluq və məhkəmə də belə nəticəyə gəlib ki, uşaq həkim səhlənkarlığı nəticəsində vəfat edib - cərrah Şöhrət Əhmədov yubatmasaydı, vaxtında uşağı əməliyyat eləsəydi, bəlkə də, ölümün qarşısını almaq mümkün olardı.

45 ildən çox həkim-cərrah kimi fəaliyyət göstərən Şöhrət Əhmədov isə özünü təqsirli bilmir. Deyir ki, təlimata uyğun davranıb, əlindən gələni edib, uşağın valideynləri öz istəyi ilə onu Bərdədən Bakıya aparıb.

"İki saat sonra gəldi, dedi ki, sanki yaxşılaşıb"

Hadisə 2021-ci ilin avqustunda baş verib. Gülüm Abidova avqustun 4-də axşam saat 17.00 radələrində yaşadıqları həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Həmin gün valideynləri onu Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediyinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib.

Ana Lalə Abidova deyir ki, evdə 6-aylıq başqa bir körpəsi də vardı. Həkim Gülümdə ciddi problem olmadığını deyəndən sonra onu götürüb evə gətirmək qərarına gəliblər. Xəstəxananın həkimi də buna etiraz etməyib.

Həmin axşam uşaq heç nə deməyib, gecə saatlarında bir dəfə oyanıb, su içib və yatıb. Avqustun 5-də səhər saatlarında yenə qarın nahiyəsində ağrılar olduğunu deyib. Bu səbəbdən uşağı saat 11:30 radələrində yenidən xəstəxanaya aparıblar. Bu dəfə həkim-cərrah Şöhrət Əhmədov baxıb.

"Əvvəl heç baxmadı, dedi ki, "görmürsən, başqa uşağa baxıram?". Sonra baxıb dedi ki, uşaq şokdadır, ultrasəs müayinəsindən keçirilsin, cavaba baxıb nəsə edəcək. Sonra tibb bacılarına göstəriş verdi ki, "sistem köçürün, özüm də sünnət əməliyyatım var, onu eləyib gəlirəm". İki saat sonra gəldi, dedi ki, sanki yaxşılaşıb...", – ananın sözləridir.

"Həkim bizə dedi ki, bu uşağı niyə bu vəziyyətə salmısınız?"

Abidova məhkəmədə danışıb ki, uşağına daha bir sistem köçürülüb. Getdikcə Gülümün vəziyyətinin daha da pisləşdiyini görüb həkimin kabinetinə gediblər. O isə bildirib ki, Bərdə xəstəxanasında uyğun şərait yoxdur, yaxşısı budur Bakıya aparsınlar: "İrad bildirdik ki, indi niyə deyirsiz bunu? Bayaqdan niyə bizi yubadırsız bəs?".

Axşam saat 17:00 radələrində uşağı təcili yardım maşınıyla Bakıya gətiriblər. Saat 20:00 radələrində xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib: "Ora çatanda həkim bizə dedi ki, bu uşağı niyə bu vəziyyətə salmısınız? Ölü vəziyyətdədir artıq...".

Cinayət işinin materiallarında iddia olunur ki, cərrah Əhmədov dərhal konsilium təşkil etməli, qarın boşluğu açılmalı, uşaq əməliyyat edilməliydi. Lakin bunları etmədən intoksikasiya əlamətləri olan xəstəni Bakıya göndərməklə xeyli vaxt itirilib. Bağırsağın cırılması nəticəsində yaranmış patoloji proses daha da dərinləşib və ölümə gətirib çıxarıb.

"Onlar da dedilər ki, "bu xəstə buradan sağ çıxası deyil""

71-yaşlı cərrah Əhmədov isə deyir ki, uşağın Bakıya aparılması valideynlərin təşəbbüsüylə olub. Onun sözlərinə görə, Gülümün bədəninə baxıb, qarın nahiyəsində qançır, göyərmə və s. iz olmayıb. Uşağı müayinə edib, ona sistem köçürülüb. Buna baxmayaraq, uşağın şok vəziyyətindən çıxmadığını görüb bunun küt travma olduğunu düşünüb. Cərrah bildirib ki, uşağın vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini görüb bunu valideynlərinə çatdırıb: "Xəstə göyərmişdi, ağır şok vəziyyətində idi. Valideynlər dedilər ki, "əgər belədirsə, uşağı Bakıya aparaq. Mən də dedim ki, "istəyirsinizsə, aparın, mən əlimdən gələni elədim". Konsultasiya üçün bu barədə cərrahiyə şöbəsinin müdiri Ədalət Süleymanov və anestezioloq Seymur Orucova da bu barədə dedim. Onlar da dedilər ki, "bu xəstə buradan sağ çıxası deyil, Bakıya təxliyə edin"".

Cərrah Əhmədovla yanaşı, 58-yaşlı Ədalət Süleymanov da bu ölüm işinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həkimlə yanaşı, ona da CM-in 314.2 (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham verilib.

2007-ci ildən şöbə müdiri olan Süleymanov deyir ki, Gülümlə bağlı baş verənlərdən prokurorluqda - uşağın ölümünə dair təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olanda xəbər tutub: "Mənə Şöhrət həkim demişdi ki, xəstəyə tibbi yardım göstərəndən sonra valideynlər uşağın Bərdədə əməliyyat olunmasına etiraz ediblər, Bakıya aparıblar".

"Dörd şöbə bir yerə yığılıb..."

Süleymanov əlavə edib ki, xəstəxana TƏBİB-in tabeliyinə veriləndən sonra struktur dəyişikliyi getmişdi, onun şöbə müdiri olması rəsmiləşdirilməmişdi: "Dörd şöbə bir yerə yığılıb, hər şöbənin də müdiri yerində qalıb".

O, cərrah Əhmədovun sözügedən uşaqla bağlı onunla məsləhətləşmə aparması, sonra Bakıya göndərməsi haqda dediklərini də təkzib edib.

Uşağın anası deyib ki, Süleymanovu tanımır, ondan şikayətçi deyil, çünki övladına da şöbə müdiri baxmayıb. Amma cərrah Əhmədovdan şikayətçidir: "Şöhrət uşağımı vaxtında əməliyyat eləmədi...".

Bərdə rayon Məhkəməsi avqustun 4-də Gülümün ölümüylə bağlı hökm çıxarıb. Məhkəmə şöbə müdirinin təqsirsiz olduğu qənaətinə gəlib, ona bəraət verib. Əhmədov isə 1 il həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 2 il azadlığı məhdudlaşdırılıb.

XS
SM
MD
LG