Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Toxumda idxaldan yüksək asılılıq qalmaqdadır


Kəndli niyə taxıl əkmək istəmir?
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Kəndli niyə taxıl əkmək istəmir?

Hesablama Palatası hökumətin toxumçuluq sahəsində atdığı addımların səmərəlilik (performans) auditini aparıb. Audit 2019-2022-ci illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyəti əhatə edib. Bəlli olub ki, toxumçuluqla bağlı fəaliyyətdə ciddi çatışmazlıqlar var.

Hüquqi aktlar tələblərə cavab vermir

Hesablama Palatasının auditində bildirilir ki, toxumçuluq sahəsindəki mövcud hüquqi aktlar müasir dövrün tələblərinə cavab vermir və təkmil beynəlxalq təcrübəyə uyğun deyil. Bu üzdən, qüvvədə olan hüquqi aktlar nəinki bu sahənin inkişafına şərait yaradır, əksinə, sahənin inkişafını əngəlləyir. Qüvvədə olan hüquqi aktların əsas çatışmazlıqlarından biri toxum dövriyyəsinin bütün mərhələlərini (idxal, yerli alış, satış, reproduksiya, emal, utilizasiya və s.) tənzimləyə bilməməsidir. Bununla yanaşı, mövcud hüquqi aktlar yerli hibrid toxumçuluğun inkişafını və ilkin toxumçuluq mərhələsində toxumların artırılmasını təşviq etmir.

Kənd təsərrüfatı ilə bağlı büdcə sənədlərində də oxşar çatışmazlıqlar üzə çıxıb. Dövlət büdcəsinin "kənd təsərrüfatı" bölməsinin ortamüddətli xərclər çərçivəsində fəaliyyət planları ilkin toxumçuluğun əhatə dairəsinin genişləndirilməsini, yerli istehsal toxumların keyfiyyətcə yüksəldilməsini nəzərə almayıb. Üstəlik, yerli toxumlardan yararlanaraq əkin sahələrinin artırılması, toxumçuluq sahəsində idxaldan asılılığın azaldılması kimi aktual istiqamətlər də gözardı edilib. 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair proqramda nəzərdə tutulsa da, Ağsu rayonunda yem və toxum istehsalı kompleksinin yaradılması istiqamətində də zəruri tədbirlər görülməyib.

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Yerli toxum istehsalı artsa da...

Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, 2020-ci ildə buğda üzrə toxum tələbinin yalnız 56 faizi, arpa üzrə 17 faizi yerli istehsal toxum hesabına təmin edilib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 74 və 42 faizə yüksəlib. Deməli, yerli istehsal toxumun istifadədə payı artsa da, Azərbaycanın xarici ölkələrdən ciddi toxum asılılığı hələ də qalmaqdadır. İdxal toxumdan asılılıq tərəvəz, bostan, kartof, meyvəçilik və pambıq üzrə daha çox olub. İdxaldan asılılıq toxumçuluqla yanaşı, tingçilikdə də özünü göstərir. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə əkin subsidiyası ödənmiş bağlarda toplam 3 milyon 999 ədəd tingə subsidiya ödənilib. Onlardan cəmi 38 faizi yerli sort ting olub.

Yerli toxum və tinglərdən istifadənin genişlənməməsinin əsas səbəblərindən biri bu sahədə fəaliyyətin düzgün qurulmamısıdır. Məsələn, araşdırma nəticəsində aydın olub ki, toxuma tələbatla bağlı fermerlərin müraciətləri araşdırılmayıb və bu müraciətlərə dair elektron baza (arxiv) formalaşdırılmayıb. İllər üzrə toxum idxalı artan bir çox bitki növü də nəzərə alınmayıb. Bu da idxal toxuma tələbin artdığı həmin sahələrin dövlət dəstəyi mexanizmlərinə daxil edilməməsi ilə nəticələnib.

Audit aparılan dövrdə qəbul edilmiş qərarlar da toxumçuluğa mənfi təsir göstərib. Belə ki, 2019-2022-ci illərdə pambıq, çəltik və çay bitkiləri üzrə keyfiyyətli toxum sortlarının kvota miqdarı azaldılıb. Ancaq qərar qəbulu zamanı öncəki dövrdə pambıqçılıq, çəltikçilik və çayçılığın inkişafına dair sənədlərdə bu sahələrlə bağlı qoyulan hədəflər nəzərə alınmayıb. Halbuki həmin sahələrin gəlişməsi üçün nazirlik bu istiqamətlərə əsaslı vəsait xərcləyib. Beləcə, belə koordinasiyasız fəaliyyət nəticəsində həmin sahələrdə idxal toxumdan asılılıq artıb.

Gübrə bahalığından zərər görən kəndli: 'Məhsulu ucuz satır, banka düşür, bədbəxt olur'
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00

Orta yaş 70-i aşır

Hesablama Palatasının araşdırması göstərir ki, toxumçuluq fəaliyyəti ilə məşğul elmi-tədqiqat institutlarında elmi heyətin orta yaş həddi 70 yaşı aşır. Gənc mütəxəssislərin bu sahəyə maraq göstərməməsi səbəbsiz deyil. Araşdırma nəticəsində bəlli olub ki, bu müəssisələrə büdcədənkənar vəsaitlər, adətən, ilsonu daxil olur. İlin sonunda xərclənmədən qalan vəsait yüksək keyfiyyətli toxumların istehsal və satışına yönləndirilmir. Halbuki, bu baş tutsa, həmin müəssisələr daha rentabelli fəaliyyət göstərə bilərdi. Bu vəsait hesabına əməkhaqqı ödəməklə həvəsləndirici mexanizmlər hazırlanmadığından gənc kadrların toxumçuluq sahəsində fəaliyyət göstərən elmi müəssisələrə marağı yetərsizdir.

Araşdırma nəticəsində o da bəlli olub ki, genofond nümunələrinin saxlanmasında da çoxsaylı çatışmazlıqlara yol verilib. Bitki nümunələri qeydiyyatının aparılmaması, müşahidə nəticələrinin elektronlaşdırılmaması, mövcud avadanlıqların funksionallığının aşağı olması, müasir metodlardan istifadə edilməməsi bu sahədəki əsas problemlərdir.

Dövlət resurslarından səmərəli istifadə edilməyib

Hesablama Palatasının toxumçuluq sahəsi ilə bağlı araşdırması bu istiqamətdə dövlət resurslarından da istifadədə səmərəsizliyə yol verildiyini göstərir. Məsələn, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Təsərrüfatı Ortaq Müəssisəsinə təhkim olunmuş 120 hektar torpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilib və müxtəlif təyinatlı obyektlər tikilib. Dövlət sort-sınaq məntəqələrinə aid torpaqlarda da eyni hal müşahidə edilib. Dövlət qurumları ilə razılaşdırmadan müqavilələr bağlanıb və ya hər hansı rəsmiləşdirmə aparılmadan torpaq sahələri kənar şəxslərə istifadəyə verilib. Bununla yanaşı, 903 min manatlıq texnika üstü örtülməyən ərazidə istifadəsiz saxlanılıb. Tovuz Təcrübə Stansiyasının laboratoriya binasının köhnəlməsi və sıradan çıxması üzündən elmi-tədqiqat və laboratoriya işlərinin əslində yerinə yetirilmədiyi də aşkarlanan faktlar arasındadır.

XS
SM
MD
LG