50 il öncə, iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi hakimiyyətə gəlib.
Hazırda onun oğlunun rəhbərlik etdiyi hakim komanda öz siyasətində Heydər Əliyev ideyalarını davam etdirdiyini bəyan edir. Orta məktəblərdə Heydər Əliyev “Azərbaycan xalqının ulu öndəri”, “müasir Azərbaycan dövlətinin yaradıcısı” və “əsas ideoloqu” kimi tanıdılır.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Şəmsəddin Hacıyev deyir ki, Heydər Əliyevin hakimiyyətdə olduğu ilk 13 ildə, 1969-1982-ci illərdə, Azərbaycan hərtərəfli inkişaf edib:
“13 il ərzində tamamilə hər şey dəyişdi. Azərbaycan aqrar ölkədən, sənaye ölkəsinə çevrildi. Minlərlə zavod və fabrik tikildi. Sumqayıtda böyük neft kimya sənayesinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişi, Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi onun şəxsi keyfiyyətləri, biliyi, intelekti ilə bağlı idi”.
Heydər Əliyev 1982-ci ildə Bakıda rəhbərlikdən daha yuxarı, ozamankı Sovet İttifaqının mərkəzi olan Kremlə aparıldı. 1987-ci ilə qədər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü oldu. Amma 1987-ci ildə o vaxtkı SSRİ rəhbəri Mikhail Gorbachev onu bu vəzifədən azad etdi. Şəmsəddin Hacıyev deyir ki, buna da səbəb Heydər Əliyevin Gorbachev-in apardığı siyasəti aşkar şəkildə tənqid etməsi idi.
Bundan sonra Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinə sədrlik etdi.
1993-cü ildə isə o zaman hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi hərbi hissələrindən birində baş qaldıran qiymanın fonunda Heydər Əliyev Bakıya dəvət edildi və beləliklə qısa müddətdə o yenidən, ikinci dəfə hakimiyyətə gəldi.
O, 2003-cü ildə vəfat etdi, amma özündən sonra oğlu İlham Əliyevin hakimiyyətə gəlişini təmin edəndən sonra. Beləliklə, 2003-cü ildən bəri ikinci Əliyev - onun oğlu İlham Əliyev hakimiyyətdədir.
"Amma Heydər Əliyev gözəl bir tamaşa qura bilmişdi"
AXC hakimiyyəti dövründə baş nazirin müavini işləmiş, politoloq Hikmət Hacızadə deyir ki, Heydər Əliyevçilər onun ən böyük nailiyyəti kimi sabitliyi örnək göstərirlər. Lakin o, bu sabitliyi “qəbirstanlıq sükutu”na bənzədir. Deyir ki, insanlar susdurulub, vətəndaşların başı gündəlik qayğılarına qarışıb:
“Amma Heydər Əliyev gözəl bir tamaşa qura bilmişdi. Xariclər gəlirdi, göstərirdi ki, bax, demokratiya var, jurnalistlər müsahibə götürür, istədikləri sualları verir. O, çox gözəl görüntü yarada bilmişdi. Siyasi partiyalar azad fəaliyyətdədir. Jurnalistlər var, mən onlara müsahibə verirəm. Sən hakimiyyət üçün fiziki təhlükə deyilsənsə, Heydər Əliyev danışmağa icazə verirdi. Belə siyasətçilərdə isə gərək böyük istedad olsun”.
Hikmət Hacızadə deyir ki, Heydər Əliyev oğlundan fərqli olaraq, qurduğu bu sistemi idarə edə bilirdi. O, Qərbə yaxınlaşır, Avropa Şurası kimi müxtəlif beynəlxalq təşkilatlara üzv olurdu. Hikmət Hacızadənin ümumiləşdirməsinə görə, Heydər Əliyev həm ölkədə nəzarəti əlində saxlaya, həm də demokratikləşən müasir Azərbaycan görüntüsü yara bildirdi.
Onun fikrincə özünü atasının davamçısı adlandırsa da, İlham Əliyev Heydər Əliyev yolunu gedə bilmir.
Bəs, sadə vətəndaşlar Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi barədə nə bilirlər:
Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov 1992-1994-cü illərdə, həm AXC, həm də Heydər Əliyevin hakimiyyəti dövründə prezident aparatında baş məsləhətçi işləyib. O deyir ki, Heydər Əliyevin birinci və ikinci dəfəki hakimiyyəti dövründəki oxsarliq daha chox regionçuluqla baglidır. O, təəssüflənir ki, Azərbaycanın milli dövlətçilik ideologiyası yoxdur:
“Yeniləşən cəmiyyət üçün yaxşı nəsə gözləyirsizsə, bunun milli dövlətçilik ideologiyası olmalıdır. Heydər Əliyev bəzi tezislər verdi, Azərbaycançılığı və sairi vurğuladı. Ancaq mən hələ onda da dedim ki, Azərbaycançılıq ideologiya deyil, ideyadır. O, vahid bir dövlətçilik ideologiyasının bir elementidir. Bunu işləmək lazımdır. Bu gün Azərbaycanın milli dövlətçilik ideologiyası yoxdur”.
Bəs, Əhülhəsən Abbasov niyə milli dövlətçilik ideologiyasını bu qədər önəmli sayır. O deyir ki, hakimiyyətlər dəyişsə belə, vahid dövlətçilik ideologiyası bir mayak rolunu oyana bilər. Əks halda şəxsi maraqlar, nüfuz kimi hallar ön plana keçə bilər.
Heydər Əliyevin siyasi fəaliyyətinə münasibət birmənalı deyil. Heydər Əliyev Azərbaycanın “xilaskarı”, onu “parçalanmaqdan, bölünməkdən qurtaran” dövlət başçısı kimi dəyərləndirənlər də var, rəqiblərini sıradan çıxaran, təməl insan haqlarını pozan, hakimiyyəti oğluna ötürməklə monarxiya qurduğunu düşünənlər də.