Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 15:37

'20 kiloqramlıq quzunun birini 240 manata güclə satdım'


Xırdabuynuzlu heyvanların sayında 9 faiz azalma var.
Xırdabuynuzlu heyvanların sayında 9 faiz azalma var.

"Heyvandarlıqla da yaşamaq olmur daha. Biri 210 manatdan 40 baş quzu almışdım. Otunu, yemini, dərmanını, baytar xərcini, bazara gediş-gəliş pulunu hesablayanda 3 min manatdan artıq ziyan elədim. Sonra da aşağı qiymətə satası oldum", - bu sözləri AzadlıqRadiosuna heyvandarlıqla məşğul olan Hüseyn Əliyev söyləyir.

Üç övladını heyvandarlıqdan qazandığı pulla böyüdüb oxutduğunu deyən H.Əliyev yaşadığı Bərdə rayonunda son aylar heyvan bazarında durğunluqdan narazıdır: "Beş aya yaxın xərc çəkib birtəhər saxladım, sonra gördüm alınmır. 20 kiloqramlıq quzunun birini azı 330 manata satmalı olduğum halda, 240 manata güclə satdım".

28 il qoyun-quzu alveri ilə çörəkpulu qazanan fermer özünü inək-camış satışında sınamaq istəyib. Bazarda xırdabuynuzluların diri çəkidə satış qiymətində 100 manat, iribuynuzlu heyvanlarda isə 150-200 manat azalma olduğunu deyir: "Kredit ilə 6 min manat götürüb (dörd böyük, bir balaca) camış heyvanı almışam. Halbuki o heyvanın qiyməti əvvəlki aylar 850-900 manat idi, indi ucuzlaşıb 690 – 700 manat olub. Yəqin ki, satanda da ucuz satacam. Bir heyvanın müalicəsinə ildə 50-60 manat pul xərclənir. Dərmanlar bahalı, əvvəllər İrandan gətirmək olurdu ucuz qiymətə, indi o da alınmır".

İdxal da artır, yonca qiyməti də

Göyçayda heyvandarlıq təsərrüfatı ilə məşğul olanlar da eyni problemi dilə gətirirlər. Rayon sakini Həsən Məmmədov danışır ki, regionlarda ot və yem məhsullarının qiymətində artım var, bu da onların xərclərini çoxaldır.

"Bu gün yoncanın bağlaması 7 manatdan bahadır, yay boyunca, sentyabrda 5 manat idi. Hər il min bağlama ot alıram. Quraqlıq ota da təsir göstərdi, əvvəllər hektara 300 bağlama çıxardı, indi 60 bağlama güclə çıxdı. Bu da qiyməti qaldırdı və qaldıq pis durumda. Bir tərəfdən də Rusiyadan, Gürcüstandan iri və xırdabuynuzlu heyvanlar gətirilir, bu bazar ancaq onlar üçündür", - Məmmədov deyir və idxal edilən heyvanlara görə yerli sort heyvanlarını heç öz qiymətinə belə sata bilmədiyini əlavə edir: "Hamının heyvanını alıb kəsmirlər, kiçik məntəqələr ucuz alır, sərf etmir, böyük məntəqələr isə hər adamdan almır. Bu sahədə də monopoliya baş alıb gedir".

Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Nisyə dəftərindəki heyvanlar

"Əksər fermerin nisyə dəftəri var, qəssab heyvanı nisyə alır, ətini satdıqca ödəyir", - bunu isə Şamaxıda heyvanlarını bazara çıxaran fermer Əyyub Rəhimov söyləyir. O da gəlirlərinin azaldığını qeyd edir: "Mən heyvan satıb qazanaraq evlənmişəm, sonra qızımı gəlin köçürmüşəm. İndi isə bu aydan o birinə necə keçəcəyimin dərdini çəkirəm. Hazırda rayonda mal və qoç ətinin qiyməti 15-16 manata, quzu əti 17-18 manatadır. Heyvan bazarına çıxarılan heyvanların isə kiloqramını diri çəkidə 2-3 manat ucuz satırlar".

Rəhimov əlavə edir ki, ətin bahalaşması diri heyvanın bahalaşmasından qaynaqlanmır, əksinə, qiymətlər enməkdədir.

Rəqəmlər nə deyir

Dövlət Statistika Komitəsinin bu ilin oktyabrında yaydığı informasiyaya əsasən, ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 533.1 min baş olub. Xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 223.2 min baş təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz azalma var.

Bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74 faizdən artıqdır.

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycan xaricdən mal əti idxalını da 93.3 faiz artırıb.

Diri heyvan idxalında Azərbaycan üçün iki əsas bazardan biri Rusiyadır. Hazırda Rusiyada inflyasiya sürətlənib. İyulda qoyun ətinin istehsalçı qiymət indeksi iyunla müqayisədə 21.3 faiz artıb. Pərakəndə satışda isə qoyun əti cari ilin birinci yarısında 9.7 faiz bahalaşıb. Bu da onu deməyə əsas verir ki, Rusiyadan diri qoyun idxalı bahalaşacaq.

'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Bazarın təhlili

Heyvanların sayının azalması və qiymətinin aşağı düşməsinə baxmayaraq, rayonlarda əhalinin əksər hissəsi ətin qiymətindən narazıdır. Bir çox bölgədə mal ətinin satış qiyməti 12-16, qoyun və quzu əti 15-19 manat arası dəyişir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Təhlillərə əsasən, bahalaşmaya ilk öncə ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalması səbəb olur. Azalmaya da ilkin səbəb yemin bahalaşması hesab olunur.

Rayon bazarlarında soraqlaşdığımız fermerlər son 10 ildə yemin qiymətində növündən asılı olaraq iki-beş dəfə arası artım olduğunu söyləyirdi. Həm rəsmilər, həm də fermerlər ölkədə örüş və otlaq sahələrin azalmasını əkin sahələrinin genişlənməsi ilə bağlayırlar. Statistikalar onu deməyə əsas verir ki, son illər təyinatından asılı olmayaraq əkinə yararlı bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Otlaq sahələrinin azalması kəndlinin mal-qara saxlamasını çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir.

Çəkisinin çoxalması üçün mal-qaraya verilən yemin tərkibinə daxil olan komponentlər də xaricdən idxal olunur.

Rəsmilər nə deyir

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvan bazarları, eləcə də ət kəsimi məntəqələrində qiymətləri onlar özü təyin edir, bununla bağlı nazirlik mövqe verə bilməz.

"Ümumiyyətlə, nazirlik qiymət müəyyənləşdirən tərəf deyil. Kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdıran qurumuq. İdxal və ixrac proseslərini də Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmir, digər qurumların işidir. Bazarda monitorinqi ancaq İqtisadiyyat Nazirliyinin qurumları apara bilər", - qurumdan bildirilib. KTN-dən o da deyilib ki, ölkədə on mindən çox ət kəsimi məntəqəsi var.

İqtisadiyyat Nazirliyindən qiymətlər ilə bağlı monitorinqlər keçirilibmi, AzadlıqRadiosu bunu qurumdan öyrənə bilməyib.

Heyvandarlıqla məşğul olanlara subsidiya verilmir, lakin süni mayalanma ilə doğulan hər buzova görə 100 manat yardım edilir. Dövlət kənd təsərrüfatına güzəştli kreditlər də ayırır, kəndli bundan yararlanmaq üçün təsərrüfatı ilə bağlı bilgiləri "Aqrar Kredit və İnkişaf" Agentliyinə təqdim etməlidir. Lakin fermerlər bu təklifdən heç də həmişə yararlana bilmirlər. Onlar AzadlıqRadiosuna həm uzun çəkməsindən gileylənir, həm də bunun sərfəli olmadığını deyirlər.

Qarabağda təsərrüfat qurmaq hər kəsə əlçatan deyil
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

"Yem və ot tədarükü artırılmalıdır"

Kənd təsərrüfatı üzrə ekspert Lalə Çinarlının sözlərinə görə, iri heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. O deyir ki, bugünkü şərait perspektivdə bu sahədə qiymətlərin daha da bahalaşması ilə özünü göstərəcək. Mütəxəssisin fikrincə, ət qıtlığı gözlənilməsə də, artıq həyəcan siqnalının zamanıdır.

L.Çinarlı istehsalçıların bazara çıxışını asanlaşdırmağı, intensiv yemləmənin təşkilini vacib sayır: "Yem və ot tədarükü artırılmalıdır. Məsələn, 3 milyon ton şirəli yemə ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Əvvəla, dövlət yem bazaları yaratmalıdır, şirəli yem və ot istehsalı artmalıdır ki, qiymət ensin. Rayonlarda ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılmalıdır. Məsələn, fermerlərin növbəli olaraq öz heyvanları iri ət kəsimi məntəqələrinə verməsi, qaldıqları rayon və qonşu rayonlardakı ət ehtiyacının xaricdən gələn heyvanlar yox, yerli məhsullarla qarşılanması üçün sistem qurulmalıdır. Yəni, zəncirə qoşmaq lazımdır".

Onun digər təklifi 2020-ci ildən Azərbaycanın nəzarətinə qaytardığı Qarabağ regionunda yararlı torpaqların ailə fərdi təsərrüfatlarına verilməsidir. Elə Kənd Təsərrüfatı Nazirliyi, digər hökumət rəsmiləri də bu sahənin Qarabağda inkişaf etdiriləcəyini deyirlər.

Fermerlər isə çörəkpuluna görə yurd-yuvalarını tərk etmək istəmirlər. "Mən burada böyümüşəm, qoy burada da ölüm, elə şərait yaradılsın, bir tikə pulu burada qazana bilək. Kim də istəyər, Qarabağa gedər, amma ora gedənlərə də gərək buradakıdan yaxşı şərait yaradılsın", - bərdəli fermer H.Əliyev deyir.

XS
SM
MD
LG