Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:24

'Hizmet' Qırğızıstan siyasətində


Qırğızıstanda mərkəzi məscid
Qırğızıstanda mərkəzi məscid

"Hizb ut-Tahrir", "Akromiya", yaxud "Türkistan İslam Partiyası" kimi təşkilatlar islam dəyərlərini yaymaq adıyla öz işlərini görürlər. Ancaq onlar gerçək amaclarını da gizlətmirlər.

Söhbət şəriət qanunlarını bərqərar etmək, ölkə Konstitusiyasını Quranla əvəzləmək planlarından gedir. O səbəbdən, bu təşkilatlar Qırğızıstanda rəsmən yasaqlanıb.

Bu qrupların ideoloji və strateji özəllikləri, eləcə də ölkədəki siyasi konyunktura onları açıq şəkildə dünyəvi hökumətə qarşı çıxmağa vadar edir. Beləcə, dövlətlə münaqişəyə yol açılır.

Buna da bax:​ 'Hizmet' dövlət orqanlarına belə nüfuz edirmiş

Elə qruplar var ki...

Ancaq elə qruplar var ki, dövlətlə heç bir qarşıdurmaya girmədən, dünyəvi və demokratik sistemin imkanlarından yararlanaraq, öz siyasi, ideoloji, maddi və maliyyə məqsədlərinə nail olmaq yolu tutub.

Adi siyasi partiyalar yalnız öz liderləri ətrafında toplaşır və heç bir ideoloji bazaya malik deyil. Belə bir şəraitdə dini qruplar ideoloji çağırışlarla siyasət səhnəsinə atılır. Müşahidəçilərin fikrincə, onlar Qırğızıstan siyasi səhnəsində ideoloji platformaya dayanan rəqabət formalaşdırmağa qadirdir.

Təməlini Fethullah Gülen-in qurduğu, Qırğızıstana Türkiyədən gəlmiş "Hizmet" (“Xidmət” – red.) hərəkatı ildən-ilə dini qrupdan siyasi qüvvəyə çevrilməkdədir. Hərəkat 2000-ci illərədək "mötədil islam" və "dini dialoq" layihələrində əsas rol oynayırdı. Ancaq indi özünə yetərincə maddi və kadr kapitalı topladığından, ölkənin siyasi həyatında nüfuzunu gücləndirməyə başlayıb.

Buna da bax: Ramil Usubov: ''Hizmet'lə bağlı tədbirlər davam edir'

Hərəkat bu illər boyunca kapitalını artırmaq üçün öz sıralarına uğurlu sahibkarları, tanınmış, nüfuzlu şəxsləri cəlb edə bilib. Bu gün hərəkatın əsas kapitalı yaratdığı onlarca məktəbdə təhsil alan kadrlardır.

Gülen-in dini görüşlərinə dayanan fikirlər...

"Hizmet" məktəblərinin müəllimləri bu tədris ocaqlarında dini fənlərin keçilmədiyini deyirlər. Belə fənlər, həqiqətən də, mövcud deyil. Fethullah Gülen-in dini görüşlərinə əsaslanan fikirlər yalnız xüsusi istedadlı və ağıllı şagirdlərə tədris edilir. Adi şagirdlərsə onlara, sadəcə, imkanlı valideynlərinə çıxış üçün lazımdır. "Hizmet" hərəkatı şagirdlərinin dini mühitdə, müftilikdə və mədrəsələrdə çalışmasına can atmır. Əsas məqsəd iqtisadi və siyasi sahələrdə fəaliyyət göstərəcək bu gənclərə ideoloji motivasiya verməkdir.

Buna da bax:​ Fethullah Gülen: 'Peşman deyiləm'

Keyfiyyətli dünyəvi təhsil alan və hərəkatın dəstəyinə arxalanan gənclər hərəkata müəyyən maddi kapital gətirir. İş adamları birliklər və təşkilatlar yaradır, beynəlxalq ticarətin fəal iştirakçılarına çevrilirlər.

İqtisadi potensial və maddi kapitalı artırmaq hərəkatın iki əsas istiqamətindən biridir.

Ancaq hərəkat üzvləri təkcə təşkilatın təhsil müəssisələrinin məzunlarından ibarət deyil. Hərəkat təkcə ayrı-ayrı şəxslərə yox, hətta qurumlara da biznes və siyasətdə geniş imkanlar təklif edir. Beləliklə, camaat onlarla əməkdaşlığa hazır olanlar üçün bir növ ictimai lift, tramplin rolunu oynayır. Qırğız gənclərininsə belə dəstəyə ehtiyacı var.

Buna da bax: Gülen tərəfdarlarının yuxusuz gecələri

“Hizmet”in siyasi fəaliyyəti

Maddi resurslar siyasi arenada təsir imkanlarını da nəzərdə tutur. "Hizmet"in siyasi fəaliyyəti 2010-cu il hadisələrindən sonra daha aydın görünməyə başladı. 2012-ci ildə bu hərəkata aid olduğu deyilən siyasi partiya yaradıldı. Elə həmin il partiyanın iki üzvü Oş şəhər keneşinə seçildi (“keneş” deyərkən, “şura”, “məclis” anlamı nəzərdə tutulur – red.). Ötən il onların bir çoxu artıq müxtəlif partiyalardan ölkə parlamentinə seçilib. Hazırda parlamentdəki "Hizmet" tərəfdarlarının dəqiq sayı məlum deyil. Ehtimallara görə onlar 10-20 nəfər civarındadır.

Növbəti seçkilərdə “hizmet”çilər namizədliklərini müxtəlif partiyalardan vermək niyyətindədirlər. Türkiyədə uğursuz çevriliş cəhdindən sonra "Hizmet" Qırğızıstanda açıq fəaliyyət göstərməkdən çəkinir.

Buna da bax:​ Fethullah Gülen: «Siyasi hakimiyyətdə maraqlı deyiləm»

Cəmaət üzvlərinin başqa partiyalarda təmsil olunmasından həmin partiyalar da yararlanır. Onların cəmaətin maddi dəstəyinə ehtiyacları var. Beləliklə, tərəflər bir-birindən qarşılıqlı yararlanırlar.

Müşahidəçilər deyirlər ki, "Hizmet"in növbəti addımı - ölkənin dövlət qurumlarında təsirlərini gücləndirməkdir. Hərəkatın güc strukturlarında təmsil edilən üzvləri isə gerçək siyasi baxışlarını daha çox gizlətməli olacaq, bütövlükdə dünyəvi, vətənpərvər dövlət məmuru obrazı yaratmağa çalışacaqlar. Cəmaətə rəğbət bəsləyən adi vətəndaşlar hərəkata dəstək verdiklərini gizlətmirlər. Ancaq hərəkatın əsl üzvləri cəmaətlə əlaqələrini açıb-ağartmamağa çalışırlar.

Buna da bax:​ Türk məktəblərinin adları dəyişdirildi

Canlanma gözə çarpır

Sentyabrdan bəri "Hizmet"ə aid ictimai və xeyriyyə təşkilatlarının fəallaşması gözə çarpır.

Türkiyədəki hadisələrdən sonra cəmaətə aid KİV-lər siyasi mövzuları işıqlandırmağa davam edir, ölkənin müxalif qüvvələri ilə siyasi ittifaqa zəmin hazırlayır. Cəmaət üzvləri qələbə şansı olan bütün partiyalarda təmsil olunmağa çalışırlar.

"Hizmet"in Qırğızıstanda şəriəti bərqərar etməsinə dair fikirlər bəlkə də xəyaldır. Ancaq belə böyük maddi, maliyyə və siyasi resursları olan bir hərəkatın geosiyasi məqsədlərdə istifadə edilməyəcəyini düşünmək sadəlövhlük olar.

XS
SM
MD
LG