Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:30

Hökməli: Palçıq və zibilliklər məkanı


Hökməli
Hökməli

-

«Hökməli qəsəbəsindən keçən magistral yolun təmirinə hələ ötən il Prezidentin Yardım Fondundan vəsait ayrılıb. Ancaq təmir işləri, deyəsən, tərsinə aparılıb - əvvəlki, nisbətən qalın və keyfiyyətli asfalt örtüyü nazik və keyfiyyətsizi ilə əvəz edilib».

Hökməli qəsəbəsinin sakini Cavid Mirzəyev AzadlıqRadiosuna qəsəbədaxili və magistral yolun vəziyyətindən danışır: «Ayrılmış vəsaiti mənimsəmək üçün əllərindən gələni edirlər. Nəticədə qəsəbə sakinləri acınacaqlı vəziyyətdə yaşayır. Bura da hansısa dağ kəndi deyil ki... Hökməli şəhərin burnunun ucunda yerləşir».

«ÇINQIL DA QIYMIRLAR»

Qəsəbə sakininin sözlərinə görə, məsələn, Zərifə Əliyeva küçəsinin sakinləri həm yolsuzluqdan, həm elektrik enerjisinin tez-tez kəsilməsindən, həm də zibillərin daşınmamasından əziyyət çəkirlər: «Bu küçə Atyalı yaşayış massivindədir. Abşeron rayon İcra Hakimiyyətinə, Hökməli bələdiyyəsinə çoxlu müraciətlər etmişik, nəticə yoxdur. Yollara çınqıl da qıymırlar. Yağışlı havalarda dayanacağa kimi «sapoq»la gedirik. Günlərlə işıq olmur. Bir sözlə, Hökməli mərkəzdən 3-5 kilometr kənarda yerləşsə də, burada adam özünü həyatın dibindəki kimi hiss edir».

Qəsəbənin Koroğlu küçəsində yaşayan sakinlərinin də dərdi oxşardır. Onların deməsinə görə, 12 ildir ki, burada yaşayırlar. Ancaq yeni yaşayış massivində hələ də yeniliklərdən əsər-əlamət yoxdur. Küçə sakini Səbuhi İmranlı: «Asfalt yol olmadığından yayda toz-torpaq, qışda isə palçıq sakinləri cana-boğaza yığır. Bu yollardan keçməkdən ötrü müxtəlif yollara əl atsaq da, çıxış yolunu tapa bilmirik. Hər gün işə gedəndə, qapıya taksi çağırıram. Çünki küçəyə çıxmaq mümkün deyil. Hər səhər və axşam qapımdan taksi ilə gedib qayıtmalı oluram. Bu da artıq xərcdir».

Hökməli
Hökməli

«ZİBİL BAŞ ALIB GEDİR»

Yeni yaşayış sahəsinin daha bir problemi zibilliklə bağlıdır. Zibillik və zibil qabları olmadığından sakinlər məişət tullantılarını harada boş sahə görürsə, ora atırlar. Bu da həmin yerin sahibləri ilə qonşular arasında dava-dalaşa səbəb olur.

Sakin Səfayə Əzizova: «Zibil baş alıb gedir, qonşulardan pul yığmağa utanırıq. Maşın-maşın öz gücümüzə zibili daşıtdırırıq, yolu öz gücümüzə düzəldirik».

Hökməlidə 10 ildən çoxdur adamların məskən saldıqları Nübar yeni yaşayış sahəsində də vəziyyət ürəkaçan deyil. Sakinlər deyir, yağış yağan kimi torpaq yol palçığa çevrilir. Zibil yolların kənarına atılır. Ancaq nə bələdiyyə, nə də Abşeron rayon İcra Hakimiyyəti zibil qabları quraşdırmaq, yolları abadlaşdırmaq üçün iş görmür.

«BİR AZ KÜLƏK ƏSƏNDƏ NÜBAR ZÜLMƏTƏ QƏRQ OLUR»

Nübar sakini Sədaqət Mirzəyeva: «Bir az külək əsəndə Nübar zülmətə qərq olur. Əhalinin sayı ildən-ilə artır, əraziyə hələ də kanalizasiya çəkilməyib».

Nübar Hökməli kəndinin yaşayış massividir. 1990-cı ilədək burada 360 bağçılıq təsərrüfatı olub. Ancaq sonradan qaçqın və məcburi köçkünlər, rayonlardan iş üçün gələnlər burada yerləşiblər. Əhalisinin böyük əksəriyyəti məcburi köçkünlərdir. Hazırda Nübarda üç məktəb var, uşaq bağçası və poliklinika yoxdur.

Hökməli
Hökməli

Sakin Sədaqət Mirzəyeva deyir, prezident seçkisi vaxtı Nübarda kanalizasiya, asfalt yol çəkiləcəyi və uşaq bağçası, xəstəxana tikiləcəyi ilə bağlı vədlər verilib, ancaq sonradan «yaddan çıxıb».

«VƏZİFƏMİZƏ AİD OLANI EDİRİK»

Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı isə sakinlərin dedikləri ilə razılaşmır:

«Elə bu yaxınlarda yollara 50 maşın çaydaşı qırıntısı, 15 maşın karbonat (karyerdən çıxan daş qırıntısı) tökülüb. Bələdiyyənin texnikası vaxtaşırı yolları təmizləyir. Söhbət həm Atyalı, həm də Nübar yaşayış massivindən gedir. Kanalizasiya, qaz, işıq, su… Bunlar bələdiyyənin vəzifəsinə daxil deyil. Sakinlər elə bilirlər hər şeyi bələdiyyəyə yükləmək olar. Biz yalnız öz vəzifəmizə aid olanı edirik. Yaşayış massivlərində bizə aid olan işləri gücləndirmək üçün bir neçə daxili layihə hazırlamışıq. Bunları da həyata keçirməyə daxili maliyyə imkanları olmalıdır».

Sədr müavini deyir, ərazi böyükdür, bələdiyyə öz daxili imkanı hesabına nəyi bacarırsa, onu da edir.

XS
SM
MD
LG