Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:08

10 min dollarlıq güzəştin ömrü 2 ay çəkdi


Gömrükdən keçən sərnişinlər (arxiv fotosu)
Gömrükdən keçən sərnişinlər (arxiv fotosu)

Gömrükdə 1500 dollarlıq güzəşt ayda bir dəfə olacaq

Neft ucuzlaşandan bəri Azərbaycanda yaranan iqtisadi böhrandan sonra hökumət bəzi qərarlarında odla su arasında qalıb. Öncə bir qərar verir, çox ötmədən onu ləğv edir - gömrükdən fiziki şəxslərin rüsum ödəmədən keçirə biləcəyi mallarla bağlı qərarda olduğu kimi. Ötən il oktyabrın 22-də prezident İlham Əliyev «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında» fərman imzaladı. Fərmana görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ümumi gömrük dəyəri 10 min ABŞ dollarının ekvivalentini aşmayan mallar sərhəddən keçərkən, gömrük ödənişindən azad ediləcəkdi. Tək şərt - həmin malların istehsal və ya kommersiya məqsədi güdməməsiydi. Bu fərmanadək ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalentini aşmayan mallar gömrük ödənişindən azad sayılırdı.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

10 min dollarlıq güzəştin ömrü 2 ay oldu

Ekspertlər bu addımın rüşvəti aradan qaldıracağını düşünürdülər. Ancaq vətəndaşların sevinci qursağında qaldı. Elə həmin ilin dekabrın 24-də imzalanan fərmanla yenidən köhnə qaydaya üz tutuldu. Beləcə, 2015-ci il oktyabrın 22-də qüvvəyə minən prezident fərmanının 1-ci hissəsi ləğv edildi.

Buna da bax: «Bu, monopolistlərin qələbəsi sayıla bilər»

Ləğv olunan hissədə nə deyilirdi?

Orada deyilirdi ki, fiziki şəxslərin Azərbaycanın gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədi güdülməyən və ümumi gömrük dəyəri 10 min dollar ekvivalentini aşmayan mallar gömrük ödənişindən azad edilir. Üstəlik, yetkinlik yaşına çatmayan hər bir fiziki şəxs də 2 min dollar ekvivalentində əlavə mal gətirə bu mala görə gömrük rüsumu ödəməyə bilərdi.

Buna da bax: «O qədər rüşvət istədilər, müflis oldum»

İndi hökumət daha bir məhdudiyyətə gedib – belə güzəşt ayda yalnız bir dəfə olacaq. Məhdudiyyətlər bununla da bitmir. Hərçənd, başlıca sual «hökumət niyə bu məhdudiyyətə getdi» sualıdır.

«Gömrük Komitəsi kefi istədiyi maddələri ora salmışdı»

İqtisadçı ekspert Qalib Toğrulun qənaətincə, dəyişikliklərdən əvvəlki qərarda bəzi boşluqlara görə bu qərar qəbul edilib: «Gömrük orqanları onu istədikləri kimi tətbiq edirdilər. Ən böyük boşluq vaxtla bağlı idi. Həttta Gömrük Komitəsi daxili bir qayda hazırlayaraq, Ədliyyə nazirliyindəki reyestrdə qeydiyyatdan keçirmiş, oraya kefi istədiyi maddələri salmışdı. Ancaq bir məsələ var ki, mərkəzi icra hakimiyyətinin hazırlayıb hüquqi aktların dövlət reyestrindən keçirdiyi normativ hüquqi aktlar Nazirlər Kabinetinin qərarından üstün hüquqa malik ola bilməz. Gömrük Komitəsinin qaydaları bəlli narazılıqlar doğurduğundan, Nazirlər Kabineti belə bir dəyişikliklər hazırlamağa məcbur qaldı».

Buna da bax: Fiziki şəxslərə gömrükdə «yaşıl işıq»

«Gömrük Komitəsinin qara siyahısı vardı»

Q. Toğrul deyir ki, bundan başqa, Gömrük Komitəsinin qara siyahısı vardı: «Sərhəddən çox keçən insanların, adətən, Gürcüstan və İranla sərhəd-keçid məntəqələrindən qonşu ölkələrə xırda alver məqsədi ilə keçənlərin məlumat bazasını yaradaraq, onların pasportuna damğa vururdular ki, belələrini tanısınlar. Bunlar hamısı qanunazidd və əslində, özbaşınalıq idi».

«Xırda alverin qarşısının alınmasına yönəlib»

Ekspertin fikrincə, Nazirlər Kabineti bu dəyişikliklərlə Gömrük Komitəsinin istəklərini qanuniləşdirib: «Bu qərar Gürcüstan və İrandan xırda alver məqsədilə siqaret, alkaqollu içki, ərzaq və avtomobil ehtiyat hissələri gətirənlərin qarşısının alınmasına yönəlib. Sadaladığım mallar qonşu ölkələrdə bizdən daha ucuzdur və nə yazıq ki, bu insanların çoxu pis dolandığından, bu yola əl atır. Biz bunu rəsmi səviyyədə etiraf etməliyik. Qonşu ölkələrdən mal gətirənlərin bu yolla vergidən yayındığı (gömrük rüsumları və dövlət vergilərini ödəmədiyi) məlumdur».

Buna da bax: Astara gömrüyünə prezident fərmanı hələ çatmayıb

«Ədalətli deyil»

Ancaq ekspert belə alış-verişin Azərbaycan bazarındakı payının çox cüzi olmasına görə, sərt məhdudlaşdırmalara getməyi ədalətli saymır: «Azərbaycanda dövriyyəsini gizlədən, kiçildən, qeyri-şəffaf fəaliyyət göstərən siqaret və araq mafiyasının çirkli yolla qazandıqlarının yanında, bu biçarələrin qazandığı dəryada damla kimidir. Vergilər Nazirliyinin ilin əvvəlində aksizli malların nağdsız dövriyyəsini təşkil etmək cəhdinin uğursuzluqla nəticələnməsi də dediklərimin ən bariz sübutudur».

XS
SM
MD
LG