Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:03

Hökumət ekoloji öhdəliklərini yerinə yetirirmi?


Azərbaycanın dünyadakı karbon emissiyasında payı cəmi 0.13 faizdir.
Azərbaycanın dünyadakı karbon emissiyasında payı cəmi 0.13 faizdir.

Artıq yeddi ildir Bakıda astma xəstəliyindən əziyyət çəkən Gülnar Məmmədova (adı şərtidir) deyir ki, son illərdə yay fəslində çox çətinlik çəkir. Onun sözlərinə görə, yayda bəzən dözülməz istilərlə yanaşı, havanın nəm olması sağlamlığına mənfi təsir göstərir: "Son illərdə Bakıda yay əvvəlki vaxtlara baxanda daha isti keçir. Dəhşət nəmlik var. Ona görə də çalışıram rayona gedim. Amma yayda, heç olmasa, bir ay rayonlarda ev tutub kirayə qalmaq çox baha başa gəlir".

Azərbaycanda astma xəstəliyi ilə bağlı son iki ilin statistikası açıqlanmayıb. Ölkədə 2021-ci ilin əvvəlində astma xəstəliyinə tutulanların sayı 8 min 797, ilin sonunda 17 min 557 nəfər göstərilib. Mütəxəssislər iddia edir ki, astma xəstəliyinə tutulanların sayı dəfələrlə artıb.

Mütəxəssislərin fikrincə, karbon qazının havada miqdarının artması nəticəsində yaranan qlobal istiləşmə həm kənd təsərrüfatına, həm də insan sağlamlığına pis təsir edir. Onlar hesab edir ki, havanın qısamüddətli intensiv dəyişməsi də ürək və respirator (nəfəs yolları) xəstəliklərindən ölüm hallarını artıra bilər. Karbon qazının havada artması istixana effekti yaradarkən temperaturun artmasını şərtləndirir. Havada temperaturun artması suların buxarlanmasına və nəmliyin artmasına gətirib çıxarır. "World Statistics" beynəlxalq statistika mərkəzinin araşdırmasına görə, 2023-cü ildə Azərbaycan hər 100 min nəfərə 388 ürək-damar xəstəliyindən ölümlə dünyada ikinci yerdədir.

Azərbaycanın öhdəliyi

Azərbaycan hökuməti 2015-ci ildə və üç il əvvəl Qlazqo şəhərində keçirilmiş COP26-da (BMT-nin İqlim Konfransı) atmosferə istixana qazlarının burxulmasında azaltmaya getməyə dair öhdəliklər götürüb. Amma bu il COP29-a ev sahibliyi edəcək Azərbaycan, hələlik, açıqlanan rəqəmlərə görə, bu öhdəliklərin yerinə yetirilməsindən uzaq görünür. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü. Sonra bu öhdəlik 40 faizə çatdırılıb və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonasının yaradılmasına söz verilib.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 1990-cı ildə Azərbaycanda atmosferə istixana effekti yaradan 78.9 milyon ton qaz (CO2) buraxılıb. 2000-ci ildə bu göstərici 42.2 milyon tona düşsə də, 2021-ci ilə doğru artaraq 58.1 milyon ton təşkil edib. Sonrakı illərin statistikası isə, hələlik, təqdim edilməyib. Öhdəliyə əsasən, 2030-cu ildə bu qazların emissiyasının həcmi 51.3 milyon tona - 1990-cı ilin göstəricinin 35 faizinə düşməlidir. Amma bununla belə, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda deyib ki, Azərbaycanın dünyadakı karbon emissiyasında payı cəmi 0.13 faizdir. 2020-ci ildən ümumi qlobal emissiyaların təxminən 50 faizi Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya, İran və Avropa İttifaqı ölkələrinin payına düşür.

DSK-nın məlumatına əsasən, ölkədə istilik effekti yaradan qazların emissiyası, əsasən, enerji sektoru ilə bağlıdır. 2021-ci ildə ölkədə enerji sektorunda atmosfer havasına atılan istixana qazları ümumi istixana qazı emissiyalarının 81.2 faizini təşkil edib.

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Hökumət nə edir?

Energetika Nazirliyindən "Turan"a bildirilib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi götürülüb: "Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 milyard 687.8 milyon kilovat-saatdır. Bu da ümumi gücün 20.3 faizini təşkil edir. Növbəti üç ildə istismara veriləcək stansiyalardan 5.3 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəticəsində 1.2 milyard kubmetr qaz sərbəstləşəcək və 2.5 milyon tona qədər karbon emissiyalarının azalması gözlənilir".

Vurğulanıb ki, 2027-ci ilə qədər təxminən 2.8 milyard dollar həcmində investisiyalar hesabına 2 qiqavat gücündə sənaye miqyaslı səkkiz günəş və külək elektrik stansiyasının inşası planlaşdırılır: "Yaşıl enerjinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ildə artıq 33 faiz olacaq, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji istehsal etmək planımız var".

Natiq Cəfərli
Natiq Cəfərli

"Azərbaycan da həmin yolla getməlidir"

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna deyib ki, Azərbaycan yaşıl enerji sahəsində həqiqətən də böyük imkanlara malikdir, amma dövlət aparıcı oyunçu olmaqda israrlıdır: "Bunu isə geniş və cəlbedici kampaniyaya çevirmək lazımdır. Türkiyədə artıq bu işə əhalini qoşublar. Orada təqribən 6 milyon ailə faizsiz kredit hesabına aldıqları günəş panelləri vasitəsilə elektrik enerjisinə tələbatlarını ödəyir və hətta artıq qalan enerjini dövlətə satır".

Onun sözlərinə görə, Azərbaycan da həmin yolla getməlidir: "Bizim Aran rayonlarında 300 gün günəşli günlərdir və orada çox rahatlıqla dam örtüklərini günəş panelləri ilə əvəzləmək imkanı var. Xəzər boyunca olan rayon və şəhərlərdə külək enerjisindən eyni qaydada istifadə etmək mümkündür. Yəni, bura insanlar, özəl biznes qoşulmalıdır, dövlət isə təşviq etməlidir".

Telman Zeynalov
Telman Zeynalov

"Ağaclar əkilir, qulluq edilmir, pullar da çölə atılır"

Ekoloq Telman Zeynalov AzadlıqRadiosuna bildirir ki, Azərbaycanın öz üzərinə götürdüyü sözügedən öhdəliyin icrasına heç kim nəzarət edə bilməyəcək. Onun sözlərinə görə, əvvəlki illərdə də ölkədə ağaclar əkilirdi, onlara qulluq göstərilirdi, indi isə "İki ildən bir ağacları dəyişdirirlər, qulluq etmirlər, hamısı yanır, gedir. Sonra təzədən əkirlər, pullar da çölə atılır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkə ərazisində 3 milyondan artıq ağac əkilib. Bu il isə 5 milyon ağacın əkilməsi hədəflənib.

Trilyonlar lazımdır və yeni vergi işə düşə bilər

Bu prosesin maliyyə tərəfi də bir xeyli müzakirə mövzusudur. Azərbaycan rəsmiləri bildirir ki, istixana effekti yaradan qaz emissiyalarının azaldılması üçün xeyli vəsait lazımdır. Dünya üzrə hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərən elektrik şəbəkələrində səmərəliliyi gerçəkləşdirmək məqsədilə trilyonlarla ABŞ dolları həcmində investisiyanın zəruriliyindən bəhs edilir.

Azərbaycan hökuməti karbonsuzlaşdırma siyasətinin davamı kimi iqtisadi rıçaqları da işə salmaq niyyətindədir. Üstəlik, maliyyə yükü müəyyən mənada biznesin də üzərinə qoyula bilər.

Fermer: 'Ömrümün sonunacan işıqpulu verməyəcəm'
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

İqtisadiyyat Nazirliyinin karbon vergisinin tətbiqi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə uzunmüddətli strategiya hazırladığı bildirilir.

İqtisadçı N.Cəfərli AzadlıqRadiosuna deyib ki, karbon vergisi məsələsi son zamanlar müzakirə olunan beynəlxalq yanaşmadır: "Bu, COP29 gündəliyinə uyğun bir təkliflər paketidir və daha çox buna yönəlik bir məsələdir. Məntiqi də ondan ibarətdir ki, vergi yükü artarsa, həm fiziki, həm də hüquqi şəxslər karbon emissiyası daha az olan istehsala keçəcək. Bu, daha çox neft-qaz ölkələrə yönəlik bir təşəbbüs olacaq".

İqtisadçı xatırladır ki, Azərbaycan qaz-neft istehsal edən ölkədir və bu yanaşma gələcəkdə ona ziyan gətirə bilər. Üstəlik, o hesab edir ki, vergi bu məsələdə sadəcə əhaliyə və biznesə əlavə yük ola bilər. Onun fikrincə, xarici investorları cəlb etmək və ölkədə cəlbedici şərait yaratmaq lazımdır.

"Ekologiya məhbusu"

Hazırda beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsindən şikayətlənirlər. Ekoloji öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini isə zaman göstərəcək. Amma 2023-cü ilin iyununda Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri kənddəki qızıl zavodundan axan tullantıların ərazini zəhərləməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz aksiyası keçirmişdi. Onda həbslər oldu, həmin kəndə gedən yolu hüquq-mühafizə orqanları bağladı və indinin özündə belə Söyüdlünün nəzarətdə saxlandığı bildirilir.

Üstəlik, qızıl zavodunun işi dayandırılsa da, sonradan onun fəaliyyətinə yaşıl işıq yandırıldı.

Həmin vaxt kənd sakinlərinin etirazlarını haqlı sayan işadamı Nazim Bəydəmirli isə hədə qorxu ilə tələb etmədə ittiham olunaraq 9 il həbs cəzası aldı. İttihamları qəbul etməyən keçmiş deputat özünü "ekologiya məhbusu" sayır.

XS
SM
MD
LG