Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:35

Hökumətin hesabatı müzakirə edilir. 'Bank vətəndaşdan 21 faiz gəlir götürür'


Artur Rasizadə
Artur Rasizadə

'Yod-brom zavodunun fəaliyyəti iflic olub'

Milli Məclisin iclasında Tarif Şurası tənqid olunub.

Nazirlər Kabinetinin illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında enerjidaşıyıcıların qiymətlərinin artması ilə bağlı verdiyi qərar Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib:

«Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər». (APA)

Siyavuş Novruzov
Siyavuş Novruzov

'Banklar vətəndaşları soyur'

Deputat Siyavuş Novruzov isə ölkədə süni qiymət artımına etiraz edib: «Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır».

O təklif edib ki, kommersiya banklarının yerli sahibkara verdiyi kreditlərin faizi endirilsin: «Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz. Banklar dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür. Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. Bu məsələlər ölçülüb-biçilməli, dünya praktikasından istifadə olunmalıdır».

ÜDM 3 dəfə artıb

«Ötən il Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin referendumda qəbul edilməsi dövlətimizin başçısının daxili və xarici siyasətini xalqın dəstəklədiyini bir daha sübut etdi».

Milli Məclis
Milli Məclis

AZƏRTAC xəbər verir ki, bu fikri martın 17-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasizadə deyib.

Baş nazir 2016-ci ilin yekunlarına dair hesabatında prezident İlham Əliyevin 13 illik idarəçiliyini dəyərləndirib. O deyib ki, bu müddətdə ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə artıb.

Baş nazir qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5.2 milyard manat məbləğində vəsait xərclənib. 1 milyon 677 min yeni iş yeri yaradılıb. 3 min məktəb, 600 xəstəxana, 400-dən çox turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib.

1 faiz yoxsullaşıb

Baş nazir A.Rasizadə deyib ki, 2002-2015-ci illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 46.7 faizdən 4.9 faizə enib.

Onun deməsinə görə, 2015-ci ilə nisbətdə 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi üzündən yoxsulluq səviyyəsi 1 faiz artıb.

Hesabata görə, 2016-cı ildə ÜDM 60 milyard 393.6 milyon manat təşkil edib: «Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3.1 faiz azalıb. Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22.9 faiz azalmasıdır»,- o qeyd edib.

Əli Məsimli
Əli Məsimli

'İş yerləri açılsın'

İclasda hesabat ətrafında müzakirələr aparılıb.

APA-nın xəbərinə görə, deputatlardan Əli Məsimli də ötən il iqtisadiyyatda baş verən geriləməyə toxunub: «2016-cı ildə yaranmış vəziyyətdən çıxmaqdan ötrü bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2.5 faiz artım olacağını proqnozlaşdırmışdı. Amma hökumət bu rəqəmin 1.8 faiz olacağını vurğulamışdı. Təəssüf ki, ötən il artım əvəzinə, 3.1 faiz eniş müşahidə olunub. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir».

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. O tələb edib ki, icra orqanları buna son qoysun.

“Bununla biz xalqın belini qırırıq”

Yevda Abramov
Yevda Abramov

Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Yevda Abramov isə valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğundan narazılıq edib.

Y.Abramov maliyyə naziri Samir Şərifova, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bunları deyib:

“Dünyanın heç bir ölkəsində valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur. Bununla biz xalqın belini qırırıq. O dəfə də bunu dedim... Bir neçə bankir cəzalandırıldı, Səməd Vurğun bağında bir neçə nəfər tutuldu. Nəticədə nə oldu? Mən bilirəm ki, bu artım və enişə dövlət nəzarət etmir… Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız (Nazirlər Kabinetinin hesabatı – ) daha da pis olacaq".

Hökumətin hesabatı qəbul edildi

Milli Məclisin bu gün, martın 17-də keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi günün ikinci yarısı başa çatıb.

Hökumətin hesabatı səsverməyə çıxarılıb. Deputatlar hesabatı qəbul ediblər.

XS
SM
MD
LG