Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:22

«İttihamlar, görünür, qraffitiyə cavab olub»


Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

-

«Azərbaycan hakimiyyəti iki gənc fəalın təqibində uydurma narkotik saxlama ittihamlarından istifadə edir».

«Human Rights Watch»un 22 yaşlı Qiyas İbrahimov və 21 yaşlı Bayram Məmmədovun narkotik ittihamı ilə həbs edilməsinə görə verdiyi bəyanatında belə deyilir.

«İttihamlar, görünür, Bakıdakı abidədə qraffitiyə cavab olub. Hakimiyyət onları dərhal azad etməli və polis bölməsində fəallara qarşı amansız rəftar haqqında məlumatları araşdırmalıdır», - deyə bəyanatda vurğulanır.

HRW-nın Cənubi Qafqaz üzrə proqram direktoru Giorgi Gogia bildirib ki, Azərbaycanın gənc fəalları qorxutmaq məqsədi ilə onlara qarşı uydurma narkotik saxlama ittihamları irəli sürmək təcrübəsi var.

«İbrahimovun və Məmmədovun işi hakimiyyətin fərqli düşüncəni boğmaq məqsədilə tətbiq etdiyi bu taktikanın son nümunəsidir», - deyə o bildirib.

G.Gogia daha sonra qeyd edib ki, hakimiyyət İbrahimova və Məmmədova qarşı narkotik ittihamını dərhal ləğv etməlidir. «Qraffitiyə görə onları cəzalandırmaq istəyirsə, bunu İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun şəkildə etməlidir. Bu, siyasi səbəblərlə cinayət ittihamlarının saxtalaşdırılması hadisəsidir», - deyə Gogia bildirib.

Gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.

XS
SM
MD
LG