Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:29

'Azərbaycan 10 ölkədən biridir, götürdüyü öhdəliklər ilə bağlı problemləri var'


Azərbaycanla korrupsiya sövdələşməsinə görə AŞPA-nın keçmiş deputatı 4 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Azərbaycanla korrupsiya sövdələşməsinə görə AŞPA-nın keçmiş deputatı 4 il həbs cəzası aldı (2021)

Bugünlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə təzyiqlər mövzusu müzakirə edilib. Yeni təyin edilən məruzəçi, Böyük Britaniyadan deputat Hanna Bardell bu məsələ ilə bağlı şikayətləri öyrənməli və hesabat hazırlamalıdır.

2019-cu ilin yanvarın 22-də isə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmişdi. İrlandiyadan olan deputat Sunna Evarsdottir hesabat hazırlasa da, sonradan Rusiya üzrə məruzəçi təyin olundu.

Bundan sonra Azərbaycanda bəzi müxalif media orqanlarında və sosial şəbəkələrdə tez-tez belə bir sual gündəmə daşındı: AŞPA Azərbaycanı unudubmu?

E.Nəsirov
E.Nəsirov

"Azərbaycana siyasi təzyiqdən başqa bir şey deyil"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov mövzu ilə bağlı "Turan"a deyib ki, AŞPA Azərbaycana dəfələrlə qərəzli mövqe nümayiş etdirib: "Təəssüf ki, biz Ermənistanın işğalçı siyasəti nəticəsində 30 il ərzində torpaqlarından qovulmuş qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi ilə bağlı heç bir addımı müşahidə etməmişik".

Deputatın sözlərinə görə, ermənipərəst siyasi dairələrin dəstəyi nəticəsində yenə AŞPA-nın ayrı-ayrı parlamentariləri Azərbaycana qərəzli mövqedə dayanıb: "Məlum Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində, guya ki, "Azərbaycanda söz və ifadə azadlığı boğulur", guya ki, "jurnalistlər azad söz ifadə etmə imkanından məhrumdurlar" tipli müzakirələr aparmaq, bunu nəzərə alıb xüsusi məruzəçini təyin etmək Azərbaycana siyasi təzyiqdən başqa bir şey deyil".

"Avropa Şurasında bundan da danışsınlar"

E.Nəsirov deyir ki, Azərbaycan əhalisinin 80 faizindən çoxu sosial media istifadəçisidir: "Bu da o deməkdir ki, əhalinin 80 faizindən çoxu istənilən məlumat alıb öz fikrini yaza bilir. Bizim sosial şəbəkələrdə təkcə öz fikrini yazmaq yox, şərəf və ləyaqəti alçaltma, işgüzar nüfuza xələl gətirmə halları baş verir. Bunu edənlər cəzasız qalırlar. Avropa Şurasında bundan da danışsınlar".

Komitə üzvünün fikrincə, xüsusi məruzəçinin təyin edilməsi Azərbaycana təzyiq üçün siyasi manipulyasiyadır: "Biz bunu qəbul etmirik. Hesab edirik ki, bu, Ermənistan siyasətçilərinin sifarişidir. Belə addımları biz dəfələrlə görmüşük və bizim immunitetimiz də var, biz güclü dövlətik. Bizə bu cür təzyiq etməklə tutduğumuz demokratik inkişaf yolundan döndərə bilməzlər".

A.Məmmədli
A.Məmmədli

"Hesabat çox əhatəli, obyektiv… olmalıdır"

Hüquq müdafiəçisi Anar Məmmədli isə baş verənləri fərqli dəyərləndirir. O, AzadlıqRadiosuna bildirib ki, bu məruzəçinin təyinatı gecikib: "Çünki bununla bağlı məsələ 2021-ci ildə qoyulmuşdu və 2022-ci ildə komitəyə tapşırılmışdı. Təyinat gecikdi, çünki gələn il hesabat hazırlanmalıdır, vaxt azdır və bu, işi bir az çətinləşdirir".

Onun sözlərinə görə, hesabat çox əhatəli, obyektiv və reallığı əks etdirən formada olmalıdır: "Onun üçün məruzəçinin həm Azərbaycan hökuməti ilə çox işləməsinə, həm də ölkəyə gəlməsinə ehtiyac var. Hökumət isə belə təyinatlara çox etinasız yanaşır və bəzi hallarda maneələr yaratmağa çalışır".

Ekspert hesab edir ki, hesabatların təsiri olur: "Düzdür, deməzdim ki, çox ciddi şəkildə situasiyanı dəyişir, amma təsirləri olur. Hökumət siyasi məhbusların olmasını, jurnalistlər, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı tənqidləri qəbul etmir. Belə hesabatlar olanda onlar beynəlxalq platformalara çıxarılır və müzakirələrə səbəb olur. Bu cür sənədlərin təsiri hökumətin məsələyə nə dərəcədə siyasi iradə ilə yanaşmasından asılıdır".

"Problem olduqca dərindir"

A.Məmmədli xatırladır ki, Azərbaycan AŞPA-nın monitorinqi altında olan ölkədir: "Azərbaycan 10 ölkədən biridir ki, hüquq və azadlıqlar məsələsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı problemləri var".

Hüquq müdafiəçisinin fikrincə, problem olduqca dərindir: "Azərbaycanda illərdir ki, media mənsubları təzyiqlərə məruz qalırlar, onların fəaliyyəti məhdudlaşdırılır. Ölkədə faktiki olaraq media üçün reklam bazarı məhdudlaşdırılıb, qeydiyyatla bağlı yeni qanun bürokratik əngəllər yaradır. Hüquq müdafiəçiləri ilə bağlı da situasiya eynidir, qeydiyyatdan keçməyən təşkilatlar var, qeydiyyatdan keçənlərin isə rahat şəkildə fəaliyyət göstərmə imkanları məhduddur".

Xatırlatma

2001-ci ildən Azərbaycan AŞPA-nın üzvüdür. Azərbaycan AŞPA-ya üzv olarkən insan hüquqları və başqa bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. 20 ildən çox vaxt keçsə də, ölkə hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG