Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:45

İş yerində musiqi dinləyən daha verimli çalışır?


İşdə musiqi dinləmək məhsuldarlığı 15 faiz artırır.
İşdə musiqi dinləmək məhsuldarlığı 15 faiz artırır.

Britaniyanın «Scala Radio» kanalı 2 min adam arasındakı araşdırma aparıb. Məlum olub ki, işçilərin yarısı iş masası arxasında musiqi dinləyir və bu onların işinə müsbət təsir edir. Aparılan təcrübə göstərib ki, işdə musiqi dinləmək məhsuldarlığı 15 faizədək artırır.

Araşdırmaya qatılan adamlardan bəzilərinin müdirləri onların işdə musiqi dinləməsinə müsbət yanaşsa da, buna qarşı çıxanlar da olub.

Bununla belə, klassik musiqi radiostansiyası olan «Scala Radio» psixoloq doktor Becky Spelman-la birgə iş yerində musiqi dinləməyin məhsuldarlığı artırıb-artırmadığını öyrənmək qərarına gəlib.

Hər işçiyə 2 tapşırıq verilib

Onlar 4 ofis işçisinə hərəsi 600 sözdən ibarət iki tapşırıq veriblər. Tapşırıqlardan birini sakit şəraitdə, digərini isə klassik musiqi dinləyə-dinləyə yerinə yetirmək lazımmış.

Sakitlikdə gerçəkləşdirilən tapşırığa, ortalama, 20 dəqiqə 59 saniyə vaxt sərf olunub.

Musiqi dinləyə-dinləyə yerinə yetirilən tapşırıqsa, orta hesabla, 17 dəqiqə 42 saniyəyə tamamlanıb. Aradakı fərq 3 dəqiqə 17 saniyədir.

«Britaniya «desk jokeylər» ölkəsidir»

«Musiqinin beyinə təsiri çox güclüdür. O, ovqata, zehni və fiziki məhsuldarlığa təsir göstərir. Bəlli növ instrumental musiqi dinləmək çox adamın məhsuldarlıq səviyyəsini artırır. Musiqi sanki diqqətinizi yayındıra biləcək ətraf səsləri eşidilməz edir. Mən fərqin bəlkə cəmi bir neçə saniyə olacağını düşünürdüm, ancaq nəticənin 3 dəqiqə olmasına çox heyrətləndim», - doktor Becky Spelman-ın sözləridir.

O, daha sonra deyir: «Sakitləşdirici musiqinin gücü heyrətamizdir. Bunun belə effektli olmasının səbəbi odur ki, sakitləşdirici musiqi insan beynini stimullaşdırır və biz gördüyümüz işdən bezmir, diqqət hədəfimizi yayındırmırıq. Musiqi öz sakit, aramsız ritmi ilə stresimizi azaldır, ürək döyüntülərimizi yavaşıdır, nəbzimizi sakitləşdirir. Beləcə, üzur içində işimizi görürük».

Doktor Becky Spelman sözlərini belə yekunlaşdırır: «Musiqi «döyüş» ovqatı, gərginlik doğurmur, işimizə fokuslanmamızı asanlaşdırır. «Döyüş» əhvalında olarkən, adrenalin və kortizol səviyyəsinin artması ucbatından aydın düşünmək çətinləşir».

«Scala Radio»nun bu eksperimentdən öncə gerçəkləşdirdiyi bir başqa araşdırma Britaniyada işçilərin yarısının iş yerində musiqi dinlədiyini üzə çıxarmışdı. Radio zarafatyana şəkildə Britaniyanı «desk jokey»lər ölkəsi adlandırır («Desk» ingilis dilində iş masasına deyilir – tərc.).

«…Bu səbəbdən bizim radionu seçirlər»

Həmin araşdırma nəticəsində məlum olub ki, bir çox insan işə başlar-başlamaz qulaqcıqlarını taxıb musiqi dinləyir. Bu, həm işə fokuslanmağa, həm də həmkarların səs-küyünü əngəlləməyə kömək edir.

Araşdırmaya qatılan adamların 1/3-i musiqi dinlərkən işin daha çətin getdiyini, 2/5-si isə bu zaman daha çox iş görə bildiyini deyib.

Britaniyanın onlayn və mobil sorğular üzrə ixtisaslaşan «OnePoll» şirkətinin keçirdiyi sorğuda iştirak edənlərin təxminən yarısı (47 %) fonda musiqi səslənən zaman özünü daha stressiz hiss etdiyini söyləyib. Respondentlərin 1/3-dən çoxu bu zaman məhsuldarlığının artdığını vurğulayıb.

Sorğu iştirakçılarının ¼-dən çoxu bunu həmkarlarının səs-küyünü bloklamaq, 1/10-i isə sakitlikdən qaçmaq üçün etdiyini deyib.

Evdə çalışanların 2/3-dən çoxu musiqisiz işləməyin çətin olduğunu bildirib.

«Aydın görünür ki, çox sayda insan iş gününü musiqi ilə keçirməyə çalışır. Bizim müasir dinləyiciləri hədəfləyən klassik musiqi toplumuz var. Çox sevinirəm ki, xeyli insan məhz bu səbəbdən bizim radionu seçir», - «Scala Radio»nun əməkdaşı Simon Mayo belə deyir.

XS
SM
MD
LG