Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:14

İşin mənası həmişəlik dəyişdimi


Britaniyada maliyyə sektorunda çalışanlar arasında hər 10 nəfərdən 4-ü işini dəyişmək haqda düşünür.
Britaniyada maliyyə sektorunda çalışanlar arasında hər 10 nəfərdən 4-ü işini dəyişmək haqda düşünür.

COVID-19 böhranı milyonlarla insanın işini itirməsinə səbəb olub. Ancaq BBC yazır ki, pandemiya həm də bəxti gətirib işini qoruyub saxlaya bilənlərə də ciddi təsir göstərir. Dünyanın bir çox yerində yaşayan və müxtəlif sahələrdə çalışan, işi olan gənc peşəkarlar çalışdıqları şirkəti, işlədikləri sahəni dəyişmək, öz bizneslərini açmaq, yaxud da mövcud bizneslərini yeniləmək haqda düşünürlər.

Keçirilən sorğular göstərib ki, Britaniyada maliyyə sektorunda çalışanlar arasında hər 10 nəfərdən 4-ü işini dəyişmək haqda düşünür. İsveçdə aparılan tədqiqatsa hər 10 IT mütəxəssisindən 7-sinin yeni iş imkanları haqda düşündüyünü üzə çıxarıb. ABŞ-da iş axtaranlar arasında keçirilən sorğunun nəticələrinə görə isə, hər 10 nəfərdən 6-sı pandemiya dövründə çalışdığı sahəni, ümumiyyətlə, dəyişmək fikrinə açıqdır.

Bəs, mövcud iqtisadi qeyri-müəyyənliyin ortasında bu qədər peşəkarın işini dəyişib yeni təcrübəyə açılmaq istəməsi nə ilə bağlıdır? BBC-nin danışdığı insanların cavabları COVID-19 böhranının dünyada karyera ehtiyaclarını necə dəyişdirməsinə və iş yerində xoşbəxt olmaq anlayışının gələcəyinə aydınlıq gətirib.

"Pandemiya çalxalanması"

"Careershifters" platformasının təsisçisi Riçard Alderson deyir ki, hansısa şok çox vaxt insanların həyatlarında baş verənləri yenidən dəyərləndirməsinə səbəb olur. Onun sözlərinə görə, əgər pandemiyadan əvvəl karyerasını dəyişmək istəyən insanlar bunu həyatlarındakı ciddi hadisələrə (böyük itki, partnyordan ayrılma və s.) görə edirdilərsə, indi "pandemiya çalxalanması"nı əsas gətirirlər. Pandemiya çoxumuzu vadar edib ki, özümüzə həyatdakı seçimlərimiz, gördüyümüz işlərin əsas dəyərlərimizə uyğunluğu haqda fundamental suallar verək.

İş və həyat keyfiyyətinə həsr olunmuş "Slo Mo" podkastının müəllifi və aparıcısı Mo Qavdat lokdaun dövründə çox adamın öz həyat məqsədlərini yenidən dəyərləndirdiyinin şahidi olduğunu deyir. Onun özü əvvəllər "Google X" şirkətində baş biznes direktoru olub və 2018-ci ildə oğlunun vəfatından sonra işini dəyişmək qərarına gəlib. O deyir ki, COVID-19-dan ölən insanların sayı daim ölümsüz olmadığımızı xatırladır.

Bu məsələdə evdən işləmək də öz rolunu oynayıb. İnsanlar adi vaxtlarda iş yerində üz-üzə çalışır və şəbəkələşir, biznes görüşlərində iştirak edir və bu, işdən məmnunluq səviyyəsini qaldırır. Evdən işləyəndə isə onlar bilavasitə işin nədən ibarət olduğunu görüb bu haqda yenidən düşünməyə başlayırlar.

Məmnunluq səviyyəsi

"The Squiggly Career" kitabının həmmüəllifi Helen Tapper deyir ki, hətta COVID-19-dan əvvəl sevdikləri işlə məşğul olduqlarını düşünənlər belə, evlərinin mətbəxindən, yaxud yataq otağından işlədikləri zaman bu düşüncəni yenidən dəyərləndirirlər. İş yeri bizə tez-tez səyahət etmək, yaxud zövqlə dizayn olunmuş ofis kimi gözəlliklər təklif edə bilər. Ancaq bütün bunlar işin özündən məmnunluğumuzun əsl səviyyəsini pərdələyə də bilər.

"Bunun əvəzində hansı işin bizə enerji verdiyi, hansının enerjimizi aldığı haqda düşünməliyik. Nə zaman özümüzü daha yaxşı, uğurlu hiss edirik və özümüzü daha çox belə hiss etməyimiz üçün nə etməliyik? Bu kimi düşündürücü suallar insanlara aydınlıq və nəzarət hissini qaytara bilər", – Tapper deyir.

Əslində, məqsədə üstünlük verilən iş və şirkətlər trend olaraq COVID-dən əvvəl başlayıb. Xüsusən də "millenniallar" nəsli məqsədin qazancdan daha vacib olduğunu düşünməklə assosiasiya olunur. Ancaq böhran başlayandan bəri bu trend də güclənib. Tədqiqat göstərir ki, insanlar fərqli istiqamətdə hərəkət etmək üçün yeni təlim almaq yolları axtarırlar.

XS
SM
MD
LG