Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

İdman yarışlarına 'yaşıl', etiraz aksiyalarına 'qırmızı'...


Bakıda sosial tələblərlə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Bakıda sosial tələblərlə etiraz aksiyası (7 may 2021)

Ötən həftə, mayın 21-də Bakıda bir qrup insanın sosial tələblərlə metronun "28 May" stansiyasının qarşısında keçirmək istədiyi etiraz aksiyanın qarşısı alındı. Bundan bir müddət öncə də polis oxşar tələblərlə Bakının mərkəzində planlaşdırılan aksiyaya imkan verməmişdi.

Hüquq müdafiəçiləri bildirirlər ki, paytaxtın mərkəzində artıq illərdir etiraz aksiyaların keçirilməsinə imkan verilmir. Bu, əsasən, nəqliyyatın və əhalinin sıxlığı ilə izah edilirdi. Son zamanlar isə etiraz aksiyalarının keçirilməsinə icazə verilməməsi koronavirus pandemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejiminin tələbləri ilə yozulur. Ölkədə ötən ilin martından karantindir.

Açıq havada maska: zərurət, yoxsa absurd?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Sosial şəbəkələrin bəzi istifadəçiləri isə vurğulayır ki, xüsusi karantin rejiminə görə aksiyalara imkan verilməyən dövrdə bəzi festivallar və başqa kütləvi tədbirlər keçirilib. Üstəlik, yaxın vaxtlarda idman yarışlarına, onları seyr edəcək tamaşaçıların bir yerə toplanmasına da yaşıl işığın yandırılması nəzərdə tutulur. Məsələn, Bakıda iyunun 4-6-da Formula-1 yarışlarının keçiriləcəyi gözlənilir. İyunun 11-də başlayacaq futbol üzrə Avropa Çempionatının bəzi oyunları da Bakıda keçirilməlidir. Artıq həmin oyunlara biletlərin satışına başlanılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılıb. Bu müddətin yenidən uzadılıb-uzadılmayacağı açıqlanmayıb. Qurumun xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarına görə, tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi istisna olmaqla bütün kütləvi, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi dayandırılıb.

F.Ağamalı
F.Ağamalı

"Aksiyalar pandemiya dövründə məqsədəuyğun deyil"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, aksiyaların pandemiya dövründə keçirilməsi məqsədəuyğun deyil: "Çünki aksiyanın keçirilməsi zamanı bir çox hallarda müəyyən olunmuş qaydalara əməl edilmir".

Deputatın fikrincə, bu, reallığı əks etdirməyən və ətrafına kifayət qədər insanları cəlb etməyən aksiyalardır: "Burada dövlətin hər hansı xüsusi bir məqsədi olsun, bundan özü üçün hər hansı bir təhlükə hiss etsin deyə bir şey yoxdur".

Komitə üzvünün qeyd etməsinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, aksiyaların keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır ki, aksiya keçirənlərin təhlükəsizliyi təmin olunsun, digər tərəfdən də, aksiyada iştirak etməyənlərin hüquqları pozulmasın: "Bu amillərin ikisi də vacibdir. Ona görə də müraciət olunsa yaxşı olar və bu müraciət əsasında müəyyən karantin qaydalarına əməl etmək şərti ilə aksiyaların keçirilməsi mümkündür. Ancaq çox epizodik şəkildə maksimum 50-60 nəfər aksiyaya çıxır, ağızlarında isə maska yoxdur, məsafə gözlənilmir. Bu da pandemiya qaydalarına ziddir".

Koronavirus ölkədə boşanmaların da sayını artırıb
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

"Aksiyalara Azərbaycan cəmiyyəti bu gün dəstək vermir"

F.Ağamalı hesab edir ki, bunu Formula-1 yarışması ilə müqayisə etməyinin özündə də yetərincə məntiq yoxdur: "Çünki bu yarışmanı izləyən tamaşaçılar birmənalı şəkildə sosial məsafəni gözləyəcəklər, onlar, ən azı, iki metr, biri digərindən aralı şəkildə olacaqlar".

Deputat vurğulayıb ki, keçirilən aksiyalarda kütləvilik yoxdur və buna zəmin də yoxdur: "Ən müxtəlif şüarlar altında keçirilən aksiyalara Azərbaycan cəmiyyəti bu gün dəstək vermir".

"Uzun müddətdir ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, karantin rejimi aksiyaların keçirilməsinə əngəl ola bilməz: "Azərbaycanda uzun müddətdir ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır. Karantin rejimində bu, sadəcə, davam etdi. Nəinki sərbəst toplaşmaq azadlığı, digər hüquqlar və siyasi azadlıqlar da zaman-zaman məhdudlaşdırılır. Bu, həm yerli hüquq müdafiəçilərinin sənədlərində, həmçinin də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır".

B.Süleymanlı
B.Süleymanlı

Ekspert qeyd edib ki, indi Azərbaycanda karantin rejimi olduğuna görə məhdudlaşdırmanı bununla əlaqələndirirlər: "Amma, təəssüflər olsun ki, digər vaxtlarda da vətəndaşların özlərini ifadə etməsi üçün münbit şərait yaradılmır. Sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət var və hakimiyyət bu sahədə yanlış bir siyasət aparır".

"Sadəcə, bir maşın saxlanılıb və bir neçə yer qazılıb"

B.Süleymanlı deyir ki, aksiyanın keçirilməsinə ya, ümumiyyətlə, icazə verilmir, ya da vətəndaşlara çox çətin yerlər təklif olunur: "Artıq bir neçə ildir şəhərin mərkəzində yerləşən "Məhsul" stadionu, - hansı ki, orada aksiyalar keçirilirdi, - bağlıdır. Bakı şəhər İcra Hakimiyyəti bildirdi ki, orada təmir işləri aparılır. Amma bu qədər müddət keçməsinə baxmayaraq, orada heç bir təmir işi aparılmır, sadəcə, bir maşın saxlanılıb və bir neçə yer qazılıb. Hətta bir stadion kimi təmir olunub istifadəyə verilmir ki, sakinlər ondan təyinat üzrə istifadə etsinlər".

O hesab edir ki, pandemiya, sadəcə olaraq, bir bəhanədir: "Dünya ölkələrində pandemiya ilə bağlı qadağalar olsa belə, zaman-zaman aksiyalar keçirilir. Amma Azərbaycanda aksiyaların keçirilməsi məhdudlaşdırılır".

Yazıda yer alan fikirlərə, hələlik, Nazirlər Kabineti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG