Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

İlham Əliyev – 16 ilə 89 cild


Kitab
Kitab

16 illik hakimiyyət dönəmində prezident İlham Əliyevin 89-cildlik kitabı çıxıb. Kitab belə adlanır: «İlham Əliyev. İnkişaf - məqsədimizdir».

Dövlət başçısı əlinə qələm alaraq, ya da kompüter qarşısında oturaraq kitab yazmayıb. Həmin çoxcildlikdə, sadəcə, prezidentin çıxışları, səfərləri, imzaladığı sənədlər, dövlət başçılarını və beynəlxalq qurumların nümayəndələrini qəbul etməsinə dair informasiyalar və s. əksini tapıb.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqustundan oktyabradək olan dövrü əhatə edir.

Bəs, 89-cildlik kitabın oxucusu kimlərdir?

E.Astanbəyli
E.Astanbəyli

«İnanmıram ki, demokratik ölkələrdə belə təcrübə olsun»

Yazar Elnur Astanbəylinin qənaətincə, bu, Azərbaycanda yaşadılan çoxsaylı sovet ənənələrindən biridir və tarixi baxımdan ciddi önəmi yoxdur: «Mən inanmıram ki, dünyanın inkişaf etmiş ölkələrində, daha doğrusu, demokratik ölkələrdə belə təcrübə olsun. Bu, sovet dövrünün ənənəsidir, həmin zaman birinci katiblərin, partiya rəhbərlərinin çıxışlarından tutmuş qurultay materiallarına qədər hər şey bu cür çoxcildliklər şəklində çap edilərdi».

Köşə yazarı deyir ki, bu cür çoxcildliklərin qiymətini zaman verir: «Sovet dövrünün çoxcildlikləri bu gün hansı anlamı verirsə, bugünkü çoxcildliklər də uzun illər sonra eyni dərəcədə maraq obyekti olacaq».

A.Quliyev
A.Quliyev

«Kitab daha etibarlıdır»

«Bakı-Xəbər» qəzetinin redaktoru Aydın Quliyev E.Astanbəyli ilə razılaşmır. O, hadisələrin tarixiləşdirilməsinin müxtəlif yollarından birinin də kitab çapı olduğunu deyir: «İndiki dövrdə hadisələrin tarixiləşdirilməsinin yeni üsulları var, məsələn, internet resurslarda saxlanıla bilər, televiziya arxivlərində və s. Fikrimcə, çap versiyasının saxlanılmasına ehtiyac var. Kitab daha etibarlıdır, digər vasitələrdə müəyyən risk ehtimalı var».

A.Quliyev həmin kitabları ən azı elmi dairələrin istifadə edəcəyini düşünür. Ancaq cəmiyyətin müəyyən hissəsinin də bu kitablara maraq göstərdiyini bildirir.

A.Əliyev
A.Əliyev

«…Memuar olduqda böyük tiraja malik olur»

«Bu, siyasi ədəbiyyatdır. Mən deyə bilmərəm, o, hansı məqsədlə buraxılıb, tirajı nə qədərdir. Adətən, belə kitablar aparıcı siyasətçilər haqqında memuar olduqda böyük tiraja malik olur, çox böyük maraq doğurur. Digər hallarda belə kitablar elmi məqsədlər və ya kitabxanalar üçün buraxılır», – mərhum prezident Əbülfəz Elçibəy haqda roman-reportajın müəllifi Arif Əliyev deyir. Onun sözlərinə görə, geniş kütlə prezidentin çıxışlarının toplusuna maraq göstərmir.

Yazar E.Astanbəyli isə bir arzusunu dilə gətirir. O deyir ki, əgər Azərbaycan hakimiyyəti, rəhbərliyi kitaba bu qədər dəyər verirsə, heç olmasa, bu yöndə bəzi addımlar atsın, məsələn, kitaba tətbiq edilən əlavə dəyər vergisi ləğv edilsin, ya da azaldılsın: «Biz kitablara ən ağır ƏDV-nin tətbiq olunduğu, nəşriyyatların ən ağır şərtlər altında fəaliyyət göstərdiyi, kitabın arxa plana atılıb bütün maddi dəyərə məğlub edildiyi ölkədə yaşayırıq. Çox istərdim ki, kitabı belə yüksək qiymətləndirənlər bu cür çoxcildliklər çap etdirməzdən əvvəl ilk növbədə onun haqq etdiyi dəyərinin qaldırılması haqda düşünsünlər».

Yazar bunu da əlavə edir ki, ölkədə ciddi iqtisadi inkişaf müşahidə edildiyi halda təbliğat üçün düşünülmüş bu cür çoxcildliklərə ehtiyac qalmır.

XS
SM
MD
LG