Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:04

İlqar Məmmədov: 'Bizim bundan sonra əsas işimiz...'


İ.Məmmədov
İ.Məmmədov

Mətbuat konfransını AzadlıqRadiosunun Facebook səhifəsindən izləyə bilərsiniz.

İ.Məmmədov mətbuat konfransının sonunda deyib: «Biz həbs səhifəsini bu mətbuat konfransı ilə çeviririk. Bundan sonra həbs məsələsini vəkillərlə məhkəmələrdə və hüquq müdafiəçiləri ilə işgüzar müzakirələrdə gündəmə gətirəcəyik. Bizim bundan sonra əsas işimiz siyasi fəaliyyəti davam etdirmək olacaq. Hakimiyyətə siyasi, iqtisadi, ideoloji alternativ təqdim edəcəyik».

Boykot barədə

İ.Məmmədov seçkilər mövzusuna da toxunub. O, seçkilərin boykot edilməsinə tərəfdar olmadığını deyib. Yerdən bir jurnalistin «Seçkiyə gedib uda biləcəksinizmi» replikasına «Çalışacağıq ki, udaq» cavabını verib.

O, son növbədənkənar prezident seçkisini «bərbad» adlandırıb.

Hərçənd, Azərbaycan rəsmiləri bu il aprelin 11-də gerçəkləşən növbədənkənar prezident seçkilərinin yüksək standartlara cavab verdiyini açıqlamışdılar. Rəsmilərin deməsinə görə, bu seçkilər azad və ədalətli şəraitdə keçirilib.

Beynəlxalq müşahidə missiyasının hesabatında isə seçkiöncəsi və seçki günü ilə bağlı ciddi tənqidlər səslənmişdi. Hesabatda seçki günü bəzi məntəqələrdə topa bülletenlərin seçki qutularına doldurulduğu bildirilirdi.

KTMT-yə üzvlük

Mətbuat konfransında İ.Məmmədovla yanaşı, partiyanın başqa rəhbər şəxsləri də iştirak ediblər. Tədbirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinə də partiyanın münasibəti bildirilib. Onlar deyib ki, bu məsələyə skeptik yanaşırlar. REAL Partiyası təmsilçilərinin fikrincə, hakimiyyət bu məsələdə xalqın yox, öz maraqlarını güdür.

Jurnalistlərin həbsi barədə

«Orta əsrlərdə Avropada kitab çapı yarandı, Osmanlı sultanı imperiyada bu maşının tətbiqinə imkan vermədi, bununla da imperiyanı 300 il geri atdı».

Bunu da REAL Partiyasının sədri İ.Məmmədov deyib. Onun fikrincə, indi də jurnalistləri həbs etməklə, əzməklə Azərbaycanı 500 il geri atırlar.

Ancaq ölkə rəsmiləri jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiklərini bildirirlər. Onların iddiasına görə, həbs edilən jurnalistlər peşə fəaliyyətləri ilə bağlı yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Hazırda ölkə həbsxanalarında 10-a yaxın jurnalist və bloqqerin olduğu bildirilir.

Mitinq taktikası

«Biz mitinqə o vaxt çıxacağıq ki, o mitinq İlham Əliyevə sərf etməsin».

İ.Məmmədovun deməsinə görə, bəzən İ.Əliyev bəzi aksiyalardan istifadə edib deyir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir.

O, nümunə olaraq bu il mayın 28-də REAL Partiyası fəallarının və bəzi ictimai fəalların Bakıda keçirdiyi yürüşü xatırladıb. İ.Məmmədov deyib: «Biz aksiyaları o vaxt edəcəyik ki, bu aksiyalar xalqa xeyir, hakimiyyətə ziyan gətirsin».

İ.Məmmədov Qarabağ haqqında...

REAL Partiyasının sədri deyib ki, Qarabağ məsələsində Azərbaycan mənəvi üstünlük əldə etməlidir.

Amma onun deməsinə görə, əksinə, Azərbaycan iqtisadi baxımdan geriləyir. O vurğulayıb ki, Qarabağ probleminin «möcüzəli» həlli yoxdur.

İ.Məmmədovun deməsinə görə, iqtisadiyyat, siyasət düzgün qurulsaydı, ermənilər çoxdan Bakı tərəfə əyilərdi.

«Elə etmək lazımdır ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması cəlbedici olsun», - deyə o vurğulayıb.

+++

«Biz siyasi oyunçu olmalıyıq. Amma başqalarının Ermənistanla bağlı maraqlarının yerinə yetirilməsində vasitəçi olmamalıyıq».

Bunu da REAL Partiyasının sədri İ.Məmmədov Qarabağ münaqişəsi ilə bağlı suala cavab verərkən deyib.

«Niyə iqtisadiyyatı neftə bağlayırdınız?»

«Siz niyə ölkə iqtisadiyyatını neftə bağlayırdınız? Biz həmişə deyirdik ki, belə etməyin. Siz bizi həbsə atdız...».

İ.Məmmədov deyib ki, əgər ölkə iqtisadiyyatı neftə bağlanırsa, neftin qiyməti düşəndə, büdcədə azalır.

İ.Məmmədov xarici borcların artmasına da münasibət bildirib. O bunu «gələcək nəsillərin cibinə girmək» adlandırıb.

REAL Partiyası sədri deyib ki, bunun qarşısını almaqdan ötrü borclanma prosesi ciddi nəzarətə götürülməlidir. O vurğulayıb ki, daha sonra rəqabətə davamlı iqtisadiyyat yaradılmalı və xarici borcun qaytarılmasından ötrü konsepsiya işlənib hazırlanmalıdır.

İ.Məmmədov deyib ki, mövcud hökumət gedərsə, onlar gəlib vəziyyəti düzəldərlər.

Ancaq ölkə rəsmiləri deyirlər ki, ölkənin xarici borcu heç də faciəvi şəkildə deyil. Rəsmilər vurğulayırlar ki, ölkənin 40 milyard dollardan çox valyuta ehtiyatı var və bu getdikcə artır.

Maliyyə Nazirliyinin bu il aprelin 1-nə olan məlumatına görə, ölkənin 10 milyard dollara yaxın borcu var.

Əfv ərizəsi

REAL sədri İlqar Məmmədov həmçinin qeyd edib ki, həbsxanada olarkən əfv haqqında ərizə yazmaqla bağlı təkliflər də alıb.

İ.Məmmədovun sözlərinə görə, hətta ona ərizəni yazarsa, dərhal buraxılacağını deyiblər. REAL Partiyasının lideri bu məsələdə hər hansı danışığa getmədiyini vurğulayıb. Ancaq o bununla bağlı hər hansı ad çəkməyib.

Azərbaycan rəsmiləri isə cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan şəxslərə əfv ərizəsi yazdırmaqdan ötrü təzyiqlər edilməsi ilə bağlı deyilənləri də təsdiqləmirlər.

REAL sədri 2015-ci ilədək ona təzyiqlərin olduğunu deyir

İ.Məmmədovun deməsinə görə, 2015-ci ilə qədər ona cəzaçəkmə müəssisəsində ciddi təzyiqlər olub, hətta müəyyən insidentlər də baş verib və bu barədə beynəlxalq təşkilatları məlumatlandırıblar.

O vurğulayıb ki, sonradan isə fərdi təzyiqlər dayanıb. Yalnız vəkilləri ilə əlaqəsində məlumat axınına maneələr yaradılıb.

Penitensiar Xidmətin rəhbərliyi isə cəzaçəkmə müəssisələrində məhbuslara siyasi baxışlarına görə ayrıseçkilik edilməsi ilə bağlı deyilənləri qəbul etmir.

İ.Məmmədov bəzi hakimlərin cəzalanmasını tələb edir

İ.Məmmədov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi onunla bağlı qərar verərkən Avropa Konvensiyasının 18-ci maddəsinə istinad edib. REAL sədrinin deməsinə görə, bu, onun siyasi mülahizələrlə həbsini göstərirdi.

İ.Məmmədov vurğulayıb ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində bütünlükdə 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər.

«Həmin hakimlərə qarşı cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm», - deyə o vurğulayıb.

Ancaq Azərbaycan rəsmiləri insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bu günlər, avqustun 25-də prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında deyib ki, ölkə demokratik dəyərlərə sadiqdir.

Prezidentin deməsinə görə, ölkədə bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir.

«Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. …», - deyə prezident vurğulamışdı.

İlqar Məmmədov vəkillərə təşəkkür etdi

«Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik».

Bunu bu gün, sentyabrın 4-də mətbuat konferansı keçirən REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O, mətbuat konfransının əvvəlində onu müdafiə edən vəkillərə təşəkkürünü bildirib. İ.Məmmədov deyib ki, onun qələbəsində bu vəkillərin böyük xidməti olub.

İ.Məmmədov vurğulayıb ki, ona görə vəkil Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkil Fuad Ağayev də, onun deməsinə görə, təzyiqlərlə üzləşib: «Bunda məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək idi».

Ancaq Azərbaycan Vəkillər Kollegiyası siyasi mülahizələrlə bağlı vəkillərə təzyiq olunduğu barədə deyilənləri qəbul etmir.

Kollegiyanın sədri Anar Bağırov deyib ki, bu, həmin şəxslərin yol verdikləri qanun pozuntuları üzündən baş verib.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG