Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:24

İmişlidə zaminlərin də 'başı dərddə'


Borc
Borc

İmişli rayonunda banka borcları olan bəzi şəxslər barələrində çıxarılmış məhkəmə qərarlarının icrasından şikayətçidirlər.

Bu barədə AzadlıqRadiosuna İmişli şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 154 ünvanında yaşayan, 2-ci qrup əlil (Qarabağ müharibəsi veteranı) Vüqar Qədirov məlumat verib:

«Qardaşımın əlində aylıq maaşından heç nə qalmır»

«İcra və probasiya şöbəsinə yeni təyin olunan rəis sanki banklarla əlbir işləyir. O, ciddi-cəhdlə çalışır ki, adamları çətin duruma salmaqla borcları az müddətdə toplasın. Məsələn, mənim Şəkər Zavodunda işləyən qardaşımın 480 manatlıq maaşının yarısını tutmaqla kifayətlənməyib, onun zamininin də maaşının yarısını borca yönəltdirib. Aydın məsələdir ki, krediti götürən şəxs zamindən tutulan pulu ona qaytarmalıdır. Buna görə qardaşımın əlində aylıq maaşından heç nə qalmır».

«Zaminimə hədə-qorxu gəlinib ki, avtomobilinin üzərinə həbs qoyulacaq»

Başqa bir İmişli sakini Namiq Soltanov isə deyir ki, məhkəmə icraçıları onu uzun müddətdən bəri dostluq etdiyi şəxslə üz-üzə qoyublar: «Mən Qaz İstismarı İdarəsində işləyirəm. Aylıq gəlirim 350-500 manat aralığında olur. Aylardır ki, əməkhaqqımın yarısı bu borca görə tutulurdu. Bir neçə gün əvvəl zaminimə hədə-qorxu gəlinib ki, avtomobili üzərinə həbs qoyulacaq. Mən borcu ödəməkdən imtina etməmişəm ki, başqa şəxsi də bu işə cəlb ediblər».

İmişli regional ədliyyə idarəsi
İmişli regional ədliyyə idarəsi

Narazılar bu məsələ ilə bağlı dəfələrlə İmişli Rayon İcra və Probasiya Şöbəsində olduqlarını, lakin etirazlarına məhəl qoyulmadığını bildirirlər. Buna görə aclıq aksiyası planlaşdırdıqlarını söyləyirlər. Artıq Ədliyyə Nazirliyinə, yerli icra, polis və səhiyyə orqanlarına müraciət etdiklərini də deyirlər.

İmişli Rayon İcra və Probasiya Şöbəsi nə deyir

İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ruhin Xəlilov isə deyir ki, işdə hər hansı qanun pozuntusuna yol verilməyib: «Bu məsələ Vüqar Qədirovun özü ilə yox, qardaşı ilə bağlıdır. Onun qardaşının gəlir əldə etməsi müəyyən edilib və əməkhaqqının 50 faizi ödənişə yönəldilir. Amma Vüqar Qədirov mənə deyir ki, zaminin ödənişini tamamilə dayandırım, qardaşının ödənişini də 20-30 faizə endirim. Bu da mümkün deyil».

R.Xəlilov dediklərinə əlavə edib ki, bu məsələyə onlar da həssaslıqla yanaşırlar: «Müraciətlərə həssaslıqla yanaşırıq. Amma qanun nə qədər imkan verirsə, biz də o qədər güzəşt edə bilirik».

Şikayətçilər isə deyirlər ki, barələrində olan məhkəmə qərarlarının icrası son bir neçə ayda, R.Xəlilov İmişli Rayon İcra və Probasiya Şöbəsinə rəis təyin olunandan sonra sərtləşib.

«Əvvəllər zaminlər o zaman prosesə cəlb olunurdu ki, əsas borcludan pul tuta bilmirdilər. İndi isə eyni vaxtda hər ikisindən tutulur. Bu isə insanları üz-üzə qoyur», - deyə onlar vurğulayıblar.

Şikayətlərlə bağlı İmişli Rayon Məhkəməsindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda problemli kreditlər məsələsi, əsasən, 2015-ci ildə baş verən devalvasiyalardan (manat dollar qarşısında iki dəfə dəyər itirib) sonra aktuallaşıb. Hazırda ölkədə belə kreditlərin həcminin 1.8 milyard manata yaxınlaşdığı bildirilir.

XS
SM
MD
LG