«İranın Azərbaycandakı səfirliyinə sosial şəbəkələr vasitəsilə açıq məktubla müraciət etmişəm. İran Astarasında haqsızlıqla üzləşmişəm. Mən Azərbaycan vətəndaşıyam, ziyalı adamam, vəzifəsindən asılı olmayaraq hər kəsdən özümə hörmət tələb edirəm...».
Bunu AzadlıqRadiosuna Lənkəran şəhər sakini, ictimai fəal İltifat Rəhimzadə deyib. Onun verdiyi məlumata görə, həyat yoldaşı ilə birlikdə İranın Ərdəbil şəhərində 5-6 ildir ki, müalicə alırlar. Sonuncu dəfə, bu il iyulun 14-də Ərdəbil şəhərində olub. İran gömrüyündə gördüklərindən belə bəhs edir:
İran gömrüyündə...
«Hər gün minlərlə azərbaycanlı tibbi xidmət, alver və turizm məqsədilə İran İslam Respublikasına (İİR) gedir. Mən də bu yaxınlarda İranda oldum. İİR-nin Astara sərhəd-gömrüyündə bir neçə yüz insanın saatlarla gözləməyə məcbur qaldıqlarını gördük. Məntəqədə, pasport nəzarət pəncərəsi beş dənə olduğu halda, onun ikisi işləyirdi. Onlar insanların qan-tər içində vurnuxmalarına, ürəyi gedən xəstə və qocalara laqeyd şəkildə baxırdılar. Üstəlik, söz də atırdılar. Əlbəttə, isti və darısqal bir məkanda yüzlərlə insanın səbri çatmadığından əsəbləri dözmür və acıqlarını, necə deyərlər, bir-birinin üstünə tökürdülər...».
Onun fikrincə, Azərbaycan vətəndaşlarının ağır durumda olan İrana getməsi bütün hallarda qonşu ölkəyə dəstəkdir: «Biz onlara xeyir veririk. Azərbaycan vətəndaşları orada milyonlarla pul xərcləyir, bazarlarını canlandırırlar... Haqsızlığa etiraz edəndə də geri qaytarmaqla hədələyirlər. Axı niyə?».
«Sayıb gördüm ki, 700 minin əvəzinə 290 min tümən verib»
İ.Rəhimzadənin deməsinə görə, üstəlik, İranda onları aldadıblar: «Xəstə həyat yoldaşımla min bir əziyyətlə sərhəd-gömrük məntəqəsini keçib qardaş ölkəyə qədəm qoyan kimi pul dəyişən dəllallar qarşımızı kəsdilər. Fikrim Azərbaycan manatını bankda dəyişmək idi. Allaha and içməklə məni yoldan çıxartdılar. 100 manat dəyişmək qərarına gəldim. Pul dəyişən 100 manata 700 min İran tüməni verəcəyini dedi. Pulu alıb saymadan cibimə qoydum. Ərdəbil şəhərinə gedən taksiyə oturduqdan sonra səfər yoldaşlarımdan biri məsləhət gördü ki, pulu sayım. Sayıb gördüm ki, 700 minin əvəzinə 290 min tümən verib. Geri qayıtdım, amma həmin adam artıq yoxa çıxmışdı. Bayaqdan Allahdan, qardaşlıqdan danışan dəllallardan həmin adamı soruşsam da, «oğru həmrəyliyi qanunu» işi düşdü. Nə qədər axtarsam da, yaxınlıqda bir polis tapa bilmədim. Xeyli aralıda- küçədə bir polis görüb yaxınlaşsam da, polisin özümü tutub saxlamadığına görə sevinməli oldum...».
Onun fikrincə, İran gömrüyündə Azərbaycan vətəndaşlarına olan münasibət dəyişməlidir: «Getdiyim ölkə məni oğrudan qorumağa borcludur. Biz İranla həm də dostuq, qardaşıq, dinimiz birdir. Rəsmi bəyanatlar nə qədər siyasi xarakter daşısa da, insani münasibətlər real həyatda da öz əksini tapmalıdır».
«Ərdəbil imamının yanında oldum»
İran gömrüyündən şikayət edən tək İ.Rəhimzadə deyil. Adının çəkilməsini istəməyən bir Astara sakininin dediyinə görə, İran gömrüyündə bir məmurun Azərbaycan vətəndaşlarına olan münasibəti onu hiddətə gətirib: «Bununla bağlı Ərdəbil imamının yanında oldum. Ona şikayət etdim. Sonradan öyrəndim ki, həmin gömrük məmurunu oradan uzaqlaşdırıblar».
Hələlik, bütün bu şikayətlərə İranın Azərbaycandakı səfirliyindən və bu ölkənin aidiyyəti qurumlarından münasibət almaq mümkün olmayıb. Lakin, bir qayda olaraq, İran rəsmiləri bu ölkəyə gələn Azərbaycan vətəndaşlarına mehriban münasibətdən bəhs edirlər.
Xatırlatma
İran 2010-cu il fevralın 1-dən Azərbaycanla vizanı birtərəfli qaydada ləğv edib. İrana səfər edən xarici ölkə vətəndaşların pasportuna sərhəd-keçid məntəqəsində möhür vurulmur.
Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.8 faiz artaraq 2 mln. 540.9 min nəfərə çatıb. Onların 39.1 faizi İrana gedib. Bu dövrdə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 71.4 faiz artıb.
Ekspertlər son bir ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayının kəskin artmasını heç də təsadüf saymırlar. Onların deməsinə görə, İrana ABŞ-ın tətbiq etdiyi sanksiyalar bu ölkənin milli valyutasının kəskin ucuzlaşmasına səbəb olub. Onların fikrincə, nəticədə Azərbaycan vətəndaşlarından bu ölkəyə alış-verişə gedənlərin sayı artıb.