Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:08

İranda iki azərbaycanlı fəala hökm oxunub


İ.Nuri və C.Rüstəmi
İ.Nuri və C.Rüstəmi

İranda məhkəmə iki azərbaycanlı fəal – İbrahim Nuri Cəfər Rüstəmi barəsində hökm çıxarıb. Onlar həbs cəzası almaqla yanaşı, sürgün olunacaqlar.

Bu haqda AzadlıqRadiosuna İ.Nurinin qardaşı Fərəc Nuri məlumat verib. Onun qardaşı ilə bağlı hökm dekabrın 24-də, C.Rüstəmi ilə bağlı dekabrın 21-də çıxarılıb.

26 yaşlı və hüquq fakültəsinin məzunu olan İ.Nuri 18 ay müddətinə azadlıqdan məhrum edilib. İki il Əfqanıstan sərhədinə yaxın Nəhbəndan şəhərinə sürgün olunacaq.

32 yaşlı C.Rüstəmi isə 6 ay həbs cəzası alıb.

Onların hər ikisinin də siyasi və mədəni qurumlarda, mitinqlərdə iştirak etmək, eləcə də mediada çıxış etmək hüququ yasaqlanıb.

Azərbaycanlı fəallar bu il Babək qalasına yürüş etmək istədiklərinə görə cəzalandırılıblar. Hər ikisi də İran dövlətinin əleyhinə təbliğatda, bölücülük aparmaqda suçlanırlar.

«Amnesty International» təşkilatı İ.Nurini vicdan məhbusu elan edib. Eləcə də qurum Babək qalasına yürüşlə bağlı saxlanılanların hamısının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Həmin vaxt çox sayda azərbaycanlı fəal barəsində məhkəmə hökmü çıxarıldığı bildirilir.

İranda məhkəmə milli fəallardan Abbas Lisani barəsində də hökm çıxarıb. Bu haqda ona dekabrın 22-də SMS vasitəsilə xəbər göndərilib. Amma hökmün məzmunu haqda ona məlumat verilməyib.

İranda milli azlıq olan türklər hər il Babək qalasına yürüş edir, orda milli hüquqlarının təmin olunması yönündə bir sıra tələblər səsləndirirlər. Bu tələblər əksər hallarda ana dilində təhsillə, türklərə qarşı diskriminasiya siyasəti ilə bağlı olur.

XS
SM
MD
LG