Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

'İrandan gəlib Astarada ev, torpaq alanlar var'


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi

Dünən, fevralın 20-si Astara keçid məntəqəsinin önündə həmişəki qələbəlik yaşanırdı. İrana gedənlərin arası kəsilmirdi. Oradan qayıdanların isə əllərində müxtəlif yüklər vardı. Sərhədyanı ticarətlə məşğul olanlar deyir ki, Astara keçid məntəqəsi sutkada 24 saat işləyir:

«Hətta İrandan gələn koronavirus xəbərləri...»

«Gecə-gündüz yolda hərəkət müşahidə olunur. Hətta İrandan gələn koronavirus xəbərləri də (son günlər İranda yeni koronavirusdan bir neçə nəfərin öldüyü deyilir-red.) gediş-gəlişə mane olmayıb. İrana bazarlığa, müalicəyə, ziyarətə gedənlər var».

İrandan qayıdan Vüqar adlı bir Azərbaycan vətəndaşı deyib ki, orada bazarlıq etmək sərfəlidir:


«Amerika dolları, manatımız orda bahadır. Buna görə oradan nə alsaq, sərf edir. Eyni ölçüdə olan xalça burda 350 manatdır, İranda isə 150 manata satırlar. Sərf edir. İran tərəfi ərzaq məhsullarını buraxmır. Tutaq ki, 2 kiloqram düyü gətirirsən, ona dəymirlər...».

«Ciddi yoxlayırlar»

Həmin şəxsin sözlərinə görə, virusla bağlı həm İran, həm də Azərbaycan gömrüyündə yoxlamalar aparılır: «Qızdırmanı yoxlayırlar. Ciddi yoxlayırlar. Kimdən şübhələnirlər, aparırlar xüsusi otaqlara, təzədən orada yoxlayırlar. İran Astarasının «Rus bazarı»nda oldum. Oraya İranın bütün bölgələrindən adamlar gəlir. Virusla bağlı narahatlıq gördüm...».

Yük maşınlarının növbəsi
Yük maşınlarının növbəsi

Gömrük məntəqəsinin ətrafında yüzlərlə minik və yük maşınları dayanmışdı. Bakıya işləyən taksilər daha çoxdur. Bir taksi sürücüsü deyib ki, son günlər Azərbaycana gələn iranlıların sayı artıb:

«İmkanı olanlar Bakıda ev alırlar»

«Elə olur ki, bir nəfər maşının pulunu ödəyir, deyir, sür Bakıya. Adambaşına 10-15 manat alırıq. Qarşıdan Novruz bayramı gəlir (20-21 mart), müsafirlərin də sayı artacaq. Öz ölkələrindən narazılıq edirlər. İmkanı olanlar Bakıda ev alırlar. Elə İrandan gəlib Astara rayonunda ev, torpaq alanlar var. Elə bil, ölkədən qaçırlar. Öz aralarında yeni xəstəlikdən, ölənlərdən danışırdılar. Narahat idilər...».

Artıq bir aya yaxındır ki, Astara keçid məntəqəsinin önündə İrana keçmək istəyən, Rusiyaya məxsus yük maşınların böyük növbəsi yaranıb. Rusiyaya məxsus yük maşının sürücüsünün bildirməsinə görə, növbə kilometrlərlə uzanır:

«Sizdə cərimələr böyükdür»

«Bu virus məsələsi işimizi pozub. Biz Monqolustandan ət, Çindən tərəvəz məhsulları daşıyırdıq. O tərəflərə getməkdən qorxuruq. İrana üz tutmuşuq. Burda bizə məlumat verdilər ki, İranda da həmin virusdan ölənlər var. Çaşıb qalmışıq. Düzdür, biz İrana keçəndə hər iki gömrükdə bizi yoxlayırlar. Hara gedək? Ailəmizi dolandırmaq məcburiyyətindəyik. Dövlət bizdən böyük məbləğdə rüsum tələb edir. Maşınlarımızı Azərbaycanda böyük məbləğdə cərimə edirlər. Elə maşınlar var ki, cərimələri 500 manata çatır. Sizdə cərimələr böyükdür. Başa düşmürük ki, bu cəriməni nəyə görə edirlər? Maşınlar İrana keçdikcə, yenisi gəlir. İran və Azərbaycan maşınları növbəyə durmurlar. Birbaşa keçirlər».

Astara sərhəd-keçid məntəqəsində yük maşınlarının uzun növbəsi yaranıb
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, keçid məntəqələrində koronavirusla bağlı bütün tədbirlər görülüb: «Koronavirusla bağlı bütün tədbirlər görülüb. Hətta maskalar da verilib. İnsanlar ciddi şəkildə yoxlanılırlar».

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının 2 mini ötdüyü bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Azərbaycan Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlarda yeni virusun daşıyıcısı aşkarlanmayıb.

İran İslam Respublikasında isə 13 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb. İranda son günlər həmin virusdan 4 nəfərin öldüyü vurğulanır.

XS
SM
MD
LG