Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:52

İsveçlilər niyə puldan danışmağı sevmir


Stokholm
Stokholm

"Stokholmun Östermalm adlı ən zəngin içərişəhər məhəlləsində yaxtalar və üzən barları, yaxınlıqdakı Strandvegen bulvarı boyunca isə şəhərin ən bahalı evlərini, ən eksklüziv butik və restoranlarını görə bilərik. XVIII əsrə aid binalarda dəbdəbəli ofislər və yalnız özəl üzvlərə xidmət edən barlar yerləşir. Bu ərazidə dizayner eynəkləri taxıb günəşin altında gəzən çox sayda insan görmək olar. Ancaq onların heç biri sərvətdən danışmaq istəməyəcək", – BBC yazır.

"Mən sizə nə qədər qazandığımı deməyəcəyəm. Niyə də deməliyəm?" – marketinq sahəsində çalışan 30-yaşlı Robert Ingemarsson deyir. O əlavə edir ki, pulunu səhmlərə yatırmağı xoşlayır.

24-yaşlı Victor Hesse bir böyük İsveç şirkətinin beynəlxalq insan resursları proqramında işləyir. Maaşını soruşanda isə, "bu məxfidir" deyə cavab verir.

Uçurum dərinləşsə də...

İsveçdən danışarkən ağla gələn ilk şey sosial demokratiya, yüksək vergilər və gəlir qeyri-bərabərliyinin dünya standartlarına nəzərən az olmasıdır. BBC yazır ki, bu stereotip əsassız olmasa da, varlılarla kasıblar arasındakı uçurum 1990-cı illərdən bəri davamlı böyüməkdədir. Hazırda əhalinin ən zəngin 20%-i ən yoxsul 20%-dən dörd dəfə çox qazanır.

Bir çox ölkələrdə yüksək gəlirlə fəxr edirlər. İsveçdə isə puldan danışmağı sevmirlər. Bunun dərin kökləri var.

"Məndə belə bir hiss var ki, [sərvətimdən danışsam] lovğalanmış olacağam, mənsə bunu istəməzdim", – BBC-nin müsahibə almaq istədiyi bir nəfər göndərdiyi cavab mesajında yazıb.

Bəs görəsən, niyə Stokholmda heç kim öz sərvəti ilə qürur duymur?

İsveç mədəniyyəti haqda yazan Lola Akinmade Åkerström 10 ildir ki, bu ölkədə yaşayır. O deyir ki, İsveçdə pul "çox narahat" mövzudur. Yad adamla sərvətindən, hətta ortabab maaşından danışmaq o qədər ciddi tabudur ki, əksər isveçlilər "seksdən, yaxud bədən fəaliyyətindən danışarkən özlərini daha rahat hiss edirlər".

28-yaşlı isveçli jurnalist Stina Dahlgren bir neçə il ABŞ-da yaşayıb. "ABŞ-da sən çox pul qazandığını deyəndə insanlar səni alqışlayır və "halal olsun, afərin" deyir. Burada, İsveçdə isə yaxşı maaş aldığını desən, sənə qəribə baxacaqlar. Məvacib, pul haqda soruşmaq olmaz", - o deyir.

Yante qanunları

Bu tabu, əsasən, "yantelaqen" (Jantelagen) adlı dərin kökləri olan norma ilə bağlıdır. Bu normaya görə, insan heç vaxt başqalarından daha yaxşı olduğunu düşünməməlidir.

Åkerström deyir ki, yantelaqen İsveçdə və Skandinaviyanın çox yerində mövcud olan yazılmamış qanundur. O, özünün "Laqom: isveçlilərin keyfiyyətli həyat sirri" (Lagom: The Swedish Secret of Living Well) adlı kitabında bu mövzunu da araşdırır.

Yantelaqen dilimizə "Yante qanunları" kimi tərcümə olunur. Yante norveçli müəllif Aksel Sandemose-nin 1933-cü ildə yazdığı bədii kitabda adıçəkilən qanunlara tabe olan kəndin adıdır.

Qlazqo Universitetində çalışan norveçli alim Stephen Trotter-sə deyir ki, Skandinaviyada, xüsusən də kənd yerlərində bu ənənə əsrlərlə mövcud olub.

"Yantelaqen sosial nəzarət mexanizmidir. O, sadəcə, sərvətlə bağlı deyil, həm də özünü əslində olduğundan daha bilikli, olduğun vəziyyətdən daha yüksəkdə göstərməmək deməkdir", – o deyir.

Məqalədə deyilir ki, Avstraliya və Yeni Zelandiyada da buna bənzər ənənə var. Bu ölkələrdə məşhur olan "hündür lalə sindromu" (tall poppy syndrome) ifadəsindən öz sərvəti və status ilə öyünənləri qınamaq üçün istifadə olunur.

XS
SM
MD
LG