Bakı sakini Qismət Qasımov deyir ki, karantin dövründə bayıra çıxmağa icazə üçün azı 15 dəfə sms göndərib. O deyir ki, bunların ən çoxu səhiyyə xidməti üçün olub.
Azərbaycanda karantin dövründə SMS-lər üçün vəsait dövlət büdcəsindən ödənilir.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzadlıqRadiosuna bildirib:
“Mən sizə rəqəm deyə bilmərəm, amma onu deyə bilərəm ki, vətəndaşlar tərəfindən icazə almaq üçün göndərilən SMS-lərə görə dövlət ödənişi öz üzərinə götürüb”.
İbrahim Məmmədov bu məqsədlə nə qədər vəsait ayrıldığını deməyib.
Altı il əvvəl, 2014-cü ildə AzadlıqRadiosu-nun və OCCRP-nin, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin bir araşdırması iddia edirdi ki, o zaman Azərbaycanda telekommunikasiya bazarının 70 faizinə hakim elitaya yaxın şirkətlər nəzarət edir. Həmin vaxt Rabitə Nazirliyi AzadlıqRadiosunun şirkətlərin əsl sahibi barədə sualını cavabsız qoymuşdu.
Əgər bu şirkətlər gerçəkdən də hakim elitaya bağlıdırsa, faktiki olaraq, vətəndaşlara xidmət üçün dövlət büdcəsindən hakim elitanın şirkətlərinə pul köçürülür.
Azərbaycanda üç özəl mobil operator var - Azercell, Bakcell və Narmobile.
AzadliqRadiosu bu şirkətlərin də mövqeyini dərc etməyə hazırdır.
İqtisadi təhlilçi Toğrul Vəliyev deyir ki, Azərbaycan hökuməti SMS-lə bağlı Yunanıstan təcrübəsindən istifadə edib, həm də ona görə ki, SMS bütün vətəndaşlar üçün çatımlı və rahatdır.
Bununla belə, Toğrul Vəliyev əlavə edir ki, hökumət koronavirusla mübarizə üçün ayrılan vəsaitlə bağlı şəffaf olmalıdır:
“Bununla bağlı Maliyə Nazirliyi öz saytında məlumat yerləşdirə və bildirə bilərdi ki, xərclər hansı istiqamətdədir. İndiki halda, baxmayaraq ki, koronavirusla mübarizə fondu elan edib ki, xərclərlə bağlı ayda iki dəfə hesabat verəcək, hələ də hesabat verməyib”.
Beynəlxalq Şəffaflıq Təşkilatının 2019-cu il hesabatına görə, Azərbaycan korrupsiya göstəricisinə görə 180 ölkə arasında 126-cıdır.
Dövlət büdcəsinin vəsaitlərinin müxtəlif adlar altında hakim elitaya məxsus şirkətlərə ötürülməsi barədə iddialar vaxtaşırı səslənsə də, rəsmilər və hakim partiyanın təmsilçiləri bir qayda olaraq belə iddiaları rədd edir, xüsusilə son aylar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin sərtləşdirildiyini deyirlər.