Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

'İlahiyyat məscidi' QMİ-yə verildi


'İlahiyyat məscidi'.
'İlahiyyat məscidi'.

“Uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş "İlahiyyat məscidi"nin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında belə yazılır.

QMİ qeyd edir ki, məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi, Tədris Mərkəzinin inşası nəzərdə tutulur.

Buna da bax:​ 1500 məscid imam və axundsuz fəaliyyət göstərir

“Mərkəzin tikilməsində məqsəd ölkədə dini təhsil alan tələbələrə tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsini təmin etməkdir”, - məlumatda vurğulanır.

İdarə hesab edir ki, tədris mərkəzinin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq.

QMİ bildirir ki, hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür:

“Bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir”.

Buna da bax:​ Mübariz Qurbanlı məscidlərdə «süni sıxlıqdan» danışır

Bu günlər "İlahiyyat məscidi" icmasının üzvləri onların fəaliyyətinin dayandırılacağı haqqında narahatlıqlarını bildirmişdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bu deyilənləri təkzib etmişdi.

Ancaq "İlahiyyat məscidi" icmasının rəhbərliyi isə bu məsələyə münasibət bildirmək istəməyib.

“Mən QMİ-nin yaydığı açıqlamadan artıq hər hansı şərh verə bilmərəm”, – deyə “İlahiyyat məscidi”nin imamı Ceyhun Rüstəmli AzadlıqRadiosu-na bildirib.

Buna da bax: Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'

Xatırlatma

“İlahiyyat məscidi” 1995-ci ildə tikilib. Məscidi Türkiyənin Diyanət Vəqfi inşa edib. Tikinti işlərinə 1 milyon dollardan çox vəsait xərcləndiyi bildirilir. Məscid Osmanlı memarlığı üslubundadır.

XS
SM
MD
LG