Astara rayonunun işıqsız, yolsuz və qazsız qalan Səkəşam kəndinin sakini Əfqan Əliyev AzadlıqRadiosuna onlarla bağlı «Azərişıq» ASC-nin verdiyi açıqlamadan narazı qaldıqlarını deyib. Onun sözlərinə görə, kəndin boşalmasının əsas səbəblərini aradan qaldırmaq əvəzinə bəhanə gətirirlər:
«Traktorla yol hamarlansa...»
«Söhbət yolun və işıq xəttinin yenidən çəkilməsindən getmir. Şüvi kəndindən buraya 3 kilometr yol var. Bu yol 30-cu illərdə salınıb. Yoldan «UAZ» markalı maşınlar keçə bilirlər. Əvvəllər normal gediş-gəliş olub. Sonralar yol diqqətdən kənarda qaldı. Baxımsızlıq üzündən bərbad hala düşdü. Sadəcə yolu bərpa etmək lazımdır. Traktorla yol hamarlansa, kifayət edər. İndi də uşaqlarımız məktəbə bu yolla gedirlər».
«Dövlətimizin imkanı var»
Ə.Əliyev elektrik xəttinin də bərpa edilməsini mümkün sayır: «Kənddə işıq olub.1996-cü ildə transformator xarab oldu, təmir üçün Səncərədi kəndinə apardılar. İndi də orda qalıb. Digər istiqamətdə 1 kilometr məsafədə Vəznəş kəndi var. Elektrik xətti oradan gəlirdi. Kənddə elektrik dirəkləri indi də qalıb. Xətti bərpa etmək mümkündür. Böyük bir xərc də istəmir. Dövlətimizin imkanı var».
O, kəndin boşaldılmasını düzgün saymır: «Sovet dövründə bu kənddə kolxoz olub. Varlı kənd hesab edilib. Kənddə çoxlu ailələr yaşayıb. Problemlər həll olunmadığına görə əhali 90-cı ilin əvvəllərində köçməyə başladı... İşıq və yol məsələsi həll olunsa, ailələrin çoxu öz kəndlərinə qayıdarlar. Əslində, kənd rayon mərkəzindən elə də uzaqda deyil. Dağlarda elə kəndlər var ki, 5-6 ailə yaşayır, işıqları var».
Rəsmilər nə deyir
Səkəşam kəndi Şüvi ərazi vahidinə daxildir. Şüvi kənd icra nümayəndəsi Əbülfət Qüdrətovun deməsinə görə, Səkəşam kəndinə elektrikin çəkilməsi nəzərdə tutulub: «Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş yeni proqramda Səkəşam kəndinə elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. Yol hazırda işləyir... Yayda yola əl gəzdiriləcək. Şübhəsiz ki, insanlar özlərinin dədə-baba yerlərinə qayıdacaqlar. Hərənin orada torpağı var. Hazırda orda 4 ailə yaşayır».
«Azərişıq»dan nə demişdilər
Bu günlər «Azərişıq» ASC-nin mətbuat xidmətindən həmin kəndin sakinlərinin illərdir elektrikin olmaması ilə bağlı şikayətlərinə belə münasibət bildirmişdilər: «Bizim bildiyimiz qədər, orada bir neçə ailə qalır. Yayda yaylaqda olurlar, qışda kəndə gəlirlər. Bizə deyilənə görə, 3 və ya 4 ailə orada qalır. Digər tərəfdən, ora yol yoxdur. Yol infrastrukturu qurulmalıdır ki, elektrik xətləri çəkilsin. Bunun üçün meşələrin bir hissəsi qırılmalıdır...».
ASC-dən bildiriblər ki, bu məsələ layihəyə salınmalıdır ki, öz həllini tapsın.
Xatırlatma
Hələ 2017-ci ildə Astara Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildirmişdilər ki, bu məsələ «Azərişıq» ASC-yə çatdırılıb. Amma icra hakimiyyəti də məsələnin birdəfəlik həllinin yubanmasını kənddə vur-tut 4-5 ailənin yaşamasını göstərməklə izah etmişdilər: «4-5 ailədən ötrü o boyda yol, işıq, qaz, su layihələri həyata keçirmək mümkün deyil. O sakinlərə yaxın kəndlərə köçürülmə təklifi olunub. Razılıq versələr, hökumət yerləşmələrinə hər cür şərait yaradacaq».