Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:28

Azərbaycan prezidenti Avstriyaya gedib


Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti elə səfərinin ilk günü, martın 28-də Vyanada Avstriya vitse-kansleriHeinz-Christian Strache (Haynts-Kristofer Ştraxe) ilə görüşüb.

Söhbət zamanı Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunulub.

Bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Martın 29-da isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian arasında Avstriya paytaxtı Vyanada görüş gözlənir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti martın 27-də bildirirdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzrə işlədiklərini deyirdilər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG