Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:40

İlham Əliyev: 'Dünyada bizə rəğbət var'


İ.Əliyev
İ.Əliyev

«Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışında belə deyib.

Prezident dəstək və rəğbətin ən bariz nümunəsi kimi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsini göstərib. Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayan İ.Əliyev bu dəstəyin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusilə nəzərə çarpdığını ifadə edib.

«Biz Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik. Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır», - deyən İ.Əliyev qondarma Dağlıq Qarabağ rejimini heç kimin tanımadığını, tanımayacağına əmin olduğunu vurğulayıb.

***Buna da bax-İ.Əliyev: 'Onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur'

Prezident daha sonra deyib: «Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur…».

İ.Əliyev and içir - 18 aprel 2018
İ.Əliyev and içir - 18 aprel 2018

Prezident bir çox hallarda beynəlxalq hüquq normalarının işləmədiyini, buna görə də Azərbaycanın ordu quruculuğuna önəm verdiyini ifadə edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən ərazilərinin boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. İndiyə kimi qətnamələr yerinə yetirilməyib.

***Buna da bax-Seçki bitdi: Yenə tutulan olacaq?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

«Korrupsiyaya qarşı mübarizə bundan sonra da aparılacaq»

Azərbaycanın intellektual məhsulun ixracatçısına çevrilməsindən danışan İ.Əliyev deyib ki, «ASAN xidmət» artıq başqa ölkələrdə tətbiq olunur. Azərbaycanın təcrübəsi öyrənilir. «ASAN xidmət»i ictimai xidmətlər sahəsində inqilab sayan prezident Azərbaycanda korrupsiyaya ilə mübarizənin davamlı olacağını qeyd edib.

«Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcək. «ASAN xidmət» onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk», - İ.Əliyev deyib.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İ.Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

Prezident bu tənqidləri qəbul etmir.

XS
SM
MD
LG