Bakıda səfərdə olan Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kalonna deyib ki, ölkəsi Azərbaycan tərəfdən birtərəfli qaydada atılan addımları qəbul etmir: "Bunu bəyan etmişik".
O həmçinin vurğulayıb ki, Laçın dəhlizinin açıq saxlanması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin bu yaxınlarda verdiyi qərarı yerinə yetirilməlidir: "Bütün bu addımlar etimadın yaradılmasını təmin edəcək".
K.Kalonna deyib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün şans var. O, vurğulayıb ki, münaqişə dinc yolla həll olmalıdır və bu davamlı sabit sülhə aparan yoldur.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov isə Ermənistanla sərhəddə dörd gün öncə sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bildirib ki, ölkəsi öz Konstitusiyasına uyğun olaraq bu addımı atıb: "Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, üç istiqamət üzrə-vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün Laçın yolu hər zaman açıqdır".
C.Bayramov Ermənistanla sülh danışıqlarına toxunaraq deyib ki, qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından etibarən tərəflər arasında fiziki görüşlər baş tutmur. Onun fikrincə, beynəlxalq partnyorların çoxsaylı təkid və çağırışlardan sonra yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.
Ermənistan rəsmiləri isə, öz növbələrində, Azərbaycanla sülh danışıqlarına həmişə hazır olduqlarını bəyan edirlər.
Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda ittiham edir. Beynəlxalq Ədalət Məhkəməsinin bu ilin fevralında verdiyi qərara görə isə, Azərbaycan Laçın dəhlizi üzərindən maneəsiz hərəkətin bərpası üçün əlində olan bütün imkanlardan istifadə etməlidir.
Azərbaycan prezidenti Fransa naziri ilə Ermənistanla münasibətlərdən danışıb
Prezident İlham Əliyev aprelin 27-də Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonnanı qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, prezident nazirə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı məlumat verib.
Prezident deyib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından və 44 günlük müharibənin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.
O vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır, Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirir.
Məlumata görə, prezident Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəsinin suveren hüququ və ərazi bütövlüyünün təmin olunmasının ifadəsi sayıb.
Xəbərə görə, K.Kolonna da bildirib ki, Fransa Cənubi Qafqaz regionunda sülhün, iqtisadi, sosial inkişafın mövcud olmasını istəyir.
Azərbaycan prezidentinin bu ittihamlarına, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma Ermənistanın rəsmi qurumları, bir qayda olaraq, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, Qarabağın "müdafiə ordusu" onlara aid deyil. Üstəlik, onlar vurğulayırlar ki, üçtərəfli bəyanatda Naxçıvana dəhlizin verilməsi nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilir. Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.