Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:22

'Brüsseldəki görüşlərdə pozitiv mesajlar verilir, sonra aləm dəyir bir-birinə'


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ev sahibliyi edir. 14 may 2023-cü il
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ev sahibliyi edir. 14 may 2023-cü il

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan ilə növbəti görüşü olub. 2021-ci ilin sonundan bəri bu formatda keçirilən beşinci görüşdən sonra Aİ Şurasının rəhbəri deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər: "1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq".

Onun sözlərinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.

Görüşlə bağlı Azərbaycan hökumətinin təmsilçiləri də razılıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbiti müstəsna əhəmiyyət kəsb edir.

R.Musabəyov
R.Musabəyov

"Moskva mövcuddur və onsuz da mümkün deyil"

Deputat Rasim Musabəyovun da mövzu ilə bağlı "Turan"a deməsinə görə, bütün bu proseslər göstərir ki, sülhə doğru səylər zəifləməyib, əksinə, güclənib: "Mən Brüsseldəki görüşü müsbət dəyərləndirirəm. Orada gözlənilirdi ki, Vaşinqtonda tərəflərin yaxınlaşma mövqeyi birinci şəxslər səviyyəsində təsdiqlənəcək. (Mayın əvvəllərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda dörd gün müzakirə aparıblar) Bu, baş verdi. Tərəflər elan etdilər ki, bir-birinin ərazi bütövlüyü Almatı deklarasiyasına uyğun şəkildə təmin olunmalıdır".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 19-da Moskvada gözlənən görüşü ilə bağlı isə R.Musabəyovun sözlərinə görə, Moskva, demək olar ki, oyundankənar bir vəziyyətdədir: "Ancaq hər bir halda Moskva mövcuddur və onsuz da mümkün deyil".

Z.Əlizadə
Z.Əlizadə

"...sərhədlər, demək olar ki, bəllidir"

Siyasi şərhçi Zərdüşt Əlizadənin AzadlıqRadiosuna deməsinə görə isə, ən böyük nəticə odur ki, görüş gerçəkləşib: "Şarl Miselin bəyanatında məni iki məqam çox sevindirdi. Biri odur ki, tərəflər delimitasiya işini ciddi müzakirə edəcəklərinə razılığa gəliblər. Əslində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra Azərbaycan ordusu Ermənistan tərəfdə tutduğu ərazidən çəkiləcək, amma bunun müqabilində Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələrini çıxarmalıdır. Bunlar təmin edilsə və anklavlar ən azından müzakirə edilməyə başlasa, sərhədlər, demək olar ki, bəllidir".

Ermənistan tərəfi dəfələrlə bəyan ediblər ki, onlar Qarabağ ərazisindən silahlı qüvvələrini tam çıxarıblar. Onların deməsinə görə, Qarabağın "müdafiə ordusu" onlara aid deyil. Üstəlik, hər iki tərəf müəyyən ərazilərinin hələ də işğalda qaldığını bildirir.

Paşinyan Əliyevlə görüşdən öncə açıqladı: Sülh sazişi ehtimalı azdır
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

"İkinci pozitiv məqam"

Z.Əlizadənin vurğulamasına görə, ikinci pozitiv məqam Ermənistanın Zəngəzur yolunun çəkilməsinə razılıq verməsidir: "Nəzərə alsaq ki, bu razılıq Brüsseldə verilib, yolun çəkilməsinin maliyyə tərəfini Avropa İttifaqı öz üzərinə götürəcək".

Moskva görüşünə gəlincə, Z.Əlizadə deyib ki, Azərbaycan Rusiyanın mövqeyini bir daha eşidəcək: "Amma bu o demək deyil ki, həm Mirzoyanın, həm Bayramovun (Ermənistan və Azərbaycanın xarici işlər nazirləri) orada öz iradəsini diktə etməyə imkanı yoxdur. Var. Görüşmək lazımdır".

"...sonra aləm dəyir bir-birinə"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə prosesdə ciddi müsbət irəliləyiş gözləmədiyini deyir. Onun sözlərinə görə, problemin kökü hələ də Rusiyanın bu bölgədə güclü olmasındadır: "Brüsseldəki görüşlərdə pozitiv mesajlar verilir, amma qayıdandan sonra aləm dəyir bir-birinə. Yenə kimsə Moskvaya gedir, Putin kiməsə zəng edir və bütün müsbət mesajlar sıfırlanır, problemlər yaşanır".

A.Qasımlı
A.Qasımlı

Ekspert hesab edir ki, burada iki variant var: "Variantlardan biri odur ki, Rusiya bu bölgədə zəifləməlidir və buranı tərk etməlidir, danışıqlarda isə Qərb motivator rolu oynamamalı, öz nüfuzunu, gücünü göstərməlidir. O biri variant isə odur ki, hər iki tərəf Rusiyadan ayrılmalıdır, yəni Rusiyanı bölgədən çıxartmaq üçün hansısa ortaq məxrəcə gəlməlidir".

A.Qasımlının fikrincə, tərəflər, hələlik, ortaq məxrəcə gələ bilməyəcək: "Çünki Əliyev iqtidarı Rusiyadan müəyyən mənada asılıdır. Bu, həm avtoritar rejimini qurduğuna görədir, həm də Rusiyanın hərbi kontingenti Qarabağdadır və Əliyev bu riski edə bilmir. Azərbaycan da bunu edə bilməyəndə Ermənistan da bunu edə bilmir…".

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Tərəflər arasında bu formatda son görüş ötən ilin avqustunda gerçəkləşmişdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ermənistan da, öz növbəsində, bəzi kəndlərinin işğal edildiyini deyirdi.

XS
SM
MD
LG